İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi hava qüvvələrimiz ən güclülər sırasında - F-16-lar...

3847 11.08.2023 09:51 Gündəm A A

“Global Firepower” araşdırma şirkəti 2023-cü il üçün dünyanın ən güclü hərbi hava qüvvələrinin siyahısını açıqlayıb

Azərbaycan və Türkiyə hərbi hava qüvvələri dünyanın ən güclüləri sırasındadır. “Trend”in TurkicWorld-ə istinadən məlumatına görə, “Global Firepower” araşdırma şirkəti 2023-cü il üçün dünyanın ən güclü hərbi hava qüvvələrinin siyahısını açıqlayıb.

Dünyanın ən güclü hərbi hava qüvvələrinin siyahısı müəyyən edilərkən ölkələrin təyyarələrinin sayı, istifadə olunan təyyarələrin xüsusiyyətləri, pilotların və hərbçlərin sayı kimi bir çox amillər nəzərə alınıb.
Azərbaycan və Türkiyə 2023-cü il dünyanın ən güclü hərbi hava qüvvələri siyahısında yer almaları ilə diqqət çəkib. Şirkətin hazırladığı 2023-cü il üçün dünyanın ən güclü hərbi hava qüvvələri siyahısında Azərbaycan və Türkiyə bir çox ölkəni geridə qoymağı bacarıb. Beləliklə, Azərbaycan siyahıda 57, Türkiyə isə 9-cu yerdə qərarlaşıb.

Son Ukrayna müharibəsi də göstərdi ki, səmada üstünlük müasir savaşlarda ən həlledici məsələlərdən biridir. Daha müasir təyyarələrin alınması üçün nələr etmək lazımdır və sairə.
Hərbi ekspert Emin Həsənli iki qardaş ölkənin sıralamadakı yerinin çox qürurverici olduğunu söylədi: “Əsrlər ərzində dünya hərb tarixində ilkin olaraq quru qoşunlarına baxanda bu qoşun növü hər zaman öndə olub. Əvvəl süvarilər, daha sonra artilleriya əlavə olundu, orta əsrlərdən etibarən isə dəniz qüvvələri daha çox önə çıxmağa başladı. Osmanlı imperiyası, Britaniya Krallığı xüsusilə dəniz qüvvələrinə daha çox önəm verirdi. XX əsrdən isə başlayaraq hərbi hava qüvvələri daha çox önəm almağa başladı. Hətta Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk ”təhlükəsizlik azadlığı göylərdədir" fikirlərini irəli sürərək ölkəsində Hava Qüvvələri Qurumunu 1925-ci ildə qurdu. O zaman Türkiyə təyyarə istehsal edirdi. Təəssüflər olsun ki, NATO üzvü olandan sonra Amerikanın təklifi ilə müxtəlif vasitələrlə türklər təyyarə istehsalını dayandırdılar. Bunu da zaman sübut etdi ki, ən səhv qərarlardan biri verilib. Son dövrlərdə Türkiyənin hərbi hava qüvvələri güclənib. Milli təyyarə istehsalına başlanılıb. Yaxınlarda artıq yeni nəsil hərbi təyyarələr istehsal edəcəklər. Pilotsuz uçuş aparatlarında da öndədirlər. Türkiyə iqtisadiyyatına böyük yatırımlar edilir. Səudiyyə Ərəbistanı bilirsiniz ki, 3 milyard yatırım etdi. “Bayraktar”lar Qarabağ və Ukrayna savaşlarında böyük nüfuz qazandılar. Hava hücumundan müdafiə sistemi dünyada çox önəmlidir. Amerika, Rusiya, İsrail, Britaniya və digər önəmli güclər buna çox böyük önəm verirlər. Hətta uzun müddətdir ki, Amerika və Rusiya arasında hava hücumundan müdafiə sistemləri uğrunda da savaş gedir. ABŞ uzun zamandır F-35-lərin istehsalı ilə məşğuldur. F-16-lardan bunlar daha önəmli olacaq. Rusiya isə SU-57-lərin istehsalına ciddi önəm verir. Bu baxımdan Hərbi Hava Qüvvələrinin güclü olması çox önəmlidir. Düzdür, bir əraziyə ki, sənin əsgərinin ayağı dəymirsə, o ərazi sənin deyil. Amma əsgərinin ayağının dəyməsi, quru qoşunlarının getməsi üçün də hərbi hava qüvvələri, artilleriya çox önəmlidir. Peşəkar ordunun, ümumiyyətlə, elementlərinin hər biri əhəmiyyətlidir. Biz bu sıralamada kəşfiyyat qüvvələrinin, xüsusi təyinatlıların rolunu xüsusi olaraq qeyd etməliyik. Azərbaycan “şahinləri”nin yetişməsinə xüsusi önəm verib. Özünün Ali Hərbi Məktəbi var. Dənizçilik, Təyyarəçilik, Quru Qoşunları və.s kimi məktəblər mövcuddur. Şahinlərin buraxılışında Ulu Öndər Heydər Əliyev demişdi ki, azərbaycanlılar bütün peşələri uğurla yerinə yetirməyə qadirdilər. Keçən zaman da bunu sübut etdi ki, azərbaycanlılar hər bir peşənin öhdəsindən layiqincə gəlirlər".

Emin Həsənli: “Bu görüşlər qardaşlığımızın təməlinini daha da  möhkəmləndirir”

Emin Həsənli 


Hərbi ekspert ordu üçün əsas testin müharibə olduğunu da vurğuladı: “Azərbaycanın ”şahinləri" var və o “şahinlər” korpusu daha da güclənəcək. Müstəqilliyimizin ilk illərində milli şahinlərimiz yox səviyyəsində idi. Təəssüf ki, sovetlər dönəmində azərbaycanlıların bu peşəyə yiyələnməsinə mane olunurdu. Düzdür, sovet dönəmində şahinlərimiz olub. Hətta II Dünya müharibəsində böyük qəhrəmanlıqlar göstəriblər. SSRİ dövründəki peşəkar, qəhrəman, vətənpərvər şahinlərimizi unutmuruq. Ancaq müstəqillik dönəmində bu işə daha çox xüsusi önəm verildi. Bu gün hərbi hava qüvvələrimiz həddindən artıq güclüdür. 2016-cı ilin Aprel döyüşləri, ardınca da 44 günlük Vətən müharibəsində bu qüvvələrimiz özlərini bir daha sübut etdilər. Zəfər, Qarabağ ordenləri alan şahinlərimiz az deyil. Azərbaycan Hərbi Hava Qüvvələrinin güclənməsi, müasir təyyarələrimizin olması üçün hər şey edir. Müasir hərbi aerodromlarımız var. Son dövrlərdə kadrların yetişməsi üçün Ali Baş Komandan cənab İlham Əliyev öz tapşırıqlarını verib. Ordumuzun türk modelinə keçməsi üçün xeyli işlər görülür. Bu məsələ dövlət başçımızın birbaşa diqqətindədir. Həm Türkiyədə, həm də Azərbaycanda ordu növləri üzrə təlimlər keçirilir. Bu təlimlər də çox önəmlidir. Dünyada ordumuzun sıralamadakı yeri, gücü çox qürurvericidir. Hərbi sahədə Azərbaycan və Türkiyə çox uzun yol qət edib. Qarşıya qoyulan tapşırıqlar çox uğurla icra edilir. Ən böyük test müharibədir. Biz bu testdən 44 günlük Vətən müharibəsində ordumuz olaraq şərəflə çıxdıq. Silahlı
Qüvvələrimizlə fəxr edirik. Qardaş Türkiyənin Suriya, Afrika və digər bir sıra yerlərdəki fəaliyyəti əsas verir ki, güclü orduya sahib Türkiyə var. Eyni zamanda qardaş ölkə güclü hərbi hava qüvvələrinə malikdir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR