İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hər şey Quql-da var” və ya III Msvatinin yoxa çıxmış Svazilendi

1561 26.06.2022 12:29 Yazarlar A A

 

İndiki gənclərə (çoxuna) kitab oxutdurmaq olmur, nə deyirsən, deyirlər, Quqlda var dəə. Dirəşirlər.

Bir tərəfə baxanda düz deyirlər. Quql deyilən yerdə hər şey var. Quql ucu-bucağı görünməyən kitabxanadır. Yüz milyon kvadratmetrlik sərgi salonudur, şəkil qalerayasıdır Quql. Quql ensiklopediyadır, başdan-başa vikipediyadır. Yetər ki, doğru-dürüst axtarasan, hər cür bilgi taparsan Quqlda.

İndi Çingiz xanın, Napoleonun, Leninin, Atatürkün həyatlarına, mübarizələrinə aid epizodları yadda saxlamağa, hətta doğum və ölüm tarixlərini əzbərdən bilməyə ehtiyac yoxdur, Quql-da var. Mobil telefonun varsa, internetin var, internetin varsa, Quql da əlinin altındadır.

Hərçənd Türkiyədə belə bir adət var, biri kafeyə-filana girib “vay-fay” soruşanda və onun parolunu almaq istəyəndə qısaca deyirlər: “Mustafa Kamal paşanın doğum və vəfat tarixi”. Qardaş ölkədə bunu bilməyən azdır, bilməyənlər də məcbur qalıb, öyrənirlər. Əslində asan tarixlərdir: 1881-1938. Biləndən sonra yazırsan, Quqla da girirsən, İnstaqrama da, Tik-tok-a da.

Quql olan yerdə uzun mübahisə olmaz. Gözəlim saytdakı bilgilər 4-5 saniyədən sonra həqiqəti ortaya qoyur. Amma biz Quqlsiz illərdə əziyyət çəkirdik. Bir dəfə tələbə yoldaşlarımızla oturub söhbət edirdik, birdən söhbət hind filmində şəlalənin altında “Hatuba” mahnısı oxuya-oxuya çimən aktirasadan düşdü. Mübahisə yarandı. Biri dedi, oxuyan qız Zinət Amandır, o biri dedi, yox, Xema Malinidir. Axırda tərəflər şampan şərabından mərc gəldilər. Məcbur qaldıq, məsələni ayırd etmək üçün 5-6 nəfər kinoteatra getdik, bilet aldıq, baxdığımız filmə təkrar baxdıq, gördük, Xema Malini həmin filmdə çəkilib, amma “Hatuba”nı Zinət Aman oxuyur. Şampanımızı alıb gəldik. Udan ilk badəni Zinət Amanın şərəfinə qaldırdı, uduzan nəyə görəsə Dharmendranı söydü. Halbuki Dharmendranın bu işdə yeganə günahı o idi ki, Xema Malininin əri ola-ola “Əlibaba və 40 quldur” filmində Zinət Amanla tərəf-müqabil olmuşdu.

İndi belə şeyləri bir dəqiqənin içində öyrənmək olur, biz isə o boyda xərc çəkdik (taksi pulu, bilet pulu, şampan pulu).

Bu yaxınlarda bir qəribə şey də oldu. İnteraktiv xəritədə Afrikanın aşağısına, CAR tərəfə baxırdım. Birdən gözümə sataşdı ki, Svazilend adlı dövlət xəritədə yoxdur. Booy! Necə ola bilər? Burada olmalıydı axı. Bax, CAR var, Zambiya var, Lesoto var, Esvatini, Mozambik, Botsvana var, amma Svazilend yoxdur. Əcəba, bəs bu krallığın ildə bir arvad alan və artıq sarayında 15-1 arvad saxlayan kralı III Msvati necə oldu?

Yeri getməmişkən, “15-1 arvad” məsələsinə aydınlıq gətirim. Məsələ belədir, III Msvatinın başı ildə bir dəfə keçirilən və hər dəfə 70 minə yaxın yarıçılpaq gənc qızın (“70 min incəbel yarım olaydı” məsələsi) iştirak etdiyi festivalda 11-ci arvadını seçməyə qarışan vaxt kralın 8-ci arvadı Ntando Dube ədliyyə naziri ilə him-cimləşərək kralın papağını yerə soxub və işin üstü açılıb. Xanım Dubeni ev dustağı ediblər, ədliyyə naziri Ndumisi Mambonu isə süysünləyib qoyublar içəri. Eşq məhbusudur adam.

Bax, necə ola bilər ki, belə bir maraqlı ölkə xəritədən yoxa çıxsın? Əlavə bilgilər almaq üçün balkona çıxıb siqaret çəkməyə ehtiyac yox idi. Quql! “Svazilend” yazdım, 3-4 saniyədən sonra material açıldı: “Svazilend (Esvatini)”. Vəssalam. Heç demə, 2018-ci ildə III Msvati arvad almaqdan başı ayazıyanda götürüb ölkənin gül kimi adını dəyişdirib, öz adına uyğunlaşdırıb: Msvati-Esvatini.

Beləcə, hansı lazımlı, lazımsız bilgini axtarırsansa, Quql-da tapırsan, dəryadır. Amma gərək bu dəryada yaxşı üzəsən, bilgi bolluğunda batıb getməyəsən.

Ona görə də kitab oxumaq istəməyən, hər cür biliyin, məlumatın Quql-da olduğunu deyən gənclərə hərdən deyirəm, yaxşı, bir halda ki, hər şey Quql-da var, heç olmasa, ona girib, bir şey oxuyursunuzmu?

Məlum olur ki, nə Sezardan xəbərləri var, nə Napoleondan, nə də Cüzeppe Qarribaldidən. Heç III Msvatini də tanımırlar. Halbuki adam o boyda kraldır və barəsində Quql-da yazılar var.

İşin pis tərəfi odur ki, kitabdan qaçaq olanlar Quql-dan da qaçaqdırlar, indilikdə onları Yutub-dakı, İnstaqramdakı və Tik-tok-dakı səy-səy videolar cəzb edir. Baxsınlar, hır-hır gülsünlər, qəşş eləsinlər, bir-birinə göndərsinlər, sosial şəbəkədəki hansısa videonu lağ-lağı predmetinə çevirsənlər və s.

Esvatinidə isə III Msvati başda rabitə naziri olan qızı Sixanizo olmaqla 36 balasını başına yığıb deyir ki, papanız qurban, virtual aləm boş şeydir, real əyləncə yaxşıdır, bax, qabaqdan yenə Umxlanqa festivalı gəlir, görün, lələniz necə seçim edəcək.

Allah tərəfi, III Msvatinin seçiminə söz yoxdur – təzə arvadı dürüst, ədalətli, şəffaf şəkildə seçir.

P.S. Bu yazıdakı məlumatlar Quql-dan götürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR