Türkiyənin Ordu vilayətinin Altınordu rayonunda yaşayan Duyğu və Ömər Yılmaz cütlüyü 4 il əvvəl maraq naminə başladıqları "qırıntı mədənçiliyini" zamanla həm ailəvi hobbi, həm də gəlir mənbəyinə çeviriblər.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, qazıcı və ya deşici alətdən istifadə etmədən, tamamilə ənənəvi üsullarla çay yataqlarından qızıl və dəmir tozu əldə edən cütlük diqqət mərkəzinə düşüb.
Onlar metal detektorları, yeraltı görüntüləmə cihazları və "qırıntı mədənçiliyi" üçün müxtəlif avadanlıqlar satmaqla yanaşı, Ordu bölgəsinin çay yataqlarında qızıl axtarışlarını da davam etdirirlər. Cütlük bildirir ki, təbiətə heç bir zərər verməyən bu fəaliyyət son illərdə böyük maraq görür və ailələrin birlikdə vaxt keçirə biləcəyi fərqli bir hobbi növünə çevrilib.
Duyğu Yılmazın sözlərinə görə, "qırıntı mədənçiliyi" təbiətə zərər vermədən çay qumunun içindəki qiymətli mineral qırıntılarını üzə çıxarmaq prosesidir:
""Qırıntı mədənçiliyi" zamanı sadəcə qumun yeri dəyişdirilir və onun içindəki mineral qırıntıları ayrılır. Tamamilə sadə və ənənəvi üsullarla aparılan bu proses nəticəsində dəmir və qızıl tozları əldə olunur. Biz uzun illərdir bu işlə məşğuluq və insanlara lazımi avadanlıqlar təqdim edirik".
O qeyd edib ki, bu fəaliyyət yalnız hobbi deyil, eyni zamanda gəlir əldə etmək imkanı da yaradır:
"Giresunda avadanlıq satdığımız üç gənc gündə 4-6 qram qızıl tapdıqlarını bildirdilər. Tokatda motorlu avadanlıq alan bir müştərimiz isə 36 qram qızıl əldə etdiyini söylədi".
Ömər Yılmaz isə bildirib ki, ilk illərdə insanlar çay yataqlarında qızıl axtarmağa tərəddüd etsələr də, zaman keçdikcə bu düşüncə dəyişib:
"Əvvəllər insanlar çəkinirdilər. Biz onları həvəsləndirdik və nəticədə bir çox insan yeni hobbi qazandı. Bununla yanaşı, əlavə gəlir əldə etməyə də başladılar. Hazırda müxtəlif şəhərlərdə qruplar formalaşır və insanlar birlikdə axtarış fəaliyyətləri həyata keçirirlər".
Musavat.com






