İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hər iftar duamızda qeyd etməliyik ki..." - Fazil Mustafa yazır

1295 11.03.2024 02:00 Ölkə A A

Sabah Ramazan orucu başlayır. Bütün dünya müsəlmanları bir aylıq bu oruca böyük həvəslə hazırlaşır. Dünyanın elə bölgələri var ki, orada heç orucluq da yada düşmür, can çəkişməsi və yaşamaq uğrunda savaş gedir.

Vaxtında ağıl əvəzinə duyğularını və din adına əzbərlədikləri qondarma ehkamları işə salan bir sıra müsəlman indi özlərini acınacaqlı duruma salmışlar.

Azərbayanda da bu vacib dini rituala həmişəki kimi əməl ediləcək. Dünyanın hər yerində olduğu kimi bizdə də müsəlman adlanan cəmiyyət iki yerə ayrılır. Birinci, barışsevər, başqasının həyatına müdaxilə etməyən, fərqli fikirlərə və inanclara dözümlü yanaşan, dini siyasi ideologiya kimi yaşamayan müsəlmanlardır. İkincisi isə zorakılığı dinin dəyəri olaraq görən, öz anladığını doğru din hesab edən, başqasının fərqli fikrinə və yaşamına nifrətlə yanaşan, hər an din yolunda qatil olma, vəhşiləşmə potensialına sahib müsəlmanlar.

Bu müsəlmanların Türkiyədən, İrandan, Ərəbistandan, Rusiyadan, Əfqanıstandan dini mənimsəmələrinin elə bir önəmi yoxdur. Bütün sadalanan məmləkətlərdə müsəlman adlanan kimliklər ya barışcıl, dürüst, elmə, düşüncəyə yatğın, fanatizmdən uzaq olurlar, ya da ilk fürsətdə vəhşi, zorakı üzünü din adı ilə, "Allahu Əkbər!" çağırışı ilə üzə çıxaranlar olurlar.

Ona görə də bu Ramazan ayındakı hər iftar duamızda qeyd etməliyik ki, Allah bizləri barışsevər, insansevər, ağlını faydalı işlərə, xeyir işlərə sərf edən, əməlindən bütün insanların rahatsız olmadığı müsəlmanlardan etsin!

Sosial şəbəkədə də qarşımıza çıxanların içində bu cür qorxunc müsəlman potensialını aşkara çıxarmaq çətin deyil. Hansısa dindar olmayan bir şəxsin ağıllı fikrini bəyənəndə, yaxud da ateist sayılan bilim və düşüncə adamının faydalı görüşlərini paylaşanda dərhal irad bildirirlər ki, onun fikirlərini niyə paylaşırsınız? Görürsən ki, adamın imkanı olsa, fərqli düşünən bir alimi sağ buraxmaz.

Dünən Azərbaycan Milli Akademik Dram Teatrında Çingiz Aytmatovun "Əsrə bərabər gün" adlı məşhur əsərinin Mehriban Ələkbrzadənin qələmindən çıxmış tamaşasında çox dəqiq təsvir olunan manqurt obrazlarının prototiplərini daha çox dini cameənin içində tapa bilərsiniz.

Beyinləri öz dövlətlərinə qarşı nifrətlə doldurulmuş və on minlərlə cahil kütlənin ağlını qapatmış bu insanlar həm dövlətimiz, həm də cəmiyyətimiz üçün ciddi təhlükə mənbəyidirlər.

Ona görə də millətimizi və dövlətimizi başqa dövlətlərə casusluğu din, məzhəb və ya təriqət adı altında pərdələyən, zorakılığı dinin əsas dəyəri hesab edən bu cür müsəlmanlardan qorumaq üçün barışcıl, savadlı, dürüst, öz Peyğəmbəri kimi davranışı və düşüncəsi ilə əminlik yaradan müsəlmanların bu məmləkətdə varlığı çox önəmlidir.

Necə deyərlər, Uca Yaradan xeyirli insanlara xeyirli Ramazan Orucu nəsib etsin!  

 

Fazil Mustafa,

Milli Məclisin deputatı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR