İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim və müəllimlərin pensiya yaşına haqlı narazılıq

4022 24.01.2023 18:10 Sosial A A

65 yaşı tamam olan müəllim və həkimlər avtomatik işdən çıxarılır: onlar 320 manat pensiya ilə necə yaşasınlar? 

Son dövrlər dövlət müəssisələrində daha çox  gənclərdən işə cəlb olunması və yaşlıların məsuliyyətli işlərdən uzaqlaşdırılması narazılıqla qarşılanır. Bildirilir ki, bu amil əslində işin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Gənc mütəxəssislər yüksək təhsil alsa da, hətta müxtəlif xarici universitetlərin diplomlarını əldə etsələr də, təcrübəsiz olduqlarından idarəetmədə axsamalara yol verirlər. Elə bir gün öncə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında da bu məsələyə toxunulub.

3.jpg (449 KB)

Deputat Məlahət İbrahimqızı çıxışında ilk öncə deyib ki, iş yerlərində işçi ixtisarları süni şəkildə baş verir: “Ən çox əziyyət çəkilən məsələlərdən biri iş yerlərindən ixtisarlarla bağlıdır. Xahiş edirəm ki, plana uyğun olaraq ən azı dövlət qurumlarından, müvafiq nazirliklərdən siyahı alaq ki, heç olmasa son bir ildə orada nə qədər işçi ixtisarı olub? Əvvəl işsizlik problemi var idisə, bu gün işçi ixtisarları ilə bağlı şikayətlərlə qarşılaşırıq. Bu da süni ixtisarlardır. Fəxri fərman və ya təşəkkürnamə verilən şəxs bir aydan sonra yeni rəhbər gəlib deyə ixtisara düşüb. Səbəb də odur ki, səninlə işləmək istəmirəm. İxtisar olunmuş insanların da problemləri ilə bağlı ya ictiami dinləmə və ya müvafiq qurumlarla müzakirə keçirək”.

Deputat əlavə edib ki, 65 yaşı tamam olan müəllim, həkimlər avtomatik işdən çıxarılır: “Halbuki Avropada həkimləri 70 yaşına qədər saxlayırlar. Həkim 65 yaşından sonra harada işləsin? Həkim 320 manat pensiya alır. Bununla necə yaşasın? Pensiyaya çıxan müəllim və tibb işçilərinin ehtiyac olan bölgələrdə işlə təmin olunmasını təklif edirəm”.

480741.jpg (26 KB)

Komitə sədri Musa Quliyev M.İbrahımqızının çıxışına cavab olaraq bildirib ki, yaş limitinə qarşıdır: “Əgər həmin şəxs işində peşəkardırsa, fəaliyyətini davam etdirə bilər və kimsə də buna mane ola bilməz. Yaz sessiyası müddətində keçirilməsi nəzərdə tutulan əmək münasibətləri ilə bağlı dinləmələrdə bu məsələni də qaldıra bilərik”. Bəs, çıxış yolları nədir? Dövlətin görə biləcəyi iş varmı?

Qeyd edək ki, 65 yaşı tamam olan şəxslərin yenidən əmək prosesinə cəlbi üçün müəyyən qaydalar var. Onların əmək müqaviləsi bir ili keçməmək şərti ilə, 5 dəfə olmaqla artıla bilər. Əgər bu müddətdən sonra yaşı 65- dən yuxarı olan şəxslər yenidən əmək fəaliyyəti ilə məşğul olmaq istəsələr, bu şans onlara yenidən verilə bilər. Yenidən əmək fəaliyyətində iştirak etmələri üçün bu şəxslərin elm, təhsil, mədəniyyət və səhiyyə sahələrinin inkişafında xüsusi xidmətlərinin olması vacibdir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov mövzu ilə bağlı Musavat.com-a dedi ki, ixtisar olunma ilə  işdən çıxarılma anlayışları cəmiyyətdə düzgün anlaşılmır:

fed554e2-22bb-3abb-b602-b47192caf5e7_850.jpg (66 KB)

“Dövlət orqanlarında işçilərin sayını dövlət orqanının rəhbəri müəyyənləşdirmir. Bunu Nazirlər Kabineti Prezidentin fərmanına əsasən edir. Odur ki, dövlət orqanının rəhbəri ixtisarlar apara bilməz. Eləcə də, büdcə təşkilatının rəhbəri. Onlar sadəcə təyin olunan kimi, işçilərin ərizələrini alıb yeni komanda yığırlar. Halbuki dövlət orqanlarına qəbul DİM tərəfindən mərkəzləşdirilmiş şəkildə həyata keçirilir. DİM tərəfindən test imtahanları və sonrakı mərhələdə müsahibə yolu ilə bu keçirilir. Hansısa mərkəzi icra hakimiyyəti orqanının rəhbəri, yaxud digər dövlət orqanının rəhbəri dəyişən kimi gəlib onları işdən azad edir, yeni işçilər götürür. Bu, əlbəttə yolverilməz bir haldır. Təbii ki, tək-tək qurumlar var, onların adını çəkmək olar ki, burada rəhbər dəyişib, amma belə hallar olmayıb. Misal üçün, Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Bahar Muradova sədr təyin olundu, amma bir nəfər də işdən çıxarılmadı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman, İqtisadiyyat Nazirliyini də misal göstərmək olar. Amma bunu bütün orqanlar haqqında demək mümkün deyil. Təyin olunan kimi süpürgəçidən tutmuş aparat rəhbərinə qədər hamısının ərizəsini qanunsuz olaraq yazdıranlarr var. Ümumiyyətlə, bu ciddi bir problemdir. Bu həm dövlət orqanlarında belədir, həm də təəssüf ki, büdcədən maliyyələşən təşkilatlarda belədir. Büdcədən maliyyələşən təşkilatların çoxu dövlət orqanı deyil. Təhsil müəssisələri, büdcə təşkilatlarında da həmin proses baş verir. İllərlə oturuşmuş kadrlar vəzifəsini tərk edib gedir, sonradan onun acı nəticəsini görürük. Buna ən yaxşı nümunəsi kimi Mədəniyyət Nazirliyini göstərmək olar. Nazir Anar Kərimov bir- iki əvvəl işdən çıxarıldı, bütün səriştəli işçiləri azad etdi, öz komandasını yığdı. Adicə bir yaylaq festivalını elə bərbad keçirdilər ki, sonradan bəlli oldu ki, mötəbər tədbir keçirmək üçün bunun səriştəli kadrı yox imiş. Komandanı haradan gəldi toplayırlar, sonra bəlli olur ki, bunların iş təcrübəsi yoxdur, sadəcə nəzərə biliklər əldə ediblər, xaricdə oxuyublar, amma idarəetmə ilə bağlı elementar təsəvvürləri yoxdur. Bu amillər də dövlət idarəetməsində ciddi problemlərə gətirib çıxarır, vətəndaşların şikayətlərinə düzgün baxa bilmirlər. Əslində bu məsələlər qanunla tənzimlənib, problem qanunun tətbiqi ilə, məmur özbaşınalığı ilə bağlıdır”.

Ekspert 65 yaşdan sonra işdən azad olma məsələsinə də münasibət bildirib: “İllər əvvəl büdcə vəsaiti ilə maliyyələşən müəssisələrdə çalışmanın yuxarı yaş həddi 65 yaş müəyyən olundu. Statistika ilə götürəndə 160 mindən çox 65 yaşına çatmış, pensiyada olan şəxs hazırda işləyir. Amma belə bir limit müəyyən olub ki, 65 yaşına çatan şəxslərlə büdcə təşkilatlarında əmək müqaviləsinə xitam verilməlidir. İşəgötürən yalnız ümumi işçilərin iki faizi 65 yaşdan sonra 1 illik müddətinə, 70 yaşınadək müqaviləsini uzada bilər. 65 yaşla bağlı rayonlarda çox ciddi problemlər yaşanır. Misal üçün, müəllim 65 yaşına çatıb, direktor işdən çıxarmağa məcburdur, amma yerinə təyin etməyə müəllim olmur. Elə rayonlarda səhiyyədə də vəziyyət belədir. Özəl təhsil müəssisəsində 100 yaşında müəllim dərs deyə bilər, amma dövlət müəssisəsində yox. Özəl klinikada yüz yaşında həkim işləyər, amma sığorta ilə maliyyələşən dövlət müəssisəsində yox. Burada məntiq yoxdur. Bu, vaxtilə Misir Mərdanovun absurd “reforması” idi. Sonradan Səhiyyə naziri də ona qoşuldu. Sonradan bununla bağlı ayrıca qanunvericilik qəbul olundu. Səhv yanaşmadır. Amma digər tərəfdən, Azərbaycanda əmək bazarına daxil olanların sayı onu tərk edənlərin sayından çoxdur. Bu da işsizliyə gətirib çıxarır. Bizdə işsizlik əslində etiraf olunacaq səviyyədə deyil. Çünki bizdə işsizlik meyarları elə müəyyənləşdirilib ki, onu beş faiz kimi göstərirlər. Kiminsə pay torpağı var, belə ailələrin sayı 9 yüz mindən çoxdur. Kənd təsərrüfatı təyinatlı pay torpaqları  varsa, o ailədə neçə nəfər əmək qabiliyyətli insan varsa, avtomatik məşğul sayılır. Məsələn, bu gün o torpaqların əksəriyyəti boş qalıb, suvarma problemi var. Heç kim torpaq becərmir. Aran rayonlarında torpaqların 90 faizi istifadəsizdir. Ona görə də torpağa pay olan ailələrin hamısı avtomatik məşğul sayılır. Ona görə süni şəkildə məşğul sayılan əhalinin sayı artıb, əslində isə onlar işsizdir. Ölkədə işsizlik əslində deyiləndən dəfələrlə çoxdur”.

87fa5bdd-3193-3d41-aa4d-25bb4ef5c539_850.jpg (80 KB)

S.Məmmədov deyib ki, əsas problemlərdən biri əmək qüvvələrinin qeyri-bərabər paylanmasıdır: “Məsələn, əsas işçi qüvvəsi şəhərdə toplaşıb. Tibbi personalın 63 faizi Bakı, Sumqayıt, Abşeron rayonu ərazisindədir. Amma rayonlarda çatışmır. Əmək  qüvvələrinin coğrafi baxımından qeyri-düzgün paylanması da əhalinin rayonlardan mərkəzə miqrasiyası nəticəsində də işsizlik baş alıb gedir. Şəhərdə iş tapılmır, rayon yerlərinə isə heç kim qayıtmaq istəmir. Nəticədə də əmək resurslarının qeyri-bərabər paylanmasının nəticəsi də işsizliyə səbəb olur. Düzdür, bununla bağlı dövlət müəyyən proqramlar həyata keçirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir sıra aktiv proqramları var. Eləcə də, işğaldan azad olunmuş ərazilərdə də geniş quruculuq işlərinin həyata keçirilməsi nəticəsində müəyyən müsbət tendensiyalar var. Amma bütövlükdə bu sahədə ciddi problemlər qalmaqdadır”.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR