İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim məktəb yaşlı uşaq və yeniyetmələrin qəfil ölüm səbəblərini açıqladı

1772 10.01.2023 08:38 Yaşam A A

Vaqif Qarayev: “Əgər valideynlər uşaqlarda bu əlamətləri aşkar edirsə, mütləq müayinələrdən keçirməlidir”

Son vaxtlar ölkədə məktəb yaşlı uşaqlar arasında qəfil ölüm hallarının sayının artdığı müşahidə olunur. Son olaraq yanvarın 8-də Gəncədə kirayədə qalan yeniyetmə, 2009-cu il təvəllüdlü Qusar rayon sakini Elnur Ulubəyovun naməlum səbəbdən öldüyü haqda məlumat yayıldı. Məlumatda qeyd edilir ki, yeniyetmənin halı qəflətən pisləşib. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, məlum olub ki, artıq yolda vəfat edib. Yaxınları yeniyetmənin qızdırması olduğunu bildiriblər.

Bir neçə gün öncə isə paytaxt Bakıda 7-ci sinif şagirdinin qəfildən halı pisləşib. Təhsil İdarəsinin yaydığı məlumata görə, şagirdə ilkin tibbi yardım göstərilib, təcili tibbi yardım xidməti çağırılıb, şagirdin ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Ancaq bunlara baxmayaraq, şagird təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Qeyd edək ki, buna qədər qəfildən dünyasını dəyişən uşaq və yeniyetmələrin də hansı səbəbdən dünyasını dəyişdiyi mətbuata açıqlanmır və yaxud məlum deyil, bu da cəmiyyətdə ciddi narahatlıq doğurur.

Bəs məktəb yaşlı uşaqların qəfil ölümlərinin səbəbi nədir? Bu cür faciələrin yaşanmaması üçün valideynlər nələrə diqqət etməlidirlər?

Azərbaycanda vaksinasiya ilə bağlı durum müsbətdir”-Vaqif Qarayev

Mövzu ilə bağlı pediatr Vaqif Qarayev “Yeni Müsavat”a danışıb:

“Təbabətdə "qəfil ölüm sindromu" deyilən belə bir anlayış var. Bu, yalnız bir yaşa qədər, südəmər uşaqlar arasında baş verə bilir. Hətta sovet dövründə qarşılaşdığım belə bir hadisə olub, ana uşaqla səhər həkim qəbulunda olub, axşam isə uşaq yatıb, ölüb. Bu cür ölümlərin səbəbləri çoxşaxəlidir. Hamiləlik dövründə keçirilən xəstəliklər, immunitetin zəif olması və sairə. Amma dəqiq səbəb yoxdur. Yəni südəmər uşaqlar arasında “qəfil ölüm sindrom”u diaqnozu var.

O ki qaldı məktəb yaşlı uşaq və yeniyetmələrin qəfildən ölməsi, sovet dövründə də belə hadisələr olurdu, sadəcə, mətbuata çıxmırdı. Diqqət edəndə görürük ki, bu hadisələrin səbəbi açıqlanmır.

Təxminən 20 il əvvəl təcili tibbi yardımda işləyirdim. Onda da məktəblərə çağırışlar olurdu, bildirilirdi ki, uşağın halı qəflətən pisləşib. Bəzən ölüm də olurdu, uşağı xəstəxanaya aparırdıq, orada vəfat edirdi. Yəni mənim də təcrübəmdə belə hadisələr olurdu. Valideyndən soruşanda ki, uşağın beynində, ürəyində və yaxud digər orqanlarında problem var idimi, cavab verirdilər ki, yox. Lakin sonradan məlum olurdu ki, həmin uşaqların ciddi problemləri olub. Bunu gizlətmək mənasızdır. Ola bilər ki, uşağın epilepsiya və yaxud ağır ürək qüsuru var və valideynin bundan xəbərsiz olması inandırıcı deyil. Və yaxud uşaqda başqa digər genetik xəstəliklər varsa, onu məktəb mütləq bilməlidir. Məktəblərdə uşaqların sağlamlıq haqqında kartları olur, orada bu haqda mütləq qeyd olunmalıdır".

Vaqif Qarayev qeyd edib ki, davamlı baş ağrıları ciddi xəstəliyin əlaməti ola bilir:

“Əgər uşağın başı daim ağrıyırsa, mütləq yoxlanılmalı, müayinələrdən keçməlidir. Dəfələrlə bu cür əlamətləri yoxlamışıq, onkoloji problem çıxıb. Bu cür uşaqlar qəfil ölə bilər.

Adətən ürək qüsuru olan uşaqlar çox yorğun, halsız olur, arıq, rəngləri ağarmış və yaxud qüsurun növündən asılı olaraq göyərmiş olur. Bu əlamətləri vaxtında aşkar etmək lazımdır. Elektrokardioqrafiya deyilən çox sadə müayinə var, ən azından bunu etmək lazımdır.  Və yaxud exokardioqrafiya edib, uşağın dərdini öyrənmək olar.

Bəzən mətbuat orqanlarında şagirdin idman dərsindən sonra və yaxud müəllim onun üstünə qışqırdıqdan sonra halının pisləşdiyini qeyd edib, səbəbi bu səmtə yönəltməyə çalışırlar. Mən bunun əleyhinəyəm. Belə olan halda digər valideynlər də əsassız yerə həyəcanlanır, narahat olurlar.  Yəni əsası olmayan səbəbləri ortaya atmaqla əsl səbəbi tapa bilmərik. Həm mətbuat, həm də biz həkimlər valideynlərə köməklik etməliyik ki, vaxtında uşaqlarını müayinələrə aparsınlar.

Əgər uşağın rəngi ağ və ya solğundursa, yaxşı yemirsə, mütləq ümumi qan analizi vermək lazımdır. Ümumi qan analizi çox sadə analiz olsa da, həkimə bir çox ciddi məlumatlar verə bilir. Məsələn, el arasında “qan xəstəliyi” deyilən leykoz ümumi qan analizində görünür. Xəstəlik vaxtında aşkarlanarsa, qəfləti  ölüm olmaz, valideyn heç olmasa əvvəlcədən uşağının dərdini biləcək, lazımi yerlərə müraciət edəcək".

Vaqif Qarayev uşaqlarda olan irsi, genetik xəstəliklərdən də söz açıb:

“Nədənsə Azərbaycanda valideynlər ailədə olan irsi xəstəlikləri gizlətməyə çalışır. Məsələn, epilepsiya xəstəliyini. Adi şəkər xəstəliyini belə gözlətməyə, ailədə kiminsə bu xəstəlikdən əziyyət çəkdiyini cidd-cəhdlə gizlətməyə çalışırlar. Doğrudur, uşaq şəkər xəstəliyindən ölə bilməz, amma öldürücü olan bir sıra irsi xəstəliklər var ki,  onu gizlətmək olmaz. Həkimə vaxtında demək lazımdır ki, bəlkə nəsə tapıla bilsin.

Məsləhət görərdim ki, valideynlər ildə bir dəfə uşaqlarını “check up” müayinəsindən keçirsinlər. Bu zaman həkimlər də orqanizmdə bir çox gizli gedən prosesləri aşkar edə bilir.

Lakin bir məsələni də qeyd etmək istəyirəm, Sosial Tibbi Sığorta profilaktik baxışların müayinəsini paketə salmayıb. Əgər valideyn uşağını “check up” müayinəsindən keçirmək istəyirsə, bunun üçün pul ödəməlidir. Ona görə də bir çox valideynlər bu müayinəni edə bilmir. Ümid edirəm ki, gələcəkdə bu məsələ də paketə salınar.

Bir məsələni də qeyd edim, bəzi ürək problemləri var ki, hətta müayinə olanda belə üzə çıxmır, daha çox gənc yaşda görünür. Lakin  son vaxtlar artıq uşaqlarda da rast gəlinir. Bununla belə, məktəb yaşlı uşaqların və yaxud yeniyetmələrin ölüm səbəbinin bu olduğuna inanmıram. Həmin uşaqların mütləq hansısa problemi olub.  Sadəcə, valideyn nə mətbuata, nə də həkimə demir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR