İnsanlara hürriyət, millətlərə istiqlal!

Həcc qiymətləri müzakirələri-Kim nə deyir?

570 15.02.2024 11:07 Gündəm A A

Hər il Azərbaycanda Həcc ziyarətinin qiyməti açıqlanan zamanı onun yüksək olması ilə bağlı geniş müzakirələr açılır. Təbii ki, müzakirələrə qoşulanların əksəriyyəti qiymətlərin qalxmasından şikayətlənir. Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib. Artıq sosial şəbəkələrdə Həcc ziyarətinin qiymət gündəm mövzusuna çevrilib.
 

Xatırladaq ki, ötən il bir nəfərlik ziyarət paketinin qiyməti 5750 ABŞ dolları ( 9775,00 AZN ) təşkil edib. Ümumilikdə, pandemiyadan əvvəlki dövrlə müqayisədə Azərbaycandan Həcc ziyarətində ciddi bahalaşma qeydə alınıb. 2018-ci ildə Həcc ziyarətinin qiyməti 4150 dollar, növbəti il 4285 dollar olub. 2020 və 2021-ci illərdə pandemiyaya görə ziyarət təşkil olunmayıb. Beləliklə, pandemiyadan bir il əvvəlki dövrlə müqayisədə bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1565 dollar və ya 2660 manat artıb.

Qeyd edək ki, Həcc ziyarəti İslam dininin 5 şərtindən biridir. Müsəlmanlar Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Kəbəni ziyarət edir və öz dini ayinlərini icra edirlər. Hər il milyonlarla insan Kəbəni ziyarət edir. Ölkəmizdə Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Bəs qiymətin hər il artmasının səbəbi nədir?

Natiq Cəfərli: “İnflyasiyanın və qiymət artımının səbəbi...” » Reyting.az

 Natiq Cəfərli: “Həcc ziyarəti ilə yalnız Qafqaz Müsəlmanlar İdarəsinin məşğul olması suallar yaradır”

Mövzu ilə bağlı iqtisadçı ekpsert Natiq Cəfərli məsələ ilə bağlı Musavat.com-a danışıb. Ekspert qeyd edib ki, Azərbaycanda Həcc ziyarətii yalnız bir qurum tərəfindən həyata keçirilir, bu baxımdan rəqabət mühiti olmadığından qiymətlər ildən-ilə bahalaşır: "Burada tənzimlənən qiymət olmadığına görə, qiyməti Həccə ziyarətə gedənlər müəyyənləşdirməlidir. Əgər şəxs inanclıdırsa, inancına görə qiymətin ucuz və yaxud baha olmasına baxmır. Hesab edirəm ki, Həcc ziyarəti üçün alternativ qurumlar da olmalıdır. Yəni yeganə olaraq yalnız Qafqaz Müsəlmanlar İdarəsinin  bu işlə məşğul olması suallar yaradır.

Azərbaycanda illərdir Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Digər şirkətlərə, hüquqi və fiziki şəxslərə bu işlə məşğul olmağa icazə verilmir. Əgər müxtəlif şirkətlərə Həcc ziyarətini təşkil etməyə imkan yaradılmırsa, qiymət bir qurum tərəfindən diktə olunur”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

 Kənan Rövşənoğlu: "Türkiyədə və İranda qiymətlər Azərbaycanla müqayisədə nisbətən ucuzdur, amma...”

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu isə qeyd edib: "Türkiyədə, İranda Həcc ziyarəti növbəli həyata keçirilir. Yəni, dövlət, dini idarə xətti ilə gedənlər növbəyə durur, sıra ilə gedirlər. Burada qiymətlər Azərbaycanla müqayisədə nisbətən ucuzdur.  Amma özəl şirkətlər də var ki, onlar baha qiymətə aparırlar. Yəni, ortada qazanc məqsədi olduğundan, təbii ki, qiymət baha olur.  Azərbaycana gəldikdə, Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı məsələni QMİ-yə verib. Ümumiyyətlə, Səudiyyə Ərəbistanı Həcc ziyarəti məsələsini hər ölkədə bir təşkilata verir. Yəni, istənilən ölkədə istənilən şirkətin Həcc ziyarətini təşkil etməsi mümkün deyil. Yalnız razılaşdırılmış təşkilatlar bunu həyata keçirə bilər. Beləliklə, Azərbaycanda bu məsələ ilə bağlı müstəsna səlahiyyət QMİ-dədir, digər şirkətlərdə yoxdur. Əlbəttə ki, qiymət bahadır. Yəni Azərbaycanda əhalinin əmək maaşını nəzərə alanda qiymət bahadır. 10 min manat nə deməkdir? Maddi imkanı yaxşı olan şəxslər üçün 10 min manat vermək çətin məsələ deyil, amma orta statistik azərbaycanlı üçün bahadır.
Bəzən sosial şəbəkələrdə müzakirə gedir ki, niyə hamı Həcc ziyarətinə gedir, ora verilən pulu hansısa imkansız şəxsə verilsin və sairə. Birincisi, Həcc ibadətdir, necə ki, namaz qılınır, oruc tutulur, bu ziyarət də müsəlman üçün bir dəfə vacibdir. Əlbəttə imkanı olan üçün daha çox gedə bilər. İkincisi, Həcc ziyarətinin yardıma, xeyriyyəçiliyə aidiyyəti yoxdur. Biz heç kəsə deyə bilmərik ki, yayda tətilə, istirahətə getmə, bu pulu başqalarına ver. Eləcə də Həcc ziyarəti müsəlmanın üzərində olan öhdəlik, vəzifədir.  O aydın məsələdir ki, müsəlman yardım etməlidir. Mən əminəm ki, öz imkanı ilə ziyarətə gedənlər yardım da edirlər. Etməyəni də heç kəs buna məcbur edə bilməz. Bu, insani məsələdir".

Rəhimə Dadaşovaya ağır itki üz verib

Rəhimə Dadaşova

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova qiymət artımı ilə bağlı məsələyə bu cür aydınlıq gətirdi: “Əslində ötən illə müqayisədə qiymətdə elə də böyük fərq yoxdur. Məsələ niyə bu qədər ajiotaj yaradıb, məlum deyil. Amma hər halda, hər il Həcc ziyarəti keçirən QMİ ilə Səudiyyə Ərəbistanının müvafiq qurumu arasında müqavilə bağlanır. Həmin müqavilədə öz əksini tapan məsələlər ilə bağlı qiymət formalaşır. Bu qiymətin daxilində mehmanxana, nəqliyyat transferi və digər məsələlər öz əksini tapır. Bütün məkanlarda daha komfortlu, yaxşı yerlərin məqamları nəzərə alaraq, qiymət dəyişir. Bütün bunların hamısı müqavilədə fiksə olunur və bundan sonra qiymət formalaşdırılır".

Xalidə Gəray
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR