İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbs edilən irançıların utopik “Kərimə dövləti” nədir?

3950 15.03.2023 08:40 Gündəm A A

İran qurulması mümkün olmayan “dövləti” öz əlaltıları vasitəsilə Azərbaycanda necə “bərqərar etmək” istəyib...

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 32 nəfər müəyyən edilərək saxlanılıb. Onlar özlərini “dindar” kimi qələmə verərək sosial şəbəkələr üzərindən, eləcə də ibadət yerlərində, insanların toplaşdığı digər mərasimlərdə İran lehinə təbliğat aparıblar.

Onlar “Kərimə” dövləti quracaqlarını bildirərək Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar ediblər. Xarici xüsusi xidmət orqanlarının sifarişlərini həyata keçirən bu şəxslərin məqsədi məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə dini radikalizmi təbliğ edərək cəmiyyətdə çaşqınlıq yaratmaq olub. Araşdırmalarla müəyyən edilib ki, onlar İrandan məqsədli şəkildə göndərilən narkotik vasitələrin satışını təşkil edərək əldə etdikləri külli miqdarda pul vəsaitini məhz Azərbaycanda dini radikalizmin təbliğinə və digər pozuculuq fəaliyyətlərinin maliyyələşməsinə sərf ediblər.

Bəs Kərimə dövləti nədir?

Kərimə dövləti ifadəsi İmam Mehdinin dörd xüsusi naibindən biri olmuş Məhəmməd ibn Osman əl-Əmri tərəfindən nəql edildiyi bildirilən və Ramazan ayında oxunması məsləhət görülən İftitah duasında işlənib. Həmin duada Allahın “İslam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəyi” Kərimə dövləti şövqlə arzulanır, həmin dövlətdə insanlara “dünya və axirət kəramətinin nəsib olacağı” vurğulanır. Dini ədəbiyyatda bu dövlətin “böyük qeybətdən” sonra zühur edəcək İmam Mehdi tərəfindən qurulacağı bildirilir.

Müxtəlif Quran ayələri, hədis və rəvayətlər əsasında İmam Mehdinin axır zamanda quracağı Kərimə dövlətinin bəzi cəhətləri dini ədəbiyyatda göstərilir. Həmin təsəvvürlərə görə:

1) Kərimə dövləti ilahi hakimiyyətin qurulduğu və ilahi ədalətin bərqərar olduğu ideal dövlətdir, yəni hansısa konkret insanın (və ya qrupun) dövlət və ədalət anlayışına söykənmir;

2) Kərimə dövləti dünya dövlətidir, bütün bəşəriyyət üçündür ;

3) Hakimiyyətin “ilahi legitimliyi” dövlətə rəhbərlik edəcək şəxsin “məsum” olmasını tələb edir və bu üzdən də onun qurulması İmam Mehdiyə “həvalə olunub”.

Bu qısa məlumatdan sonra sual doğur: İranda bəlli qüvvələrin dəstəklədiyi Tohid İbrahimbəyli, Orxan Məmmədov və digərləri məgər özlərini İmam Mehdi sayırlar ki, Azərbaycanda belə bir dövlətin qurulmasına “çalışırlar”? Bir də ki, onlar niyə yaşadıqları İranda və ya döyüşdükləri Suriyada belə bir dövlətin qurulmasına çalışmırlar? Yoxsa qulluq etdikləri İranı elə Kərimə dövləti sayırlar?

Axı heç İran rəhbərinin özü də bu fikirdə deyil. Ayətullah Əli Xameneyi İran hökumətləri qarşısındakı çıxışlarında cəmi iki dəfə (1993 və 2001-ci illərdə) Kərimə dövlətindən, özü də ülgü, model, nümunə kimi danışıb, son 20 ildə isə ondan, ümumiyyətlə, söz açmayıb. Digər İran ruhanilərinin çıxış və yazılarında da Kərimə dövləti arzulanan, can atılan, intizarı çəkilən cəmiyyət kimi təqdim olunur. Bir müddət öncə “Təsnim” agentliyinin dərc etdiyi yazıda isə ondan “utopik dövlət” kimi danışılır. Belə isə nə üçün İran özündə qura bilmədiyi və qurmasının da mümkün olmadığı bir “dövləti” öz əlaltıları vasitəsilə Azərbaycanda “bərqərar etmək” istəyir?Məqsəd aydındır: bu cür gəlişigözəl “ideyalar” və cəlbedici “nəzəriyyələr”lə əsl niyyəti pərdələyib Azərbaycanın dünyəvi dövlət modelini və konstitusiya quruluşunu hədəfə almaq və İransayağı “İslam inqilabı”nın gerçəkləşməsinə çalışmaq... Təsadüfi deyil ki, Kərimə dövlətindən danışanların təbliğat kanallarından biri də “Azərbaycan İslam İnqilabına doğru” adlanır. Necə deyərlər, “cidanı çuvalda gizlətmək mümkün deyil”. 

Ceyhun Məmmədov: Azad edilmiş torpaqlarda əkin işlərinin aparılması ərzaq  təhlükəsizliyimizə töhfə olacaq - AZƏRTAC

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a açıqlmasında bildirdi ki, Azərbaycanın müstəqil siyasət aparması İranı hər zaman narahat edib: “Son günlər İranın ölkəmizə qarşı təxribatları artmaqdadır. Bir neçə gün bundan əvvəl Gəncənin İran şəhəri, Nizaminin fars şairi olması ilə bağlı İran rəsmilərinin açıqlamaları, Azərbaycan İran sərhədində İran təyyarəsinin uçması bu fikri bir daha təsdiq edir. Əvvəl də qeyd etdiyim kimi, bir müddət bu təxribatlar müxtəlif formalarda davam edəcək. İran Azərbaycandan nə istəyir? İranın Azərbaycanla bağlı müxtəlif plan və məqsədlərinin olması hamımıza məlumdur. Münasibətlər gərginləşməmişdən əvvəl də İranın rəsmi dairələri Azərbaycanla bağlı fikirlərini açıq bildirirdilər. Onların yanaşması belədir ki, tarixdə Azərbaycan adında dövlət olmayıb və nə vaxtsa Azərbaycan yenidən İranın nəzarətinə keçəcək. Bu gün bütün təbliğat bu məsələnin üzərində qurulub. Hətta bu təbliğat o qədər güclü aparılıb ki, sənəddə azərbaycanlı olan, ancaq düşüncəsi irançılıq ideologiyası ilə zəhərlənən çox  sayda azərbaycanlı bu zərərli fikrə dərindən inanıb. Onların düşüncəsinə görə, çox az qalıb, yaxın vaxtlarda Azərbaycanda "Kərimə Dövləti" qurulacaq".

Millət vəkili bu planın arxasında dayanan səbəblərə aydınlıq gətirdi. C.Məmmədov qeyd etdi ki, səbəblərdən biri də bu gün Azərbaycanın müstəqil siyasət aparmasıdır: “İran öz aləmində özünü bölgənin ağası hesab edir və düşünür ki, nə qədər absurd səslənsə də bölgədə atılan hər bir addım onunla razılaşdırılmalıdır. Bu baxımdan, Azərbaycanın İranın Ermənistanla sıx əməkdaşlığına qəti etirazı da İran tərəfində ciddi qıcıq yaradır. Onlar Azərbaycanın bu etirazlarını həzm edə bilmirlər. İranın Azərbaycanda istədiyi digər bir məsələ İsraillə əməkdaşlığa son qoyulmasıdır. İran İsrail məsələsi ilə həm İrandakı, həm də Azərbaycandakı təbliğatında ciddi manipulyasiya edir. Davamlı olaraq bu fikri yayır ki, guya İsrailin Azərbaycanda hərbi bazaları var və bu bazalar İran üçün ciddi təhdidlər yaradır. Əslində burada əsas məqsəd heç bir dövlətin əleyhinə yönəlməyən Azərbaycan-İsrail əlaqələrinin inkişafının qarşısını almaqdır. Azərbaycan dəfələrlə açıq şəkildə bildirib ki, heç bir dövlətə onun ərazisindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcək. İranın məqsədi başqa olduğu üçün Azərbaycanın bu açıqlamalarını qəbul etmir.  İsrail Azərbaycan əlaqələrinə gəldikdə bu əlaqələr yuxarıda qeyd olunduğu kimi, heç bir dövlətin əleyhinə yönəlməyib. Bu gün Azərbaycanın istənilən dövlətlə beynəlxalq hüquqa əsasən əlaqə və münasibət qurmaq hüququ var”.

C.Məmmədov İranın əsassız arqumentlərinə və məntiqsiz paralellərində diqqət çəkərək bildirdi ki, Ermənistandan fərqli olaraq, İsrail İranın torpaqlarını işğal etməyib: “Azərbaycan İrandan fərqli olaraq İsraillə İran əleyhinə birləşməyib. İran isə Ermənistanla Azərbaycan əleyhinə birləşib, ona hər cür dəstək, hətta silah belə verir. Bu məsələyə dair yüzlərlə fakt saya bilərik. Əgər İran bu yalan təbliğat və təzyiqlərlə Azərbaycanın mövqeyini dəyişəcəyini, özünə tam tabe etdirəcəyini düşünürsə, yanılır. Burada yanaşmasını və mövqeyini dəyişəcək bir ölkə varsa, o da İrandır. İran müstəmləkə təfəkkürünə, digər ölkələrə yuxarıdan aşağı və xor baxmağa son qoymalıdır. Bunu etməyənə kimi münasibətlərin normallaşmasını gözləməyə dəyməz. İran tərəf bunu mütləq anlamalıdır. İndi Azərbaycan güclü dövlətdir.  Eyni zamanda Azərbaycanın hüquq mühafizə orqanları həddən artıq ayıq-sayaq olmalı, operativ tədbirlər həyata keçirməli, dini fəaliyyət sahəsində islahatlar sürətləndirilməlidir. Çünki qarşı tərəf davamlı olaraq çevik və situativ addımlar ataraq əməliyyat şəraitini öz xeyrinə dəyişməyə çalışır və bəzi hallarda buna nail ola bilir. Odur ki, çox diqqətli olmalıyıq”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR