İnsanlara hürriyət, millətlərə istiqlal!

Haqq var, Haaqa var, hoqqa yeri deyil

3362 06.04.2022 15:37 Yazarlar A A

Bu yazını oxuyanların böyük əksəriyyətinin Srebrenitsa qətliamından az-çox xəbəri var.

Bu genosid aktı 1995-ci ilin iyulunda baş verib. Yuqoslaviyadan, daha dəqiqi, Serbiya imperiyasından ayrılaraq müstəqil respublika olmuş Bosniya və Herseqovinanın ərazisində yaradılmış tanınmayan “Serb respublikası”nın hərbçiləri hücum edərək Srebrenitsa qəsəbəsindəki müsəlman boşnakları qırıblar. Kütləvi güllələnmə zamanı 7-8 min boşnak kişi öldürülüb. Bu, II dünya müharibəsindən sonra Avropada baş verən ən böyük qətliam və açıq genosid aktıdır.

İndi baxaq görək, Avropanın göbəyində, Niderland sülhməramlılarının gözü qarşısında törədilən bu vəhşi cinayətə Slabodan Miloşeviçin başçılıq etdiyi Yuqoslaviya (Serbiya) və “Serb respublikası”nın hakim dairələri necə reaksiya verib?

56.jpg (95 KB)

Kütləvi qətliamı törədənlər ilkin olaraq iddia ediblər ki, qətlə yetirlən əsirlərin sayı qat-qat az olub. “Serb respublikası”nın hökumət komissiyası məlumat yayıb ki, sadəcə, serb əsgərlərin özbaşınalığı nəticəsində 100-ə yaxın əsir güllələnib.

Serblərin ilk versiyası belə olub: Bosniya və Hereseqovinanın Srebrenitsada olan 28-ci diviziyası hərbi çağırış yaşlı kişilərin müşayiəti ilə anklavı tərk ediblər və Tuzlaya keçərkən 2 min nəfərə yaxın itki veriblər və bu, sonradan “genosid” sübutu kimi göstərilib. Anklavda qalan 25 min nəfərə yaxın mülki əhali isə avtobuslarla Kladana təxliyə edilib. Yalnız 154 nəfər 10-cu diversiya dəstəsi tərəfindən öldürülüb, 50-10 insan serb əsgərlər tərəfindən linç edilib və bir neçə yüz hərbi əsir isə 1996-cı ildə sərbəst buraxılıb.

caniler.JPG (63 KB)

Keçmiş Yuqoslaviya ərazisində xorvatlara, boşnaklara, albanlara qarşı genosid siyasəti yeridən hərbi canilər - Slabodan Miloşeviç, Radovan Karaciç, Ratko Mladiç

Ancaq sonradan Serbiya da, tanınmamış “Serb respublikası” da Beynəlxalq İnsan Haqları məhkəməsini rəsmi versiyasını tanıdıqlarını bildiriblər və mülki müsəlman vətəndaşların kütləvi şəkildə qətlə yetirilməsini təsdiqləyiblər. Bu, heç də birdən-birə olmadı. 1999-cu ildə ABŞ və NATO Serbiyanın paytaxtı Belqradı bombardman etdi, bu aqressiv dövləti işğal etdiyi ərazilərdən çəkilməyə zorladı, keçmiş Yuqoslaviya ərazisində yaşayan xalqlara qarşı hərbi cinayətlər törətmiş prezident Miloşeviçin dayaqlarını sarsıtdı, ondan sonra serblər anladılar ki, güclü Avropanın qarşısında dayana bilməyəcəklər.

Bununla belə, nə serb diktator Miloşeviç, nə də onun siyasi xələfləri boşnaklara qarşı genosid aktı törədildiyini etiraf etmir, sadəcə, serblərin 1995-ci ilin iyulunda böyük hərbi cinayət törətdiklərini qəbul edirlər.

Əslində isə həmin vaxt Srebrenitsada minlərlə kişi öldürüldüyü kimi, minlərlə də qadın zorlanıb.

45.jpg (97 KB)

                           Srebrenitsa cəlladı Ratko Mladiç Haaqa məhkəməsində

Sonradan bu cinayətə görə bir xeyli yüksək rütbəli serb zabitləri Haaqa məhkəməsində mühakimə olunublar. Onların arasında Ratko Mladiç, Radovan Karaciç Krstiç, Momir Nikoliç, Vidoe Blaqoyeviç, Draqan Obrenoviç, Draqan Yokiç, Slabodan Mediç, Branislav Mediç, Jelko Dyukiç, Draqan Mediç, Draqan Boroyeviç, Midraq Solaya və başqaları olub. Onların çoxuna ömürlük həbs cəzası verilib, bəziləri isə 15-20 il həbs cəzası alıb.

Bu məsələyə 2015-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında da baxılıb. Böyük Britaniyanın Srebrenitsada baş verən hərbi cinayətin genosid aktı kimi tanınması barədə hazırladığı qətnamə layihəsinin lehinə BMT TŞ-nin üç daimi (ABŞ, Fransa və Böyük Britaniya) və yeddi müvəqqəti üzvü (Çad, Çili, İordaniya, Litva, Malayziya, Yeni Zelandiya və İspaniya) səs verib, TŞ-nin daimi üzvü Çin və Anqola, Nigeriya, Venesuela kimi müvəqqəti üzv ölkələr isə bitərəf qalıblar.

Qətnamənin qəbulu BMT TŞ-nin daimi üzvü olan Rusiya tərəfindən bloklanıb. Rusiyanın BMT-dəki nümayəndəsi bu qərarı onunla əsaslandırıb ki, bu qətnamə Balkan yarımadasında situasiyanı gərginləşdirə bilər.

ABŞ və Böyük Britaniya Rusiyanın vetosunu BMT-nin beynəlxalq məhkəməsi tərəfindən təsdiqlənmiş faktların inkarı kimi qiymətləndiriblər. Bugünkü prizmadan baxanda Rusiyanın nədən o cür addım atması anlaşılır.

Ukrayna-muharibe.jpg (133 KB)

Budur, Srebrenitsada törədilən kütləvi qətllərin və zorlamaların genosid aktı kimi tanınmasına mane olan və beləliklə, serbləri müdafiə edən Rusiya özü Ukraynanın Buça şəhərində qardaş saydığı xalqa qarşı kütləvi qətliamlar və zorlama aktları törədib, indi də məsuliyyətdən boyun qaçırmaq üçün müxtəlif versiyalar irəli sürür, qətlləri Ukraynanın özünün törətdiyini iddia edir, ölənlərin sayının şişirdildiyini, ortaya çıxarılan faktların “feyk” və qurama olduğunu, səhnələşdirildiyini bildirir.

Acı gerçəklik isə ortadadır: Buçada yüzlərlə mülki şəxs heç bir səbəb və əsas olmadan güllələnib. Bu cinayətin hansı qüvvələr tərəfindən törədildiyi ciddi dairələrdə mübahisə predmeti deyil. Hər şey bariz şəkildə ortadadır.

Rusların və onlara qahmar çıxanların bu qədər açıq cinayəti onun-bunun üstünə atması isə 11 sentyabr teraktını (Nyu-Yorkda əkiz qüllələrin, Vaşinqtonda Pentaqonun binasının qaçırılmış təyyarələrlə ərəb terrorçular tərəfindən taran edilməsi) ABŞ-ın özünün törətdiyinə dair absurd iddialara bənzəyir.

Без названия.jpg (13 KB)

Elə 1992-ci ilin fevralında Xocalıda genosid aktı törədən ermənilər də həyasızcasına “bu cinayəti azərbaycanlılar özləri törədib” deyir, bu zaman hakimiyyət davası müstəvisində rəqiblərini ləkələmək istəyən bəzi məsuliyyətsiz, manqurt azərbaycanlıların səsləndirdiyi cəfəng fikirlərə istinad edirdilər.

Ancaq bu danılması mümkün olmayan cinayət idi və ermənilər nə qədər inkar etsələr də, dünyanın bütün ədalətli, dürüst, ciddi dairələri həqiqətin nədən olduğunu bilirlər. Ona görə də heç kəs hoqqa çıxarmasın, hərbi caniləri müdafiə etməyə əlacsız səylər göstərməsin. Müasir dünyada bu boyda cinayətlərin izini itirmək heç cür mümkün deyil. Minlərlə sübut var.

Ümid edək ki, həm Xocalıda, həm də Buçada əliyalın mülki insanları kütləvi şəkildə qətlə yetirən hərbi canilər serb cəlladları kimi Haaqa məhkəməsinin önündə duracaq, haqq-ədalət qarşısında cavab verəcəklər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR