İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamilə kişinin sərhəd keçməsi...

2255 13.03.2022 14:32 Yazarlar A A

 

Ukrayna sərhədçiləri ölkə hüdudlarını tərk etmək istəyən 53 yaşı kişini saxlaylblar, o da çıxarıb arayış təqdim edib. Məlum olub ki, bu kişi hamilə olması səbəbindən hərbi mükəlləfiyyətdən azaddır...

İki gündür teleqram kanalları bu barədə yazır, amma bu, çoxlarına həm inandırıcı görünmür, həm də çox gülməli görünür.

Doğrudan da bu işdə bir qəribəlik var, hərbi mükələfiyyat yaşı dünyanın əksər ölkələrində 45-dən o yana olmur. Yəni ölkədə ümumi səfərbərlik elan edilsə də, 45 yaşını adlamış adamları (yüksək rütbəli zabit deyilsə) hərbi xidmətə aparmırlar. Çünki başqa şeylərdə yaşın fərqi olmaya bilər, amma gülləbarandan qaçan zaman 25 yaşlı gənclə 46-56 yaşlı kişinin aradan çıxmaq şansı eyni deyil. İkinci ya potensial qurbandır, ya da hərbi əsir.

Ona görə də yaşı 50-ni adlamış adamın özünə belə bir sənəd düzəltdirməsi absurddur. Ola bilər, adam canını çox istəyir, hər ehtimala qarşı işini ehtiyatlı tutub, fikirləşib ki, nə olar, nə olmaz, birdən 55 yaşlıları da səfərbərliyə alıb basarlar rusun tankının qabağına, qoy gedim bir arayış alım.

Bundan əvvəl bir kişini də sərhədi keçərkən qadın paltarında tutmuşdular. Amma onun yaşı 45-dən az idi və bir az da qrimlənmişdi, ilk baxışdan qadından seçilmirdi. Görünür, yerişindən və ya səsindən tanımışdılar. Vısotskinin səsiylə danışanda, Kliçko kimi yeriyəndə, əlbəttə, adamdan quşqulanarlar. Sərhədçilərdə, komendaturada işləyənlərdə çox üstün instinktlər olur.

Bu xüsusda eloğlu Əli müəllimin bir söhbəti var. 23-24 il qabaq onları – 25-dən artıq müəllimi hazırkı deputat Elşən Musayevin mərhum atası Məmmədhənifə müəllimin rəhbərlik etdiyi QHT-nin xəttilə Türkiyəyə aparıblar. Qafilənin içində əslən Qubadlıdan olan bir müəllim də olub, hamı ona “kürd qardaş” deyirmiş, amma o da “deyirsiniz, qəbulumdur, amma kürd deyiləm” deyə cavab verirmiş. Müəllimlər avtobusla Anadolunun bu başından o başına səfər edərkən yolda jandarmlar onların qarşısını kəsir. Heç demə, PKK terrorçuları gecə terror aktı törədiblər və qaçıb gizləniblər, jandarmlar da onları axtarır, bütün maşınları yoxlayırlar. Avtobusun azərbaycanlı müəllimlərdən ibarət olduğunu bilən komutan deyib ki, hərtərəfli yoxlamaya ehtiyac yoxdur, amma iki jandarm avtobusa qalxsın, salona göz gəzdirsin, ensin. İki əsgər qalxıb, bir-bir müəllimlərin sifətinə baxaraq irəliləyiblər, gəlib Qubadlıdan olan müəllimin yanına çatanda deyiblər, sən sənədlərini göstər. O da dinməz-söyləməz pasportunu verib, jandarmlar baxıblar ki, o da PKK terrorçusu deyil, azərbaycanlı müəllimdir, düşüb gediblər.

Əli müəllim danışırdı ki, jandarmların fəhminə mat qaldıq və səfər başa çatana qədər Qubadlıdan olan müəllimə dedik ki, a kürd qardaş, bax, bizi aldatdın, amma jandarmlar səni tanıdılar.

Yəni sərhədçilər, jandarmlar diqqətli olanda və maddi maraqları olmayanda heç kəs saxta sənədlə sərhəd keçə bilməz.

Bir bığlı-saqqalı kişinin öz üzərinə “hamilə qadın” adı götürməsi isə olan şeydir. Can şirindir və heç kəs fışıldayıb gələn raketlərin və ya çovumuş güllənin qurbanı olmaq istəmir. Hər kəsin kişilik, ləyaqət anlayışı da bir yerə qədərdir, qorxusuna yenik düşən və ya nəyisə əldə etmək istəyən tamahkar şəxs hər şeyə qadirdir.

Bu əhvalatı da mühacir soydaşlardan biri danışıb. Uzun illər öncə Avropa ölkələrindən birinə sığınmaq istəyən həmvətənimiz orda yaşayan soydaşlarımızın üstünə gedib ki, bu ölkədə oturum izni almaq üçün nə etmək lazım olduğuna dair tövsiyə versinlər. Onlar baxıblar ki, bu siyasi fəal deyil, təqib olunmayıb, ona görə də oturum alması çətin olacaq. Adama deyiblər ki, iki variant var: ya sənədlərini gizlədərək özünü Azərbaycandan qaçmış erməni kimi təqdim etməlisən, ya da Azərbaycanda incidilən cinsi azlıq kimi. O da bir az fikirləşib, deyib ki, yox, özümü erməni kimi təqdim etməyim kişilikdən olmaz, yaxşısı budur ki, elə “petuxam” deyim.

Ona görə də Ukraynadan çıxmağa çalışan 53 yaşlı kişinin motivini anlamaq olar. Adam fikirləşib ki, çətini sərhədin o tayına kəçənə qədərdir, ondan sonra doğası deyil. Amma indi o, hansı durumdadır, teleqaram kanalları xəbər vermir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR