İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli tələbələrin Azərbaycanda pulsuz təhsil alması təklif edildi

2166 14.11.2022 18:56 Təhsil A A

Ekspert: “Biz bunu İran sərhədinə yaxın olan ərazilərdə yerləşən universitetlərdə təşkil edə bilərik”

Milli Məclisin deputatı ötən cümə Fəzail Ağamalı Güney Azərbaycandan olan tələbələrin təhsilinin maliyyələşdirilməsi üçün ölkənin dövlət büdcəsindən vəsait ayırmağı təklif edib. Millət vəkili bunu parlament komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında deyib.

“Çox yaxşı olardı ki, dövlət büdcəsindən 5-10 milyon manat Güney Azərbaycandan olan soydaşlarımızın ölkəmizdə təhsilinə ayrılsın. Bu, strateji məsələdir”, - deyə deputat vurğulayıb.

Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının Səmərqənd sammitində 40 milyon güneylinin təməl hüquqları ilə bağlı məlum çıxışı fonunda bu təklif xüsusilə önəm kəsb edir.

“Burada bir güneyli tələbə dövlət hesabına təhsil almır. İdeoloji baxımından güneylə yaxşı əlaqə qura bilməmişik”.

Bunu isə millət vəkili Sabir Rüstəmxanlı yazıçıların XIII qurultayında çıxışı zamanı söyləmişdi. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ədəbi əlaqələr qurulmalıdır.

Bəs Azərbaycan Respublikasında neçə güneyli tələbə təhsil alır, hansı ali məktəblərdə və kimin maliyyəsi hesabına? Azərbaycan dövləti onların məişət qayğıları ilə (yataqxana və s.) maraqlanırmı?

Mövzu ilə bağlı “Yeni Müsavat” Təhsil Nazirliyinə sorğu göndərib. Qurumdan məsələni dəqiqləşdirdikdən sonra açıqlama veriləcəyi bildirildi.

N83120316-72693645.jpg (79 KB)

Onu da xatırladaq ki, hələ 2018-ci ildə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi Azərbaycanda İrandan olan 2 min tələbənin təhsil aldığını, onların da 100 nəfərinin Azərbaycan Tibb Universitetində olduğunu bildirmişdi. Lakin 2020-ci ildə İranda iqtisadi vəziyyətin pisləşməsi, ölkə valyutasının dəyərdən düşməsi səbəbi ilə bir çox güneyli tələbələr təhsilini yarımçıq qoyaraq, geri dönməyə məcbur olmuşdular. Bu barədə hətta dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən 40-dan çox Azərbaycan dərnəyi Güney Azərbaycandan, İrandan Azərbaycana gələn azərbaycanlı tələbələrə güzəşt olunması ilə bağlı müraciət ünvanlamışdı. Müraciətdə deyilirdi:

"… Azərbaycan dövlətinə təklif edirik ki, Azərbaycan mədəniyyəti, dil və ədəbiyyat sahələrində təhsili başqa sahələrdə olan təhsildən fərqləndirsin. Bu sahələrdə təhsili mədəniyyətimizin təbliğatı və qorunması çərçivəsində dəyərləndirərək xaricdən Azərbaycan Respublikasına üz tutan azərbaycanlı tələbələri təhsil haqqından azad etsin. Bir çox ölkədə xaricdəki həmvətənlər üçün bənzər təhsil proqramları mövcuddur…”

Müraciət müəlliflərin fikrincə bununla da Azərbaycan mədəniyyətini keyfiyyətli şəkildə təmsil edən insanların sayının artmasına və diasporda həmrəylik ruhunun daha da möhkəmlənməsinə nail olmaq mümkündür.

Mövzu ilə bağlı əslən Təbrizdən olan tanınmış milli-mədəni fəal Cəmşid Zareyi “Yeni Müsavat”a danışıb. Güneyli soydaşımız irəli sürülən təkliflərin çox təqdirə layiq olduğunu bildirdi:

WhatsApp Image 2022-11-14 at 18.47.54.jpeg (21 KB)

“Güneydən olan azərbaycanlı tələbələrə dəstək göstərilməsi ilə bağlı irəli sürülən təkliflər çox gözəl təşəbbüsdür. Təxminən bir il bundan əvvəl güneyli tələblərə təhsil imkanları yaranması ilə bağlı cənab Prezident İlham Əliyevə müraciət göndərmişdik. Əlbəttə ki, soydaşlarımızın Quzeydə öz ana dilində təhsil alıb, Güneyə dönməsi, orada müəllimlik etməsi bizim üçün çox böyük önəm daşıyır. Biz tam əminik ki, cənab Prezidentimiz bu məsələyə xüsusi diqqət ayıracaq. Onun bu günlərdə 40 milyon azərbaycanlının ana dilindən məhrum olması haqda söz açması bütün Güneyi sevincə qərq edib. Prezidentin bu sözləri bütün güneylilərin ürəyindən xəbər verib. Biz çox sevincliyik və çox da ümidliyik ki, cənab Prezident İlham Əliyev hər zaman daha 10 milyonluq deyil, 50 milyonluq azərbaycanlıların Prezidenti olacaq, onların arxasında dayanacaq.

Qeyd edim ki, çox dəyərli millət vəkili Qənirə Paşayeva uzun illər bir çox güneyli tələbələrə dəstək olub, onların Azərbaycanda təhsil almasına köməklik göstərib. Bunun üçün ona təşəkkür edirik.

Türkiyə uzun illər güneyli tələblərə köməklik edib. Hazırda da Türkiyənin bir çox tanınmış həm dövlət, həm də özəl uiniversitetlərində çox sayda güneyli gənlcər təhsil alır. Ümid edirik ki, Azərbaycan dövləti də bu məsələyə qoşulacaq və güneyli tələbələrin təhsil almasına köməklik göstərəcək. Bu həm də fars şoviniziminin qulağına bir şillə olar və onlar bilərlər ki, Güneydəki 40 milyonluq azərbaycanlıların arxasında Azərbaycan dövləti, cənab Prezident İlham Əliyev var. Bu, bütöv Azərbaycanın mənəvi birliyi üçün də böyük addım olar. Çünki müasir dövrdə güc elmdə, təhsildədir. Bir milləti yalnız təhsil, elm birləşdirə, bütövləşdirə bilər”.

Bəs Güney Azərbaycandan olan tələbə soydaşlarımıza dövlət köməyi necə qurula bilər?

Ekspert Natiq Cəfərli qeyd etdi ki, dünyanın bir çox ölkələrində öz soydaşlıq prinsiplərinə əsaslanan proqramlar qəbul olunub:

natiq-cəfərli-1(1).jpg (579 KB)

“Xarici ölkələrdə xarici vətəndaşların dövlət dilində təhsil alması nəinki pulsuzdur, hətta müxtəlif təqaüd proqramları da dəstəklənir. Bu baxımdan Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın da Azərbaycan universitetlərində öz ana dilində təhsil alması tamamilə pulsuz olmalı və bu barədə qaydalar, həmçinin müxtəlif dəstək fondları tətbiq olunmalıdır.
Proqramlar çərçivəsində müəyyən maddi yardımlar da ayrıla bilər. Yəni onların oxuduqları müddətdə təqaüdlərin ayrılması da mümkündür. Avropa ölkələrində bu barədə çoxdan addım atılıb.

Güneyli soydaşlarımız Azərbaycanda ana dilində təhsil alıb, sonrada geri dönüb Cənubda fəaliyyət göstərməklə həm Azərbaycanın təbliğatçılarına çevriləcəklər, həm də daha uzaqgörən strateji hədəflərə nail olunacaq”.

Təhsil eksperti Kamran Əsədov isə qeyd etdi ki, Güney Azərbaycanda yaşayan azərbaycanlılar xarici ölkələrə əsasən tibb, mühəndislik və müəllimlik ixtisasları üzrə təhsil almağa gedir:

1589192278_kamran4.jpg (74 KB)

“Hazırda ölkəmizdə cənublu soydaşlarımız daha çox tibb sahəsində təhsil alırlar. Lakin çox təəssüf ki, onlara tətbiq olunan təhsil haqqı 4000-4500 manatdır. Hətta digər universitetlərdə daha yüksək təhsil haqqı təklif olunur. Cənab Prezidentimizin də çıxışında dediyi kimi Azərbaycan dilində danışan, amma təhsil almaq imkanından məhrum olan kifayət qədər azərbaycanlı soydaşlarımız var.

Hesab edirəm ki, burada iki məşhur proqramdan istifadə edə bilərik. Məsələn, qardaş Türkiyədə türkcə danışan ölkələr üzrə proqram var. Buna Türkiyə bursları deyilir. Azərbaycan da Güney Azərbaycandan olan soydaşlarını attestatsız, sadə sənədləşmə prosesi ilə birbaşa qəbul etməlidir. Çünki Güney Azərbaycanda soydaşlarımızın Azərbaycan dilində məktəb yoxdur. Ona görə yoxdur ki, Azərbaycan dilində təhsil almış, diplomu olan şəxslər yoxdur. Amma hər kəsə məlumdur ki, Cənubi Azərbaycanda Azərbaycan məktəbi yoxdursa da, erməni dilində həm məktəb, həm də qəzet var. Çünki onların həmin ərazidə öz dillərində ixtisaslı mütəxəssisləri var.

Hazırda qardaş Türkiyədə 30 mindən çox cənublu soydaşlarımız təhsil alır. Elə etməliyik ki, onlar gəlib Azərbaycanda da təhsil alsınlar. Biz bunu İran sərhədinə yaxın olan ərazilərdə yerləşən universitetlərdə, məsələn, Lənkəran Dövlət Universitetində təşkil edə bilərik. Həmin universitetdə müəllimlik və mühəndislik ixtisası üzrə fakültələr var. Naxçıvan Respublikası ərazisində də üç universitetimiz fəaliyyət göstərir ki, həmin universitetlərdə də tibb, müəllimlik, mühəndislik fakültələri var.

Həmçinin güneyli tələbələrin yataqxanalar və yaxud yataqxana tipli evlərlə təmin edilməsi, xərclərinin qarşılanmasını tənzimləyən proqramın əsasını qoymalıyıq.

Bir sözlə, Cənubi Azərbaycandan olan soydaşlarımıın bütün təhsil xərclərini qarşılayıb, onlara dəstək olmalıyıq”.

Xalidə Gəray,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR