İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözəlliyi ilə nasist zabitləri məftun, silahı ilə məhv edən qız – Tatyana Markus əfsanəsi

5292 07.04.2022 15:41 Yaxın tarix A A

Ona qəhrəman adını sovet-alman müharibəsindən 61 il sonra veriblər. Sovet dövründə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməyən Tatyana Markus 2006-cı ildə (ölümündən sonra) Ukrayna Qəhrəmanı adı ilə təltif olunub. 2009-cu ildə isə Kiyevdə onun abidəsi ucaldılıb.

Tatyana Markus 1921-ci ildə Ukraynanın Romnı şəhərində yəhudi ailəsində anadan olub. Bir neçə ildən sonra ailə Kiyevə köçüb. Markus Kiyevdə 44 nömrəli orta məktəbdə 9 illik təhsildən sonra dəmiryol idarəsində kargüzar kimi əmək fəaliyyətinə başlayıb. 1941-ci ildə Kiyev almanlar tərəfindən işğal olunanada o, Kiyev şəhər partiya komitəsində yaradılan gizli təşkilatın ən fəal üzvlərindən biri olub. Əslində, onun hansısa bir qəhrəmanlıq edəcəyinə çoxları şübhə edib. Amma çox qısa bir müddətdən sonra Markus əsl qəhrəmana çevrilib.

Nasistlərə qarşı diversiya əməliyyatlarında iştirak etmək üçün Markusa başqa ad və soyadla sənəd verilib və həmin sənəddə onun soyadı Markusidze göstərilib. O, bu sənədlə Kiyevdə alman zabitlərinin yeməkxanasında işə düzəlib. Özünü bolşeviklər tərəfindən öldürülmüş gürcü knyazının qızı kimi təqdim edən Markus Vermaxt zabitlərinin sevimlisinə çevrilib. Gözəlliyi, cəlbedici görünüşü ilə o, hətta Berlindən Kiyevə ezam olunan yüksək ranqlı alman məmurlarının da diqqətindən yayınmayıb.

5-20.jpg (53 KB)

Almanlar Markusa xüsusi diqqət və ehtiram göstəriblər, ona sevgi etirafları, yataq bölüşmək təklifləri də çox olub. Markus bu imkanlardan yetərincə istifadə edib.

Yeməkxanada işlədiyi 12-ci gün Markus ilk əməliyyatını həyata keçirib. Vermaxtın polkovnik rütbəli briqada komandirlərindən biri onu görüşə dəvət edib. “Gürcü qızı” əvvəlcə bu görüşdən imtina etsə də, sonda alman zabitinin birgə filmə baxmaq təklifi ilə razılaşıb. Filmdən sonra alman zabiti onu yaşadığı mənzilə dəvət edəndə Markus bu dəvəti də qəbul edib. Mənzildəki görüş cəmisi beş dəqiqə çəkib. Markus vanna otağında duş qəbul edən zabitin həyatına bir atəşlə son qoyub.

Markusun ikinci əməliyyatı eyni vaxtda 10-dan artıq alman zabitinin həyatına son qoyub. Belə ki, o, günorta yeməyinə gecikən zabitlərin xörəklərinə zəhərli maddə qatıb. Bu hadisə böyük səs-küyə səbəb olsa da, Markusdan heç kim şübhələnməyib. Hadisədən bir gün sonra alman zabitləri qarşısında göz yaşları tökən Markus kommunistləri lənətləyərək “bu alçaqlar mənim atamı da belə öldürmüşdülər” deyə bütün şübhələrdən çıxıb.

73877846.jpg (67 KB)

Markusun bu cür əməlləri çox olub. Altı ay ərzində 100-ə yaxın alman zabitini məhv edən “gürcü qızı” sonuncu işində “ilişib”.

Markus növbəti dəfə Berlindən ezam olunmuş yüksək ranqlı dövlət məmurunun hədəfinə keçib. Xüsusi mühafizə ilə gəzən məmur dəfələrlə ona görüş təyin edib, nahar vaxtlarında alman zabitlərinin yeməkxanasına gələrək ona hədiyyələr bağışlayıb. Markus onun yaşadığı mənzildə xüsusi mühafizə olduğunu bilib, onu da bilib ki, məmurun mənzilinə gedənlər yoxlanılırlar. Belə olan halda isə içəri silah keçirmək müşkülə çevrilib. Bunları nəzərə alan Markus bir neçə dəfə həmin mənzilə silahsız gedib. Amma müxtəlif bəhanələrlə məmurla intim əlaqələrdən də yayınıb. Mühafizəçilər Markusu tez-tez gördüklərindən növbəti dəfə onun çantasını yoxlamayıblar. Yəni, Markus həmin evin ən yaxın adamı sayılıb. Növbəti görüşdə Markus berlinli məmurun da həyatına son qoyub. Evi tərk edəndə isə, stolun üstünə qoyduğu kağız parçasına aşağıdakıları yazıb:

“Hamınızı bir-bir məhv edəcəyik. Son nəfərinizə qədər ölümə məhkum olunacaqsız. Bunu tam əminliklə sizə mən vəd edirəm. Sizin sevimli Tatyana Markus...”

49_big.jpg (74 KB)

Bu hadisədən sonra artıq ələ keçəcəyini bilən Markus Kiyevi tərk etmək məcburiyyətində qalıb. 22 avqust 1942-ci ildə onu Kiyevdən çıxarmaq üçün Ukrayna partizan hərəkatının ən fəal üzvləri işə cəlb edilib. Dəstə Dnepr sahilində almanların mühasirəsinə düşüb. Markus həbs edilib.

Beş aya yaxın Markus sorğu-suala tutulub. Gizli təşkilat, diversiya qrupu ilə bağlı suallara o, sükutla cavab verib. Nasistlər tərəfindən ən ağır işgəncələrə məruz qalsa da, Markus heç kimi satmayıb.
29 yanvar 1943-cü ildə 22 yaşlı Tatyana Markus almanlar tərəfindən güllələnib.

Markus_Tatjana6.jpg (193 KB)

Markusun qəhrəman adı ilə təltif olunması üçün Kiyevdən Moskvaya dəfələrlə təqdimatlar göndərilib. Amma Kreml hansısa səbəblərdən bu təqdimatlara cavab verməyib. Nəinki qəhrəman adı, Markusa adi medalın verilməsi də müzakirə mövzusuna çevrilməyib.

Həhayət, 2006-cı ildə, Ukrayna hakimiyyəti Tatyana Markusu layiq olduğu qəhrəman adı ilə təltif edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR