İnsanlara hürriyət, millətlərə istiqlal!

“Göyçə Zəngəzur Respublikası” ideyası arxasındakı gerçək - Rizvan Talıbov təzədən niyə tutuldu?

4003 12.08.2023 09:00 Gündəm A A

İlham İsmayıl: “Bəzi vətəndaşların yersiz və saxta vətənpərvərliyi dövlətə ciddi zərər vura bilər”

Vüqar İsgəndərov: “Bu, Azərbaycanın böyük məqsədlərinə çatmasına qarşı təxribat əməlidir”

“Göyçə Zəngəzur Respublikası”nın prezidenti və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov və “respublika”nın yeni prezidenti olduğu bildirilən, müvəqqəti olaraq Türkiyədən Azərbaycana gəlmiş Tünzalə Çələbiyevanın Azərbaycan DTX-da aparılan araşdırmalarla bağlı axtarışlar aparılaraq, sorğulanmaları ilə əlaqədar istintaq orqanına aparıldıqları bildirilir. Qeyd edək ki, bu barədə hələ ki, rəsmi məlumat yoxdur.

Xatırladaq ki, 2022-ci ildə Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin rəhbəri Rizvan Talıbov “Göyçə Zəngəzur Respublikası”nın yaradıldığını elan etmiş, onun “respublika”nın dövlət başçısı olduğu, həmçinin “respublika”nın öz parlamenti, nazirlər kabinetinin olduğu iddia edilmişdi (Qeyd olunan təşkilatların Qərbi Azərbaycan İcması ilə heç bir bağlılığı mövcud deyil).

Sentyabrın 19-da Türkiyənin Ankara şəhərində “respublika”nın nümayəndəliyinin açıldığı bəyan edilmişdi. 2023-cü ilin yanvar ayında “Göyçə Zəngəzur Respublikası” və Qərbi Azərbaycana Qayıdış İctimai Birliyi tərəfindən Rizvan Talıbovun Göyçə Zəngəzur Respublikasına rəhbər vəzifələrə təyinatları barədə məlumatlar və siyahı yayımlanmışdı. Qərbi Azərbaycan İcması bəyanat verərək, belə bir təşəbbüsün dəstəklənmədiyini bəyan etmişdi.

Məlum olduğu kimi, Rizvan Talıbov tərəfindən mənsubiyyəti məlum olmayan dairələrlə birgə özbaşına olaraq “Göyçə Zəngəzur Respublikası” adlı qurumun elan edilməsi Qərbi Azərbaycan ziyalıları tərəfindən böyük təxribat kimi qiymətləndirilmişdi. Daha sonra Rizvan Talıbovun rəhbər vəzifələrə təyin etdiyini bildirdiyi xarici ölkə vətəndaşlarının İraq kürd icmaları ilə və digər ölkələrdə müəmmalı görüşləri, xarici ölkə vətəndaşları tərəfindən Rizvan Talıbovun “respublika prezidentliyi”ndən uzaqlaşdırılaraq Tünzalə Çələbiyevanın prezident elan edilməsi ictimaiyyətdə əlavə çaşqınlıq və suallar yaratmışdı.

1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisi olan Qərbi Azərbaycan İcması həmin ildən etibarən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə leqal ictimai qurumdur.

Onu da yada salaq ki, ötən ilin sentyabr ayında “Göyçə Zəngəzur Respublikası”nın prezidenti və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov, həmçinin Rizvan Talıbovun özünə “yardımçı” elan etdiyi Mehmet Ali Arslan adlı şəxs Türkiyədə və İraqda kürdlərlə bir sıra görüşlər keçirmişdi. Mehmet Ali Arslan “Kürdüstan İslam Ədalət Partiyası”nın rəhbəri Mamusta Ali Bapirlə İraqda görüşmüşdü.

Əlavə edək ki, Rizvan Talıbov əvvəllər Əli İnsanovun “Hüquqlarını Müdafiə Komitəsinin sədri” olub. 2007-ci ildə ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və o həbs edilib. Bəzi məlumatlara görə, Rizvan Talıbovun Türkiyədəki iranpərəst qüvvələrlə əlaqələri var.

İlham İsmayılın oğlu saxlanıldı

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bəzi vətəndaşlar şəxsi yersiz ambisiyaları, saxta vətənpərvərliyi bəzi hallarda dövlətə ciddi zərər vura bilər. Ekspert vurğuladı ki, beynəlxalq hüquqda tarixi torpaqlar anlayışı yoxdur: “Birləşmiş Millətlər Təşkilatına (BMT) hansı ərazilərlə daxil olunubsa, o ərazilər haqqında danışmaq olar. Qərbi Azərbaycan İcmasının yaradılması diplomatik gedişdir. Məqsəd azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıtması ilə bir növ Qarabağla paralel yaratmaq, ermənilərin status ümidini məhv etməkdir. ”Göyçə Zəngəzur Respublikası"nın yaradılması, kimlərəsə vəzifələr təyin etmək, şübhəli xarici vətəndaşlarla görüşlər Azərbaycana zərər gətirir. Çox güman ki, onlar hər hansı proseslərin yekununda ciddi mənada vəzifə qazanacaqlarını düşünürdülər. Digər ehtimalla məqsəd pul qazanmaq ola bilərdi. Bölgədə vəziyyət düzgün dəyərləndirə bilsəydilər, bu cür addım atamazdılar. Əgər “Göyçə Zəngəzur Respublikası”nın prezidenti və “Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin rəhbəri kimi təqdim edilən Rizvan Talıbov həqiqətən saxlanıbsa, hüquq-mühafizə orqanları düzgün addım atıblar".

Vüqar İskəndərov: Minsk qrupunun bərpası cəhdləri Qərbin siyasi  riyakarlığının təzahürüdür

Millət vəkili Vüqar İsgəndərov isə mövzunu belə şərh etdi: “Ümumiyyətlə, ”Göyçə Zəngəzur Respublikası" fikri zərərlidir. Bu dövlət tərəfindən dəstəklənmir. Qərbi Azərbaycan İcması yaradıldığı üçün bunu plagiat da adlandırmaq olar. Təşkilat uğurla fəaliyyət göstərir. Azərbaycanda qondarma təşkilatlar, özünə vəzifə verənlər, “siyasilər” mövcuddur. Biz 30 il ərzində bu kimi məsələlərdən əziyyət çəkmişik. 90-cı illərin əvvəllərində ölkə az qala hissələrə parçalanmışdı. Məsələ həm də qondarma qurumları yaradanların qaranlıq keçmişidir. Şübhəli şəxslərlə keçirilən müəmmalı görüşlər və s. cəmiyyətə aydın deyil. Saxta qurumlar nə dövlət, nə də ictimai birliklər tərəfindən qəbul edilir. Bu, Azərbaycanın böyük məqsədlərinə çatmasına qarşı təxribat əməlidir. Ziyalılar da, cəmiyyət də bu məsələyə ciddi reaksiya göstərməlidir. Dövlət isə belə mənfi addımların qarşısını qətiyyətlə alacaq".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR