İnsanlara hürriyət, millətlərə istiqlal!

Gömrükdəki tutqular və qulağı deşik inək kəlləsi

2077 20.07.2022 08:05 Yazarlar A A

Türklər “kumpas”, ruslar “podstava” deyir, amma biz bir kişinin inzibati-hüquqi-kriminal tələyə salınmasına “torbatikmə” deyirik. Bu da təxminən “işverənlik” kimi bir sözdür, sonradan əmələ gəlib.

İndi baxıram, sosial şəbəkədə bəzi yazarlar gömrükçülərin komitəsində baş verən haqq-hesabları “torbatikmə əməliyyatı” adlandırırlar və 6-7 min işarəlik status-köşə yazaraq “ilişənlər”i müdafiə edirlər və ya müdafiə etməyə çalışırlar.

Söz yox, hər kəsin kimisə müdafiə etmək hüququ var. Bəzən məlum olur ki, gerçəkdən də adamın torbasını tikiblər və müdafiə edən olmayıb, amma sonradan bəraət alıb. “Torbatikmə” proseslərində belə şeylər olur.

Amma elə strukturlar və sahələr var ki, orada 3-4 ay işləyəndən sonra, nə billah eləsən, məsumluğunu sübut edə bilmirsən. O yerlərin torbası işə daxul olduğun gündən hörülməyə başlayır və bir müddətdən sonra istənilən gün kisənin ağzını büzsələr, torba hazırdır. Gömrük elə bir yerdir.

Gömrük elə bir yerdir ki, mərhum yazıçı Altay Məmmədovun təbirincə desək, sanasan ağ kostyum geyinib dərin qır qazanına girirsən, amma səndən tələb edirlər ki, oradan tərtəmiz çıx. Mümkün deyil. Ağ kostyumla o qazandan yalnız gendən ala-bula pandaya oxşar şəkildə çıxmaq olar.

Ona görə də, düzü, mən “ortada başqa səbəblər var”, “adamların torbasını tikdilər”, “öz adamlarını yerləşdirmək üçün generalları şərlədilər” kimi söhbətlərin gerçəkliyinə inanmıram. Adamlar çoxdan mazutlu qazanın içində əlləşirdilər, nə şərləmə, nə torbatikmə?

Amma Məsum adlı gömrük generalının qohum-əqrəbası sona qədər “müəllim nazir olacaqdı, qabağını almaq üçün onu şərlədilər” deyərkən də haqlı olacaqlar. Ola bilərdi, kim bilir?

İndi elə çıxmasın ki, yüksək postlardan “vurulmalar” “torba”sız başa gəlir. Onsuz olmaz. Bu işlə məşğul olan xüsusi strukturlar var, nəzarət edirlər, bir məmur şişib torbayasığmaz hala gələndə, yuxarıda dediyim kimi, kisənin ağzını büzürlər.

“Torba”dan hətta son dərəcə dürüst adamlar da qorxur. Çünki günahsızlığını sübut edənə qədər ABŞ-da yeni prezident seçilir, Esvatinidə kral iki təzə arvad alır, Fransada “genosidi inkar etməyi ağlından keçirənlər”in cinayət məsuliyyətinə cəlb edilməsinə dair yeni qanun qəbul olunur və s.

İndi sizə bu söhbətə qüvvət-nümunə olacaq bir hadisə nəql edəcəyəm. Bunu mənə bu günlərdə danışıblar.

Deməli, sovet vaxtı cənub rayonlarımızın birində bir zabitəli kolxoz sədri varmış. Ağsaqqal müharibə və əmək veteranıymış, pencəyinin qabağı tutacaq qədər orden-medal daşıyırmış. “Böyük dayaq” filmindən tanıdığımız Rüstəm kişi. Raykomlar da qabaqcıl kolxozun sədri olan kişinin xətrini çox istəyirmişlər. Ona görə də onu yerindən tərpətmək mümkün deyilmiş. Amma hər kolxozda tamahkar və “torbatikən” yastı salmanlar, yarmməmədlər, lal hüseynlər olur axı. Onlar ağsaqqalı dolaşdırmaq üçün yuxarılara anonim məktublar yazırlar, amma kolxoza gələn yoxlamalar bir şey tapa bilmirlər. Axırda “işverənlər” götürüb yuxarılara yazırlar ki, sədr kolxozun cins inəyini öz qapısında saxlayır. Gerçəkdən də sədrin həyətyanə təsərrüfatında Kostroma cinsli inək varmış, amma bu, zavod kələsindən dölləndirilmiş yerli düyənin yekəlib sağmal inək olmuş balasymış. “Torbatikənlər” girəvələyib örüşdə otlayan həmin inəyin qulağını da deşirlər ki, guya birkası olub, sədr çıxarıb (o vaxt kollektiv təsərrüfatlara məxsus mal-qaranın qulaqlarına birka vurulurdu). Yazıq heyvan örüşdən gələndə sədr onun qulağını görür, yadına düşür ki, elə bu gün rayonun rəhbəri ona “səndən yenə material gəlib, yoxlamalı olacağıq” deyib. Ağsaqqal başa düşür ki, sabahda-zadda gəlib qulağıdeşik inəyi aktlaşdıracaq, torbasını tikəcəklər. O, ürəyindən qara qanlar axa-axa inəyi kəsdirir, ətini qonşular, qohum-əqrəba, dost-tanış arasında pay-bölüş etdirir, inəyin kəlləsini isə qıfıllı təndirxanaya qoyur. “Torbatikənlər” görür ki, “əşyayi-dəlil”, yəni inəyin deşik qulaq daşıyan kəlləsi ortada yoxdur, sədrin bir qadın qohumunu təlimatlandırırlar ki, guya ona ət çatmayıb, ona görə də inəyin kəlləsini istəyir. Qadın gəlir, iltimasını edir, dünyagörmüş sədr tövrünü pozmadan ona deyir: “Bala, o kəllə sənin nəyinə lazımdır, bilmirəm, amma, vallah, biz o inəyi elə kəlləsinə görə kəsdik”.

Bəli, sədr dürüst adam idi, amma öz halal inəyini qurban verdi ki, onu dolaşdıra bilməsinlər.

Bir də var, dürüst olmayasan, əlində milyonlar oynaya, sərəncamında hər birinin qiyməti 5-6 (20-30) milyon dolalr olan mülklər (otellər, şadlıq sarayları, restoranlar, villalar və s.) ola, amma hesab edəsən ki, bədxahlar sənə qarşı düz eləmirlər, “torba” tikirlər.

Ona görə də əli qələm tutan dostlar gömrükdəki tutquların-filanların kəllədə oturanın salam-səfa ilə yola salınması üçün olduğunu nahaq yerə yazırlar. Ortalıq qulağı deşik inək kəllələri ilə doludur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR