İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəzintidən qayıdan şagirdlər qəzaya düşdü - günahkar kimdir?

682 14.06.2022 10:40 Hadisə A A

Uşaq qruplarının daşınmasına dair konkret tələblər müəyyən edilib, lakin...

İyunun 12-si saat 22:50 radələrində Bakı-Şamaxı yolunun 108-ci kilometrliyində Pərviz Quliyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtobus idarəetməni itirərək qəza törədib. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bakı Şəhər Təhsil İdarəsi baş verən qəza ilə bağlı məlumat yayıb: “...Xəsarət alanlara ilkin tibbi yardım göstərilib və onlar Şamaxı, Qobustan və Bakıdakı müxtəlif tibb müəssisələrinə yerləşdiriliblər. Səhər saatlarına olan məlumata görə, Şamaxı və Qobustandakı xəstəxanalardan 1 nəfər ağır və 2 nəfər orta ağır xəsarət alanlar paytaxtdakı müxtəlif tibb müəssisələrinə köçürülüb. İnsan tələfatının olmadığı bildirilir. Yüngül xəsarət alanlar müvafiq tibbi yardım və müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi müvafiq qurumlarla birgə xəsarət alanların vəziyyətini nəzarətdə saxlayır. Qeyd edək ki, qəzaya uğrayan avtobusun sərnişinləri, ümumilikdə 36 şagird (32 nəfər lV sinif və onların ailə üzvləri olan 4 nəfər digər sinif şagirdi), 4-cü sinfin rəhbəri olan müəllim və 19 nəfər valideyndən ibarət olub. Məktəb rəhbərliyinin verdiyi məlumata əsasən, şagirdlərin səfəri valideynlərin təşəbbüsü ilə birgünlük gəzinti-istirahət məqsədilə təşkil olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bir daha valideynlərə çağırış edir ki, dərsdənkənar vaxtlarda və tətil müddətində bu kimi səfərlərə təşəbbüs göstərərkən müvafiq normalara cavab verən qurumlarla qanunauyğun şəkildə tərəfdaşlıq etmələri zəruridir. Bütün xəsarət alanlara şəfa diləyirik".

Kamran Əsədov: “Peşə təhsilli şəxslər əmək bazarının tələblərinə cavab  vermirlər” - 05.08.2019, Sputnik Azərbaycan

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov bildirib ki, hər bir ölkədə uşaqların, məktəblilərin daşınması üçün müvafiq tələblər mövcuddur: “Gürcüstanda məktəb ekskursiyalarının təşkili prosesində ümumi təhsil müəssisələri Gürcüstanın ”Yol hərəkəti haqqında" Qanununa və təhsil, elm, mədəniyyət nazirinin 719 nömrəli əmri ilə “Ümumtəhsil müəssisələrinin şagirdlərinin ekskursiyaları Qaydalarının təsdiq edilməsi haqqında” Qanuna uyğun olaraq fəaliyyət göstərirlər. Bu qaydaya əsasən, turun təşkilatçısı/nəzarətçisi səyahət zamanı şagirdlərin təhlükəsizliyinə və ekskursiyanın keçiriləcəyi yerə cavabdehdir, bunun üçün ekskursiyaya ən azı 10 gün qalmış məktəb direktoruna təqdim edir, sürücünün şəxsiyyət vəsiqəsini tələb edir, sürücülük vəsiqəsi, ekskursiyanın məqsədləri, planlaşdırılan tədbirlər, iştirakçılar (o cümlədən yetkinlik yaşına çatmayanlar), məsul şəxslər, ekskursiyanın tarixi və yeri haqqında məlumat təqdim olunur. Məktəb direktoru təqdim edilmiş məlumatı/sənədləri nəzərdən keçirir və ekskursiyanın keçirilməsi və ya keçirilməməsi barədə şəxsi qərar qəbul edir. Şagirdlərin təhlükəsizliyi üçün ekskursiya gecələmədən yalnız bir gündə həyata keçirilməlidir. Məkan elə seçilməlidir ki, məktəbdən yerləşdiyi yerə qədər olan məsafə 150 km-dən çox olmasın. Ekskursiya zamanı azyaşlıların çayın və su anbarlarının ətrafına, sürüşməyə meyilli və digər həssas ərazilərə daxil olmaması vacibdir. Ekskursiya təşkilatçısı tələbəyə, onun nümayəndəsinə və ekskursiyada iştirak edən digər şəxslərə ekskursiyanın tarixi, yeri, planlaşdırılan tədbirlərin məqsədi və iştirakçılar və məsul şəxslər haqqında tam məlumat verməyə borcludur. Şagirdin nümayəndəsi turda onu müşayiət etmirsə, turun təşkilatçısı şagirdin valideyninin turda iştirak etmək üçün yazılı razılığını almalıdır. Turda ilk tibbi yardımı aşkar etmək bacarığı olan ən azı bir yetkin şəxs olmalıdır. Tur bələdçisində iştirakçı tələbələrin və valideynlərin tam məlumatları, o cümlədən iştirakçı tələbənin xüsusi ehtiyacları haqqında məlumat olmalıdır. Şagirdlər, valideynlər və müəllimlər qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada texniki baxışdan keçmiş nəqliyyat vasitəsində fiziki və ya hüquqi şəxs tərəfindən ekskursiyaya aparılmalıdırlar. Nəqliyyat vasitəsini müvafiq təcrübə və müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olan sürücü idarə etməlidir. Avtomobildə ilk yardım dəsti olmalıdır".

Elməddin Muradlı: “İndiki artım o qədər də fantastik bir məbləğ deyil,  sadəcə, 10 qəpik artım olub” Pravda.az

Elməddin Muradlı 

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a bildirdi ki, gənclərin sürücülük təcrübəsi olmadan sükan arxasına keçməsi yolverilməzdir: “Turizm şirkətləri sürücü yetişdirmədikləri üçün belə problemlər yaranır. Təcrübəsiz olsalar da, sürücülər yalnız qazanc əldə etmək barədə düşünürlər. Xüsusilə məktəbliləri daşıyan avtobusları idarə edənlərə nəzarət edilməlidir. Baş Dövlət Yol Polisi İdarəsi bununla bağlı dəfələrlə məktəblərə, valideynlərə müraciət edib ki, belə səfərlər zamanı müşayiətçi ayrılsın. Lakin valideynlər bunu nəzərə almırlar. Valideynlər dövlət qurumuna yox, turizm şirkətinə daha çox etibar edirlər. Şirkətlər peşəkar sürücülərlə müqavilə bağlamalıdırlar. Təəssüf ki, bəzi sürücülər həddən artıq tamahkarlıq edirlər. Bəlkə də avtobusu sürən sürücü ard-arda səfərlər edib, dincəlmədən qazanc üçün bu səfəri yerinə yetirib. Turizm şirkəti adını açıqlamaqdan imtina etsə də, yaralılara yardım etməsə də, təbii ki, cinayət işi açılacaq, turizm şirkəti də, sürücü də məsuliyyətə cəlb olunacaqlar, lakin uşaqların yaşadığı travmanın izləri uzun müddət qalacaq. Bu cür halların qarşısını almaq üçün avtovağzala müraciət etmək lazımdır. Turizm şirkətlərinin səfərlərdə ehtiyat sürücü təqdim etmək imkanı yoxdur. Əlavə pul ödəməmək üçün avtobusda ehtiyat sürücü ayrılmayıb. Valideynlərə bildirilməklə bunu təmin etmək lazım idi”.

Qeyd edək ki, qanunvericilikdə uşaq qruplarının daşınması ilə bağlı konkret tələblər müəyyən edilib:

- Uşaq qruplarının avtobuslarla daşınması yalnız “D” kateqoriyası üzrə avtomobil nəqliyyatı vasitəsinin idarə olunmasında üç il və daha çox fasiləsiz iş stajına malik olan sürücülər tərəfindən yerinə yetirilməlidir;

- Uşaq qruplarının 400 km-dən artıq məsafəyə daşınması üçün uşaqları aparan hər avtobusa iki sürücü təhkim olunmalıdır;

- Növbəarası istirahəti 12 saatdan az olan və ya reysqabağı tibbi müayinədən keçməyən sürücülər tərəfindən yaxud texniki vəziyyətinin reysqabağı yoxlanılması aparılmayan avtonəqliyyat vasitələri ilə uşaqların daşınması üçün reysə çıxmasına yol verilməməlidir;

- Avtobuslarla uşaq qruplarının daşınması yerinə yetirildikdə, daşınmanın sifarişçisi tərəfindən bir böyük müşayiətçi, aparılan uşaqların sayı iyirmidən çox olduqda isə iki böyük müşayiətçi təyin edilməlidir. Müşayiətçilər uşaq qruplarının təhlükəsiz daşınması məqsədi ilə müvafiq tədbirlərin görülməsini təmin etməlidirlər. İki müşayiətçilərdən biri baş müşayiətçi təyin edilməli, həmin müşayiətçi əsas avtobusda olmalı və daşınma zamanı daşıma qaydalarından irəli gələn tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir;

-Azərbaycan Respublikasının ərazisində uşaq qruplarının daşınması zamanı növündən asılı olmayaraq, avtobusların hərəkət sürəti saatda 70 kilometrdən artıq olmamalıdır. Yol hərəkəti qaydalarının tələblərinə uyğun olaraq uşaqların daşınmasını yerinə yetirən avtobusların yaxın məsafə üçün işıqları günün vaxtından asılı olmayaraq yandırılmalı və onlar “Uşaqların daşınması” tanınma nişanı ilə təchiz edilməlidir.

- Uşaq qruplarının saat 23.00-dan 05.00-dək olan vaxt ərzində, habelə yolun görünməsi məhdud olduğu şəraitdə (duman, yağış, qar və digər hallarda) daşınmasına yol verilmir. Müstəsna hallarda saat 23.00-dan 05.00-a qədər olan vaxt ərzində uşaqların dəmir yolu vağzallarına, hava və dəniz limanlarına və onların geriyə qaytarılmasına, habelə yolda ləngimə baş verdikdə, yaxındakı istirahət məntəqəsinədək (gecələmə yerinədək) daşınmasına yol verilir.

Belə daşımaların təhlükəsizliyinin təmin olunması məqsədilə xahiş olunur ki, səyahət təşkil edən müəssisə və təşkilat rəhbərləri uşaqları daşıyacaq nəqliyyat vasitələrinin gedəcəkləri istiqamətdə müşayiət olunmaları üçün səfərdən 5 gün əvvəl ərazi üzrə DYP bölümlərinə müraciət etsinlər.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR