İnsanlara hürriyət, millətlərə istiqlal!

Geriyə yol var - tayqa “zemlyanka”ları

3994 22.09.2022 11:00 Yazarlar A A

1994-cü ilin əvvəlləriydi, bir səhər uzaq qohumumla birlikdə “Bakıxanov” stansiyasından elektrik qatarına süvar olub “28 May”a gedirdik. Qatar yarıboş idi. Bizdən bir cərgə o tərəfdə, üzbəüzümüzdə yaşları 30-35 civarında olan iki lal-kar oturmuşdu, əl-qol hərəkətləri ilə, qrimaslarla (yəni sifət ifadələri ilə) anlaşırdılar. Bir az onlara baxandan sonra əyilib astadan yanımdakı qohuma dedim: “Yazıqlara bax e, bir-birini başa salmaq üçün, gör, necə əziyyət çəkirlər”.

O güldü və dönüb lal-karların eşitməyəcəyi (əslində buna nə ehtiyac vardı – bir halda ki, onlar kar idilər) tərzdə dedi: “Yalansa onları yazıq ilan vursun. İkisini də tanıyıram. Yeznə-qayındırlar. Tikintidə işləyirlər, “nemoy”-zad da deyillər”.

Maraq məni götürdü. Normal adam niyə belə eləsin ki, adam kimi anlaşa bilməzlərmi? Eloğlu bic-bic gülməyindəydi: “Qorxurlar ki, “oblava” olar, ələ keçərlər. Avtobusa, “elektriçka”ya minəndə özlərini lal-kar kimi aparırlar. Bir dəfə elə edib, canlarını qurtarıblar”.

Onların bu bicliklərinə heyrətlənə-heyrətlənə bir müddət hərəkətlərinə göz qoydum, qatar “Fioletov” (indiki adını bilmirəm) stansiyasına çatdı, “lal-karlar” bir-birini dümsükləyib ayağa qalxdılar, irəliyə-geriyə, böyürə-başa baxıb xatircəm oldular, vaqondan çıxanda biri təmiz Azərbaycan ruscasında o birinə dedi: “Davay e, fitillədik pramoy stroykaya”.

Qohum düz deyirmiş.

Bu, o vaxt idi ki, hələ Ermənistanla Azərbaycan arasında atəşkəs sazişi imzalanmamışdı. Atəşkəs iki aydan sonra, mayda olacaqdı. Şəhərdə adına “oblava” deyilən məcburi əsgər toplanışı davam edirdi. Çünki ermənilərin qarşısında dayanan olmasa, yaramazlar hələ bir az da irəliləmək fikrindəydilər. Vətən oğullarında ruh düşkünlüyü vardı, göz qırılmışdı, erməniylə döyüşməyə getmək, açığı, labüd ölümə getmək kimi yozulurdu.
Bir xeyli adam orda-burda gizlənirdi, bir yolunu tapıb Rusiyaya, Ukraynaya, o biri MDB respublikalarına gedənlər artmışdı, bir çoxları da beləcə, özlərini tülkülüyə qoyurdu.

Bir sözlə, o vaxt bizdəki vəziyyət hazırda Ermənistan camaatının düşdüyü vəziyyətin eyni idi.

Budur, Rusiyada da bənzər durum yaranıb. Putin qismən səfərbərlik elan edib, 300 minlik ordu yığmalıdır, di gəl, rus (eləcə də tatar, başqırd, çeçen, çuvaş, inquş, kalmık, ləzgi, buryat, evenk, çərkəz, qaraçay və adı çəkilməyən digər 72 millətin) gəncləri gedib Ukraynada ölmək istəmirlər. Dünəndən bəri hərə bir yol fikirləşir, nə etsinlər, necə eləsinlər ki, gedib Donbasda çölün düzündə donub basdırılmasınlar.

Dünənəcən, onların çoxu geyimlərində Z işarəsi gəzdirən “patriot”lar idi. İndi onlar da bizim 2020-ci ilin iyulunda hərbi səfərbərlik idarələrinə gedərək “bizi orduya yazın” deyə müraciət edən, şəkil çəkdirən, bu barədə peşəkar və sosial mediada xəbər yazdıran, amma oktyabrda qaçıb aradan çıxan məmur oğulları kimi hərəkət edirlər.

Söz yox, can şirin şeydir. Araqdan, pivədən vurub nataşalarla diskotekalarda şellənmək varkən gedib Luqanskdakı. Xersondakı kazarmalarda sabah başına nə gələcəyini bilməyə-bilməyə (əslində bilə-bilə) yaşamaq zor işdir.

Ona görə də artıq rusiyalı gənclərin bir xeylisi (məmur və biznesmen balaları) özlərinə “bron” düzəltdirirlər, bir xeylisi “xəstə”dir, “neqodnı”dır, bir parası özünü, yuxarıda yazdığım kimi, lal-karlığa, şikəstliyə vuracaq. Yəqin ki, ucu-bucağı görünməyən tayqa meşələrində gizlənənlər də olacaq.

İdeya vermək kimi çıxmasın, o ölkədə meşədə gizlənmək üçün əlverişli şərait var. Tayqada illərlə yaşayarsan, bir adam səni görə, tapa bilməz. Meşələrin dərinliklərində çoxlu ovçu daxmaları və “zemlyanka”lar (qazma komalar) var, Sibir çayları bol sulu və bol balıqlıdır, bizim hind toyuğu boyda, “qluxar” adlandırılan meşəxoruzu çoxdur, fərasəti və tüfəngi olan adam maral, sığın, ayı ovlaya-ovlaya illərlə gizlənə bilər. Deyilənə görə, o vaxt, 41-45 müharibəsində belə edənlər olub.

Ən pis durumda isə bizim həmvətənlərimiz və ermənilər qalır. 30 il öncə onlar Qarabağda gülləyə tuş gəlməmək üçün Rusiyanın şəhərlərinə qaçmışdılar və Rusiya vətəndaşı olmuşdular ki, hərbi mükələfiyyətdən azad olsunlar. İndi onların övladları Rusiya vətəndaşlarıdır və hərbi mükəlləfiyyətləri var, “qismən səfərbərlik” onlara da şamil olunacaq. Belə olanda bu şəxslər məcburdurlar ki, gənc oğullarını yenidən ana vətənə - Azərbaycana yollasınlar. Bənzər durumda olan ermənilər isə elə etməyəcəklər. Ermənistan hökuməti ölkəyə gələnləri “köməyə gəlmiş patriotlar” kimi sənədləşdirib Cermuk tərəflərə göndərə bilər, tərs kimi, İrəvanın hərbi panteonu da artıq dolub.

Vəziyyət belədir. Adam düşünür ki, bu nə taledir, bu nə yazıdır? Bəşər oğlunun dinc qərinəsi olmayacaqmı?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR