İnsanlara hürriyət, millətlərə istiqlal!

Gərginləşən Moldova-Rusiya münasibətləri - Qərbin təlimatı, yoxsa...

1317 28.09.2023 08:25 Siyasət A A

Ukraynada müharibə başlayandan az sonra Rusiya-Moldova münasibətləri də gərginləşib. Hazırda bu gərginliyin pik nöqtəsinin yaşandığı müşahidə olunur. Həm Dnestryanı bölgədə, həm də Qaqauz Muxtariyyətində kifayət qədər mürəkkəb durum mövcuddur. Hətta muxtariyyətin ləğvi də müzakirə olunur.

Belə rəylər var ki, Qərb Rusiya ilə növbəti dəfə Moldovada qarşı-qarşıya gəlir.

Hazırda bunun elementləri görünür. ABŞ-Moldova birgə hərbi təlimləri, Prezident Maya Sandunun intensivləşən anti-Rusiya açıqlamaları böyük mətləblərdən xəbər verir.

8-24 sentyabr tarixlərində Texas ştatındakı hərbi poliqonda Moldova və ABŞ ordusunun xüsusi təyinatlı “Sage Eagle” bölmələrinin birgə təlimləri nəticəsində bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsi yüksəldilib.

Moldova prezidenti Maya Sandu isə ölkəsində fəaliyyət göstərən TV8 telekanalında bəyanat verib ki, Avropa dəyərlərinin təbliği Rusiya ilə əməkdaşlıqdan tamamilə imtina etməyi tələb edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Sanduya görə, insanların təkcə Avropa dəyərlərini dəstəklədiklərini söyləmələri lazımdır. O, siyasətçilərin bu Avropa dəyərlərinə uyğun yaşadıqlarını və işlədiklərini nümunə ilə nümayiş etdirmələrinin vacibliyini vurğulayıb.

Moldova prezidenti qeyd edib ki, “Biz Avropanın, Moskvanın və hamının yanındayıq” deməklə kifayətlənmək olmaz.

Sandu əlavə edib ki, ölkə liderləri ya demokratiyaya inanır və bunu hər gün işdə nümayiş etdirirlər, ya da bu, “sadəcə, boş danışıqdır”.

Ukraynadan sonra Moldova-Rusiya toqquşması başlayırmı? Bunu Qərb təşkil edir, yoxsa Rusiya ənənəvi siyasətini həyata keçirir?

Qeyd edək ki, sabiq prezident İqor Dodon bir neçə gün öncə Sandunu Rusiya ilə münasibətləri qəsdən pisləşdirməkdə, Qərbin Moldovada arzuolunmaz planlarında yer almaqda ittiham etmişdi...

Fikrət Yusifov: “Dövlət özü əkib-becərənə həm dəstək olur, həm də öncədən  razılaşmış şərtlərlə onun istehsal etdiyi məhsulu alır” | Kaspi.az

Fikrət Yusifov: "Moskva əlinə düşən ilk fürsətdə bu "səhv addımları" Moldovaya bağışlamayacaq"

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, Rusiya ilk fürsətdə Moldovanı cəzalandıra bilər: “Əgər diqqət etsək, ABŞ başda olmaqla, Qərb bütün mümkün imkanlardan istifadə edib, keçmiş sovet respublikaları olmuş, indiki müstəqil dövlətləri Rusiyanın üzərinə qaldırır. Bu sırada ilk yerdə Pribaltika respublikaları dayanır. Onlar nəinki Sovetlər İttifaqından ayrılıb müstəqil dövlət oldular, az müddət sonra NATO üzvlüyünə daxil olub, Qərbin ən mühüm tərəfdaşına çevrildilər. Bunun ardınca Gürcüstanda Saakaşvilinin hakimiyyətə gəlməsi ilə bu ölkə Rusiyadan əsaslı şəkildə uzaqlaşdı. İndi Gürcüstanda rusiyameylli qüvvələr hakimiyyətdə olsalar da, bu ölkə Qərbə bağlılığını hər addımda nümayiş etdirir.

Bu gün Ermənistanın da birdən-birə 180 dərəcə dönüş edərək Rusiyadan üz çevirməsi ruslara əsl şok yaşadır. Onlar bunu qətiyyən gözləmirdilər. Bəlkə də düşünürdülər ki, Ermənistan bu gəmini olsa-olsa sonuncu tərk edə bilərlər. Lakin Ermənistan nə qədər sıxıntılar içində olsa da, Qərbi seçib Rusiyadan üz çevirdi.

Ukrayna haqqında danışmamaq da olar. Bu ölkənin mövqeyi, Rusiyadan qopub Qərbə inteqrasiya olmaq yolundakı əzimkar mübarizəsi ortadadır.

Moldovaya gəlincə, Azərbaycanda Qarabağ münaqişə ocağı yaratmış rus imperiyası buna bənzər bir məkanı da Moldovada Prednistroviyada yaradıb və ora öz qoşunlarını yerləşdirib. Moldovanın indiki, çox cəsarətli prezidenti artıq neçə müddətdir ki, öz ölkəsinin bağlarının Rusiyadan qoparılması ilə bağlı sərt addımlar atır və Kremlin qıcığına səbəb olan bəyanatlar verir. Rusiya isə hələ ki Moldovanı bu cür davranışlara görə hədələməklə kifayətlənir. İndi Rusiya Ukrayna cəbhəsində ağır məğlubiyyətlə üzləşir. Belə bir vəziyyətdə onun bir başqa bölgədə yeni bir cəbhə açacağı heç inandırıcı görünmür. Ancaq Moskva əlinə düşən ilk fürsətdə bu “səhv addımları” Moldovaya bağışlamayacaq. İndi ümumi mənzərə belədir. Qərb Rusiyanı çökdürmək üçün bütün vasitələrdən istifadə edir və edəcək. O, Rusiyaya qarşı olan təzyiqləri bundan sonra da artırmaqda davam edəcək. Qərb bu yolu artıq çoxdan seçib və bu yolla irəliləməkdə davam edir və bunun üçün heç nəyi əsirgəmir".

Bəhruz Məhərrəmov: ATƏT-in seçki müşahidə missiyası Azərbaycan kimi  Türkiyəyə də hazır hesabatlarla gəlib Pravda.az

Bəhruz Məhərrəmov: "Qərb dövlətləri bu prosesdə kifayət qədər aktivdir"

Deputat Bəhruz Məhərrəmov Azərbaycan istiqamətindən də çox vacib məqama toxundu: “Sirr deyil ki, Rusiya və Ukrayna arasında münaqişə əslində iki dövlət arasında müharibə yox, qütblər arasında ziddiyyətlərin kəskinləşməsidir. Ötən dövr ərzində baş verənlər göstərir ki, mövcud areal qütblərarası ziddiyyətin miqyasına cavab vermir və bu baxımdan qarşıdurmanın daha geniş zonalar üzrə böyüyəcəyi artıq şübhə doğurmur. Biz qısa müddət öncə Qafqazda da analoji cəhdlərin şahidi olduq, lakin Azərbaycan Prezidentinin yaratdığı geosiyasi reallıq, Azərbaycanın artan hərbi-siyasi imkanları bölgədə separatizmi kökündən, həm də qısa müddətə - 23 saata həll etməklə Cənubi Qafqazın qütblərarası ziddiyyətin növbəti ocağına çevrilməsinə imkan vermədi. Lakin qeyd etdiyimiz bölgələr, konkret desək, Ukrayna və ətrafında, xüsusən Moldovada analoji durum hökm sürmür və bu baxımdan həmin region üzrə yeni ziddiyyət ocaqlarının yaradılması mümkündür. Proseslərin gedişatı da göstərir ki, həmin ərazidə uzun illərdən bəri toplanmış və artmaqda olan gərginlik, nəhayət, münaqişəyə çevrilmək üçün əlverişli məqama bənddir.

Diqqət yetirilməli digər fakt ondan ibarətdir ki, Qərb bu günə qədər Rusiya-Ukrayna münaqişəsi ilə bağlı bir dəfə də olsun sülh çağırışları etməyib. Ritorika yalnız və yalnız Ukraynaya dəstək və Rusiya üzərində qələbəyə köklənib. Belə olan halda, heç şübhəsiz ki, Qərb qütbü Moldovada və ya digər istənilən ərazidə yeni münaqişə ocağının yaranmasına nəinki mane olmayacaq, əksinə, bu tip gərginlik ocaqlarının formalaşmasında maraqlı tərəf kimi çıxış edəcək. Proseslərin gedişi də göstərir ki, Qərb dövlətləri bu prosesdə kifayət qədər aktivdir. Lakin Ukraynada yaşananlar göstərir ki, belə situasiyalarda adətən münaqişənin yarandığı regionlar və həmin regionun əhalisi daha çox əziyyət çəkir. Bu mənada həmin bölgələrin insanlarının Cənubi Qafqaz təcrübəsinə, xüsusən Azərbaycan Prezidentinin yeni reallıqlarına presedent kimi baxması və yeni münaqişə ocağının yaranmamasına istiqamətlənmiş konkret iradə nümayiş etdirməsi çox vacibdir".

Dünyanı tolerantlığa səsləyən Qərbin dini dözümsüzlüyü...

Kənan Rövşənoğlu: "Moldovada Rusiya-Avropa İttifaqı mübarizəsi bundan sonra da davam edəcək"

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Rusiyanın hər zaman Moldovada maraqlarının olduğunu qeyd etdi: “Moldova uğrunda uzun müddətdir ki, Rusiya və Avropa İttifaqı arasında mübarizə gedir. Şərqi Avropanın ən kasıb ölkəsi olan Moldovada əhali üçün maddi olaraq Aİ daha böyük perspektiv vəd edir. Üstəlik, Sandu özü də sağ milli qüvvələrə yaxındır. Rumıniya ilə yaxınlaşmağın tərəfdarıdır. Lakin Moldovada həm də güclü Rusiya təsiri var. Ölkənin uzun müddət SSRİ-nin tərkibində olması, həmçinin həll olunmamış Dnestryanı bölgə münaqişəsi və nəhayət, Qaqauziya Rusiyanın Moldovadakı əsas təsir imkanlarıdır. Əlbəttə, Rusiya Aİ qədər Moldovaya iqtisadi rifah vəd edə bilmir, bu mümkün deyil. Lakin moldovanların mühüm bir qismi Rusiyada yaşayıb işləyir. Xüsusən də xristian-pravoslav qaqauzlar üçün Rusiya həm də dini baxımdan dost ölkədir. Digər tərəfdən, sağ millətçi moldovanlara qarşı provoslav-türk qaqauzlar üçün Rusiya ciddi bir alternativdir. Çünki son illərdə Moldovada Rumıniya ilə birləşmə tərəfdarlarının səsi yüksəkdən gəlməyə başlayır və bu millətçiliyin yüksəlməsi fonunda digər etnik qruplar, o cümlədən qaqauzlar üçün Rusiya alternativ kimi çıxış edir. Bu mənada Moldovada dərin siyasi böhran mövcuddur. Rusiyanın başı indi Ukraynada qarışıb, amma Moskva Moldovadakı prosesləri, əlbəttə, yaxından izləyir və rıçaqlarından istifadə edərək bu ölkədəki təsir gücünü qoruyub saxlamağa çalışır. Yəqin ki, Moldovada Rusiya-Avropa İttifaqı mübarizəsi bundan sonra da davam edəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR