İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənclərin aldanışı - həyatın eybəcər guşəsinin öyülməsi onları pis yola salır

1678 06.10.2022 11:03 Yazarlar A A

 

Hər dəfə hansısa məktəbdə xoşagəlməz, ekstremal hadisə baş verəndə ictimai həyəcanlanma pik nöqtəsinə çatır və bu, təbiidir.

Bu, o deməkdir ki, təhsil, eləcə də müasir gənclərin həyatı, gələcəkləri cəmiyyətin yaralı, əndişə duyduğu yerdir.

Sadəcə, bu məsələdə zaman-zaman ifrata varılmaların, mənfi səciyyəli ümumiləşdirmələrin şahidi oluruq.

Məsələn, belə iddialara rast gəlirik ki, cəmiyyətin gələcəyi yoxdur, “indiki gənclər zaydır”, “bu gedişlə sabahımız qaranlıq”dır və sair və ilaxır.

Əslində elə deyil, avara, cüvəllağı, düşüncəsiz gənclərlə yanaşı, iki o qədər də sağlam, savadlı, çalışqan, ağıl-kamallı gənclər var.

Bəs hər il qəbul imtahanlarında yüksək (eləcə də ortabab) ballar toplayıb ölkədə və xaricdə universitetlərə qəbul olunan gənclər kimlərdir?

Əlbəttə, onlar da bizim cəmiyyətin üzvləridir və gələcəyimiz əsasən onlarla bağlıdır.

Yəni müasir gəncliyin durumu və cəmiyyətimizin gələcəyi ilə bağlı birmənalı və mənfi çalarlı ümumiləşdirmələr aparmaq olmaz.

Sadəcə, hazırda hər yerdə olduğu kimi, burada da qütbləşmə var. Özlərinə dövlət qulluğunda, iqtisadi sferada yaxşı karyera qurmaq istəyən gənclərlə yanaşı, kriminal aləmə meyllənən, bu sektorda karyera quracağını zənn edən gənclər var.

Son illərdə ikincilərin kütləviləşməsi faktdır və bunu görməzliyə vurmaq mümkün deyil. Cəmiyyəti də əndişələndirən məhz budur: kriminal aləmə kütləvi meyl.

Bu təmayül ortaya təsadüfən çıxmayıb. Bütün dünyada uzun illərdir kriminal aləmə dair aparılan yanlış təbliğatın nəticəsidir.

Kino sənayesi inkişaf etmiş elə bir ölkə yoxdur ki, orada haqq-ədaləti zorakı yollarla bərpa edən ünsürlər haqqında, kriminal avtoritetlər, mafiyalar barədə ekran əsəri, seriallar çəkilməsin.

Bu mövzuda çəkilən minlərlə film, yazılan minlərlə roman kriminal aləmə ciddi maraq yaradır. Bu aləmi idealizə edir, onun iyrənclik və eyvəcərliklərinin üzərinə romantik pərdə çəkir.

Bir çox gənclər elə bilirlər ki, bir balaca əzələlidirlərsə, ötkəmdirlərsə, ən əsası, cəsurdurlarsa, bu aləmdə özlərinə asanlıqla yer edə bilərlər.

Bu, illüziyadır, aldanışdır. Əslində orta məktəbdə və ali məktəbdə yaxşı oxuyaraq, gələcəkdə təhlükəsiz və təminatlı işlərdə çalışma haqqı qazanmaq kriminal iyerarxiyada “hörmətli” yer tutmaqdan qat-qat çətindir.

Kriminala meylli gənclərin həbsxana (“zon”) həyatı haqqında təsəvvürləri o qədər yanlışdır ki, ora düşdükləri ilk gündə sarsılırlar, heç də hər şeyin düşündükləri kimi olmadığını görürlər.

Belə gənclər filmlərdən, yatıb-çıxmış məhlə uşaqlarının talvar altında, tində etdikləri söhbətlərdən elə bilirlər ki, namus, söyüş, verdiyi sözə xilaf çıxmaq, aldığı borcu qaytarmamaq üstündə kimisə bıçaqlayıb içəri düşüblərsə, dəmir qapıdan içəri keçən kimi onlara başdan yer göstərəcəklər.

Ta bilmirlər ki, orada o səbəblərdən 3-cü, 4-cü dəfə “yatan” minlərlə daha yaşlı, daha güclü, daha stajlı məhkumlar var və yeni gələnlərin 99 faizi onların yanında ora-bura buyrulan əl-ayaq uşaqları olacaq.

Yaşlı məhkumlar tərəfindən basqı altında yaşamaqla yanaşı, bir də həbsxananın daxili nizam-intizam qaydalarına, yazılmış və yazılmamış qanunlara, türmə nəzarətçilərinin tətbiq etdiyi rejimə riayət etmək, bunlardan kənara çıxdıqda cəzalanmaq (karserə salınmaq, döyülmək, “üzdəniraq” edilmək, hətta “naməlum şəxs” tərəfindən bizlə, vintaçanla, bıçaqla vurulmaq) perspektivi var.

Kriminala meylli gənclərə bütün bunlar barədə danışanlar, avtoritetlərin təqaüdə çıxmadığını, böyük əksəriyyətinin gənc yaşda öldürüldüyünü deyənlər, əl-əlbət var, ancaq bəsirət gözü bağlanmış gənclər həyatın ilk şapalağını dadmamış həqiqətin harada, nədə olduğunu anlamırlar. Anlayanda isə gec olur.

Bu məsələdə dövlətin üzərinə böyük yük və məsuliyyət düşür. Kriminal aləmi öyən, idealizə edən bütün növ yaradıcılıqlar (seriallardan tutmuş ta meyxanalara, mahnılara, bədii əsərlərə qədər) nəzarətə götürülməli, zərərli təbliğat-təşviqat materialı hesab edilməlidir ki, təcrübəsiz və bilgisiz gənclər həyatın dibi, ən hüquqsuz və təhlükəsiz guşəsi haqqında aldadıcı qənaətlərə gəlməsinlər, anlasınlar ki, türmədən çıxıb gələnlərin talvarda, tində etdikləri “belə vurdum”, “elə sındırdım”, “volyadan qrev gəlirdi, kef edirdik” kimi “qəhrəmanlıq dastanları”nın çoxu əfsanədir.

112 saylı məktəbdə sinif yoldaşını acımasızcasına döyən Elnur içəri düşsə, onu bir şapalaqla quzuya döndərər, “lotuluq” eləməyin asan iş olmadığını başa salarlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR