İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc turistin müəmmalı ölümü

1242 28.07.2022 10:10 Yazarlar A A

Hər il bu vədələr qıt olan yerli xəbərlərin içində bir neçə ərəb turistin Bakıdakı hoteldə ölməsi barədə məlumat da olur. Camaat ölmək üçün bunların ölkəsinə gedir, onlar da gəlib burada ölürlər.

Bu dəfə də elə oldu. Fəqət yeni xəbərdə, türkün sözü, qafaları qarışdıracaq nüanslar var.

Əvvəlki illərdə Bakıda ölən ərəb turistlərin yaşı təxminən Leninin öldüyü yaşa tən gəlirdi, hələ bir az da artıq olurdu. Yeni ölən ərəb isə cavan oğlandır, 24 yaşı varmış.

Keçən il və inişil Bakı hotellərində keçinən ərəblərin son nəfəslərini verməsi prosesində qadın amilinin rolu olduğu ya birbaşa, ya da dolayısı ilə qeyd olunardı. Bəzən üstüörtülü, bəzən də üstüaçıq şəkildə bildirilərdi ki, cənab turist öz lüks nömrəsinə yüngül əxlaqlı qadınlar dəvət edib, sonra başına belə bir iş gəlib.

Hamının yadına dərhal şoumen Cem Yılmazın məşhur “Kalp diyorlar” monoloqu düşərdi və qımışa-qımışa deyərdilər ki, yəqin ac turist mavi rəngli dərmanlar qəbul edib, ona görə bu günə düşüb, qəlbi eşq həyəcanına tab gətirməyib.

İndiki cavan oğlandır, üstəlik, məlumatda adı Niaqara şəlaləsinin adıyla həmqafiyə olan dərman və qadın söhbəti yoxdur.

Bəs bu ərəb turist niyə ölsün? Nəyi çatmırdı? Ölkədən-ölkəyə gedəcək, lüks hotellərdə qalacaq qədər pulu var, özü 24 yaşında gənc, şalbana dırmaşacaq enerjiyə malikdir, durduğu yerdə buna nə oldu belə?

Bu da Hindistandan gələn gənc turist kimi gedib meşədə azsaydı, deyərdik, başına iş gəlib, ayıya, canavara rast olub, onlar da nə qanır ki, bu yerli adam deyil, ölkəyə valyuta gətirib, azacıq dincəlmək istəyir, buna dəyməyək. Ac olanda ayı və canavarda patriotluq hissləri sıfırlanır və onlar üçün əcnəbi turistlə yerli yuristin arasında fərqi qalmır, hamısı 70-80 kilo hazır ətdir.

Gənc ərəbin cəsədi isə meşədə palıd ağacının dibində tapılmayıb, hoteldə, enli çarpayının üstündə tapılıb.

İndi məhkəmə-tibb ekspertizası (öz aramızdır, “sudmedekspertiza” daha sanballı və savadlı səslənir) turistin ölümünün hansı səbəbdən baş verdiyini bəyan edənə qədər biz də bəzi ehtimallar irəli sürə bilərik.

Mərhum cavan olduğuna görə yüz faiz qocalığa xas xəstəlikdən ölməyib - bir. Koronavirusdan da ölə bilməzdi, ölkəyə gələndə özü ilə sənəd gətirib - iki. İstidən ölməsi mümkün deyildi, çünki 50 dərəcəlik Ərəbistan təndirindən çıxıb yaylağa gələn adamdır - üç. Qadın və dərman faktoru olmayıb - dörd. Sui-qəsdə məruz qalmayıb - beş.

Yerdə iki güman qalır. Biri budur: ola bilər, mərhum turist gəlib burada araq, viski bolluğuna düşüb, harada dayanmağı bilməyib, nəticədə Bakının bürküsü ilə rus arağının sintezindən halı qarışıb.

İkinci ehtimal da budur ki, gənc ərəb fanatikcəsinə xəsisin biri olub, gəlib buradakı ticarət, iaşə və sair xidmətlərin tariflərindən sarsılıb və bu da onun səhhətində iz buraxıb.

Baxmayın, ərəb turistlər nə qədər varlı-hallı və səxavətli olsalar da, aralarında xəsisləri də olmamış olmaz.

Bizimkilərə də Allah insan versin, taksiçilərimiz 2 manatlıq yola 20 manat, kababçılarımız bir qarın yeməyə 75 manat tələb edirlər. Hələ kim bilir, yerli gənclərə 20-30 (lap uzağı 50) manata təklif olunan xidmətlər yazıq ərəblərə neçə yüz dollara təklif olunur. Nəticədə onların ürəyi bu “haram ticarət”ə tab gətirmir.

Düzgün deyil, bu, ölkənin turizm sektoruna zərbədir, bəlkə də sabotajdır. Ölkəyə gələn turistlər itkin düşəcəksə, hoteldə öləcəksə, yerdə qalanları bahalıqdan narazı qalaraq, acıq edib gedəcəklərsə, onda növbəti illərdə buraya kim gələcək?

Dünən qarşıma ərəb turistlərin təyyarə ilə öz ov quşlarını hansısa başqa ölkəyə (bəlkə də bizə) apardıqlarını göstərən bir şəkil çıxıb. Təyyarə də elə-belə təyyarə deyil, bəlkə də “Aerobus”dur, yanlarda 2, ortasında 3 oturacaq olanlardandır. Ərəblər öz sevimli quşlarını orta cərgələrdə yerləşdiriblər ki, quşlar illüminiatordan bayıra baxıb bihal olmasınlar. Hiss olunur ki, təyyarə xüsusi kirayələnib, çarter reysidir, çünki salonda başqa sərnişin yoxdur, yalnız ərəblər və quşlardır.

Adam da belə turistləri əldən buraxar? Onların qədrini-qiymətini bilmək lazımdır, xüsusilə də qiymətini. Amma çox da şey eləmək olmaz, elə etmək lazımdır ki, oteldə ölməsinlər, hovuzu batırmasınlar, sağ-salamat öz ölkələrinə qayıtsınlar və gələn il bir də gəlsinlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR