İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gələcəkdə buraxılış imtahanları iki mərhələdə keçirilərsə... “ – ekspert rəyi  

866 08.05.2023 14:41 Təhsil A A

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında açıq suallara görə növbəti illərdə buraxılış imtahanlarının vaxtının artırılıb-artırılmayacağına aydınlıq gətirilib. M.Abbaszadə bildirib ki, imtahanların müddəti standartlara uyğun müəyyən edilib.Onun fikrincə, bəzi sualları cavablandırmaq üçün orta hesabla 1-2 dəqiqə vaxt lazımdır.

"Təbii ki, açıq suallar daha çox vaxt aparır. Lakin elə qapalı suallar var ki, orada heç bir dəqiqə belə tələb olunmur, həmin sualı 1 saniyədə cavablandırmaq mümkündür. Məsələn, sual olunur ki, qonşu bucaqlar hansılardır? Bu suala baxanda anında cavab vermək olar. Burda hesablama aparmaq tələb olunmur. Bu halda həmin suala ayrılan vaxt digər suallara sərf oluna bilər. Şagirdlərin biliyini daha dərindən qiymətləndirmək üçün buraxılış imtahanlarını iki mərhələdə keçirmək olar. Lakin hazırda buna ehtiyac yoxdur", - DİM sədri vurğulayıb.

M.Abbaszadə bildirib ki, hazırkı modellə uşaqların bilik səviyyəsini qiymətləndirə bilirlər: "Növbəti mərhələ qəbul imtahanları mərhələsidir. Buraxılış imtahanlarının sualları necə standartlara uyğun hazırlanmışdısa, qəbul imtahanları da o şəkildə təşkil olunacaq".

Gələcəkdə buraxılış imtahanlarını iki mərhələdə keçirilməsi nə dərəcə mümkündür? Bu halda imtahan nəticələrinə necə təsir edə bilər?

1589192278_kamran4.jpg (74 KB)

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb. O bildirib ki, artıq 4 ildən çoxdur ki, orta ümumtəhsil məktəblərinin 9 və 11-ci siniflərinin buraxılış imtahanları aprel  ayında keçirilir:

“Etiraf edək ki, təhsilin ortasında  buraxılış imtahanın keçirilməsi müəyyən qədər həm nəticələrə, həm də şagirdlərin hazırlığına, dərsə, davamiyyətə öz təsirini göstərir.

Hesab edirəm ki, orta ümumtəhsil məktəblərini bitirən məzunlara necə ki, qəbul imtahanlarında əlavə şans verilir, eləcə də burada da bir dəfə ödənişsiz olmaq şərti ilə bir neçə şansın verilməsində hər hansı bir problem yoxdur. Dünya təcrübəsinə baxanda da görürük ki, imtahanlar il ərzində bir neçə dəfə keçirilir, hər kəs öz  nəticəsini yaxşılaşdırmaq üçün növbəti şanslarda da  iştirak edir. Fikrimcə ölkəmizdə də bu təcrübədən istifadə edilməsi yaxşı hal olardı.

Həm də nəzərə alsaq ki, imtahanlar mart ayından etibarən keçirilir və bu vaxta qədər şagirdlərin heç də hamısı proqramı qurtara bilmir. Həmçinin  orta məktəb dərsləri də buna öz  təsirini göstərir, şagirdlər psixoloji və həm də fiziki olaraq imtahana hazırlıqlı  olmurlar.

Beləliklə, hesab edirəm ki, imtahanların iki və yaxud bir neçə dəfə keçirilməsi yalnız ümumi nəticəyə müsbət təsir göstərər”.

Ekspert qeyd edib ki, imtahanların  məzmunlarında da dəyişiklik etməyə ehtiyac var:

“Yəni, buraxılış imtahanlarını bu qədər çətin, ağır  etməyə ehtiyac  yoxdur. Əksinə, daha da sadələşdirsək, daha yaxşı olar. Çünki buraxılış imtahanlarını verən şagirdlərin heç də hamısı ali məktəblərə sənəd vermir.

2018-2020-ci illərdə 9-cu sinif üçün buraxılış imtahanlarının iki mərhələdə keçirilməsini müşahidə etmişik. Lakin bu özünü doğrultmadı, çünki iki mərhələ həm şagirdləri, həm də müəllimləri əziyyətə saldı. Həmçinin burada imtahanların hər mərhələsində bal faktı da öz təsirini göstərir. Belə ki, əvvəlki modeldə 9-cu siniflər birinci mərhələdə açıq və situasiya tipli suallara cavab verib, 30 bal toplaya bilirdi. İkinci mərhələdə isə qapalı suallara cavab verib, 70 bal toplayırdılar. Hesab edirəm  ki, bu imtahanların strukturunu, məzmunu aşağı salırdı. Yəni, hər mərhələdə eyni fəndən fərqli test tapşırıqları vermək doğru yanaşma tərzi deyil. Yəni, imtahan bir dəfə olmalı, imtahan  iştirakçılarının bilik və bacarıqları, həmçinin dövlətin məzmun standartları  yoxlanılıb, ölçülməlidir. Yəni, imtahanları iki dəfə keçirmək yaxşıdır, nəinki iki mərhələdə keçirmək”.

Ekspert qeyd olunan təklifin hazırda real olması gözlənilmir:

“Yəni, 11-ci sinif şagirdləri bununla yanaşı fərqli imtahanlar da verirlər. Nəzərə alsaq ki, 11-cini sinif  şagirdləri bundan sonra qəbul imtahanları da verəcək, bir neçə imtahan vermək  imtahan iştirakçılarına çox mənfi təsir göstərir. Ona görə də düşünürəm ki, imtahan iştirakçılarına əlavə yük yaratmaq lazım deyil”.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR