İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecikmiş reverans - 12 il nazir işləyən, 13,5 il həbsdə yatan İnsanovun manevrləri

3998 12.12.2022 10:07 Yazarlar A A

 

Həbsdən çıxandan sonra Əli İnsanovun atdığı siyasi səciyyəli addımlar mütləq ölkədə diqqət mərkəzinə düşür.

12 il boyunca səhiyyə naziri işləyən və 13 il 5 ay həbsdə yatan İnsanov hətta azad olunduğu gün geydiyi palto və başına qoyduğu papaqla da gündəmə gəlmişdi – həm geyimlərin rənginə, həm də qiymətinə görə.

54256690_822791614745201_345535371708203008_n.jpg (63 KB)

Sonra o, 74 yaşındaykən Haqq və Ədalət Partiyası yaratdı və hələ də siyasi ambisiyasının qaldığını göstərdi.

Daha sonra o, müxalif qüvvələrə yaxınlaşdı, onların təşkil etdiyi görüşdə başdan oturdu. Deyəsən, İnsanov 30 ilin müxalifətçilərindən biət gözləyirdi. Bu, olmadı. Onlar da 12 il nazir işləmiş şəxslə müttəfiqlikdən nəsə bir fayda umurdular. Bu da baş vermədi.

395dc2941dbd47e.jpg (64 KB)

Lap daha sonra Əli İnsanov partiyası adından bəyanat yayaraq mövcud iqtidar komandasını, prezident İlham Əliyevi dəstəklədiyini bildirdi. Bu hərəkət bir çoxları üçün gözlənilməz olsa da, mümkünsüz bir şey deyildi. Bu, İnsanovun vaxtilə təmsil olunduğu komandadır, sadəcə, köhnə qvardiyanın yerini yeni qvardiya tutub.

Dünən isə Əli İnsanovun I Fəxri Xiyabanda eks-prezident Heydər Əliyevin məzarını ziyarət etməsi barədə xəbər və müvafiq fotoşəkillər yayıldı. Bu da mediada geniş işıqlandırıldı, sosial şəbəkədə müzakirə mövzusuna çevrildi, amma heç də sensasion yenilik deyildi.

Burada qeyri-adi bir şey yoxdur. Mərhum Əliyevlə İnsanov həmişə xətir-hörmətli olublar. Bilindiyinə görə, eks-prezident səhiyyə nazirinə yüksək dəyər verirmiş, onu ən yaxşı kadrlarından biri sayırmış. İnsanov da öz liderinə daima sayğılı və sadiq olub, fəqət 2005-ci ildə, Əliyevin vəfatından 2 il sonra nazirin həbsinə səbəb olan hadisələr baş verib.

maxresdefault.jpg (118 KB)

İnsanovun partiyasının abbreviaturasının (HƏP) açmasının həm də “Heydər Əliyevin Partiyası” kimi oxunması barədə deyilənlər heç də təsadüfi sayılmamalıdır. Belə görünür ki, bu, sonradan düşünülmüş yozum deyil, İnsanov partiyasına bu adı seçərkən fikirləşib ki, gələcəkdə HƏP abbreviaturasının ikinci açmasını da elan edəcək.

Budur, artıq heç HƏP-in açmasını elan etməyə də ehtiyac qalmayıb. HƏP özünü YAP-ın müttəfiqi, onun platformasında duran partiya kimi aparır və bu istiqamətdə gündən-günə daha əzmlə irəliləyir.

Bircə o qalıb ki, eyni münasibəti YAP da HƏP-ə, daha dəqiqi, Əli İnsanova münasibətdə göstərsin. Belə bir şey ola bilərmi? Prinsipcə, ola bilər. Həyatda hər şey mümkündür.

Ancaq bunu birmənalı şəkildə demək olar ki, YAP-ın HƏP-i öz bərabərhüquqlu müttəfiqi elan etməsi normal şəraitdə mümkün deyil. Bu, o vaxt ola bilər ki, hakim partiya ciddi sarsıntılara məruz qalsın, siyasi kataklizmlər yaşasın və “suda boğulanın yapşmağa saman çöpü axtardığı” vəziyyətə düşsün. Bax, o zaman YAP başqa siyasi qüvvələr kimi HƏP-dən də dəstək istəyə bilər. İndiki vaxtda, hər şeyin öz ritmiylə rəvan şəkildə davam etdiyi zamanda bu, mümkün görünmür.

media-kreslo-15wjxsq6k92aznmecybi.jpg (71 KB)

Bunun əsas səbəbi odur ki, bizim kimi ölkələrdə bir dəfə “saraydan qovulmuş əyan”lara etibar etmirlər. “Vurulmuşlar” vəzifələri ilə yanaşı etibarlarını da itirirlər və sonra onu heç cür bərpa edə bilmirlər.

İkincisi, yaş amili öz sözünü bu məsələdə də deyir. Artıq yüksək dövlət vəzifələrinə İnsanovun övladı, hətta nəvəsi yaşda olanları təyin edirlər. Onlar nə qədər təcrübəsiz olsalar da, ümdə üstünlükləri budur ki, saray intriqalarından uzaqdırlar.

Üçüncüsü, sabiq nazirin rəhbərlik etdiyi klana mənsub olan başqa adamlar nazir kürsüsünə gətiriliblər və ehtiyac yarandığı halda, regional klanın dəstəyinə ehtiyac olarsa, məhz həmin gənc nazirləri qabağa verəcəklər və o mahaldan çıxan kadrlar korpusu da onların ətrafında birləşəcək.

Uzun sözün kəsəsi, İnsanovun bu sayaq manevrlərinin artıq nə müxalifətə, nə də iqtidara isti-soyuğu yoxdur. İqtidara ona görə təsiri yoxdur ki, onsuz da özünü hakim komandaya yamamaq istəyənlər çoxdur və bu səbəbdən orada sıxlıqdır. Bu saatdan sonra İnsanovun müxalifətdən də böyük qruplar qoparması mümkün deyil. Əgər o, özünü müxalifət lideri kimi aparsaydı, bəlkə də öz ətrafında daha çox elektorat toplayardı. İnsanova isə klanın, eləcə də vaxtilə hakimiyyət komandasında təmsil olunmuş yaşlı və “vurulmuş” kadrların bir hissəsi dəstək verə bilər.

Vaxtilə yüksək vəzifədə olub-çıxanların asanlıqla öz ətrafına qüvvə toplaması və hər addımlarının cəmiyyətdə müzakirə olunması isə başqa söhbətin mövzusudur.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR