İnsanlara hürriyət, millətlərə istiqlal!

“Futbol topu”na çevrilən Ermənistan – Qucaqdan düşmək zamanı gəlmədi?

1307 02.09.2022 13:10 Yazarlar A A

“Ermənistanı bir tərəfdən türklər, digər tərəfdən Brüssel, üçüncü tərəfdən Moskva futbol topu kimi çiləyir”. Bunu müxalif “Ermənistan” parlament blokunun üzvü, deputat Andranik Tevanyan İlham Əliyevlə Nikol Paşinaynın 4-cü Brüssel görüşünün nəticələri haqda danışarkən söyləyib.

Yaxşı müqayisədir. Amma Ermənistan “futbol topu”na çoxdan çevrilib. Bunlar isə deyəsən indi ayılıblar. Keşkə, ayılıb da köhnə havaya girməyəydilər...

Çıxış yolu isə var və çox bəsitdir: cırtdan Ermənistan və onun xalqı başından yekə iddialarla yaşamağa son verib beynəlxalq hüquqa hörmət eləsin, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanısın. Rəsmən! Parlamentdə ratifikasiya olunmuş sülh müqavilələri şəklində! Və öz konstitusiyasını həmin müqavilələrə uyğunlaşdırsın!

Bəs Ermənistanın iqtidarı, müxalifəti, mediası nə ilə məşğuldur?

Cavab: öz xalqını sülhə hazırlamaqdan başqa hər şeylə! Daha dəqiqi, hədəf yenə heç vaxt reallaşmayacaq köhnə və sərsəm iddialardır. Sanki 44 günlük müharibədə başı əzilən işğalçı Ermənistan deyilmiş. Hətta bu yöndə sırtıqlığın təzə-təzə zirvələrini “fəth” eləməkdədirlər.

Məsələn, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəliyinin ofis rəhbəri Liparit Drmeyan deyib: “Artsax”ın Berdzor (Laçın şəhəri – Z.S.), Aqavno (Zabux – Z.S.) və Sus kəndləri sakinlərinin kütləvi surətdə qovulması məsələsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik ki, erməni məcburi köçkünlərin (?! – Z.S.) hüquqlarının pozulması qeydə alınsın və Azərbaycan təzminat ödəməyə məcbur edilsin”.

Laçına 30 il öncə ermənilərin haradan köçürüldüyü bəlli. Amma Drmeyan görün nə xəyal edir - Azərbaycan ərazisinə soxulmuş, sərhədlərimizi qanunsuz keçmiş Suriya, Livan erməniləri üçün “köçkün” statusu alıb Azərbaycandan təzminat qoparmaq! Erməni həyasızlığı gerçəkdən əndazə tanımır.

Məxsusi qeyd: Drmeyan hansısa QHT rəhbəri deyil, rəsmi qurumu təmsil edir. Ermənistanın Azərbaycana ərazi iddiası yoxdursa, onda bu nədir?..

Yaxud separatçıların mifik “özünümüdafiə ordusu”nun sabiq “komandanı” Mikael Arzumanyanın İrəvanda dünənki həbsi. Ona qarşı “Şuşinin (mədəniyyət paytaxtımız Şuşanın it dilində adı – Z.S.) müdafiəsini lazımınca təşkil eləməmək”, “vətənə xəyanət” maddələri ilə Ermənistan hüquq-mühafizə orqanları cinayət işi qaldırıb.

Hansı vətənə xəyanət? “Artsax”ın “müdafiə naziri” Ermənistana necə xəyanət edə bilərdi? Şuşa nə vaxtdan Ermənistan şəhəri oldu?! Arzumanyan vətənə xəyanət edibsə də, bu vətənin adı Azərbaycandır və onu yalnız Azərbaycan dövləti mühakimə edə bilər! Digər separatçı-kriminal ünsürlər kimi.

İkinci yandan, bəs deyirdiniz Qarabağda artıq öz müqəddəratını təyin eləmiş “artsax xalqı”, “artsax” adlı ikinci “erməni dövləti” var. O zaman onun “daxili işləri”nə niyə qarışırsınız?..

Bu, əlbəttə ki, Ermənistanın işğalçı dövlət olduğunun növbəti özünü-ifşası olmaqla bərabər, İrəvanın Azərbaycana qarşı ərazi iddiasının dövlət səviyyədə qaldığının başqa bir sübutudur.

Eləcə də srağagün baş prokuror Artur Davtyanın “Vətənə xəyanətə” görə ölüm hökmünü (güllələnmə) bərpa eləmək təklifi. 44 günlük müharibə zamanı beynəlxalq hüquqa görə, Ermənistana heç kim xəyanət eləməyibsə, heç kim onun sərhədlərini pozmayıbsa, bu “hüquqi” oyunbazlığın adı nə?

Sual əlbəttə ki, ritorikdir: məqsəd sözsüz ki, Dağlıq Qarabağı Ermənistan ərazisi kimi dünyaya təqdim və təbliğ eləməkdir...

Və ya həmin o Andranik Tevanyan çıxışının başqa yerində deyir: “Əgər hakimiyyət dəyişikliyi olarsa, bəzi şeyləri düzəltmək mümkün olacaq. Çünki yeni hakimiyyət beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunacaq və danışıqlar əsası kimi götürüləcək yanaşmalar təqdim edə biləcək. Qondarma (?! – Z.S.) anklavlar və Zəngəzur dəhlizi, Ermənistanın sərhədləri məsələlərində dəyişikliklərə nail olmaq, delimitasiya və demarkasiya məsələsində yeni itkilərin qarşısını almaq, həmçinin Qarabağ problemini danışıqlar masasına qaytarmaq və “artsax” ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun müzakirə predmetinə çevrilməsini təmin etmək mümkündür”.

Yerdə nə qaldı? Bircə Şuşa və Hadrutu “qaytarmaq”.

Sonra da bu şərəfsizlər gözləri bərələ təəccüblənirlər ki, niyə “futbol topu”na çevrilmişik. Zavallılar, bu aqibəti özünüz istəmisiniz, haqq eləmisiniz! Başqa necə olmalı idi ki? Nə qədər onun-bunun əlində kukla, top olmaq olar? Öz yerinizi bilmək, qucaqdan düşmək zamanı gəlmədi?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR