Fransada 2027-ci il prezident seçkilərinin əsas favoritlərindən sayılan ifrat sağçı siyasətçi Jordan Bardellanın italya şahzadəsi ilə münasibəti ölkədə geniş siyasi müzakirələrə səbəb olub.
Musavat.com "Politico" nəşrinə istinadən xəbər verir ki, Bardellanın sevgilisi, Siciliya Burbonları sülaləsinin şahzadəsi Mariya Karolina de Burbon artıq təkcə dedi-qodu mövzusu deyil, həm də onun siyasi karyerasına təsir edə biləcək amil kimi qiymətləndirilir.
Nəşrin yazdığına görə, özünü illərdir Fransanın fəhlə və orta təbəqəsinin nümayəndəsi kimi təqdim edən Bardellanın aristokrat həyat tərzi sürən italyan şahzadəsi ilə münasibəti rəqiblərinin əlinə ciddi arqument verib.
Mariya Karolina 2025-ci ildə keçirilən Monako "Formula-1" Qran-prisi zamanı Bardella ilə tanış olub. Cütlük münasibətlərini bu ilin aprelində Paris Match jurnalının üz qabığında rəsmiləşdirib. Lakin iyunda onların Monakoda dəbdəbəli tədbirlərdə görüntülənməsi Fransada etiraz doğurub. Həmin günlərdə ölkə 11 yaşlı qızın zorlanaraq qətlə yetirilməsinin şokunu yaşayırdı. Jurnalistlərin bu barədə sualına Bardellanın verdiyi "Belə yürüşlər hər gün keçirilir" cavabı tənqid olunub və hətta öz partiyasında narazılıq yaradıb.
"Politico" qeyd edir ki, Bardella hazırda 2027-ci il prezident seçkilərinin ilk turunun əsas favoritidir. İyulun 7-də məhkəmə Marin Le Penin seçkilərdə iştirakına qoyulan qadağanı qüvvədə saxlasa, onun yerinə prezidentliyə namizədin məhz Bardella olacağı gözlənilir. Bu halda siyasətçinin şəxsi həyatı da seçki kampaniyasının əsas mövzularından birinə çevrilə bilər.
Mariya Karolina de Burbonun ailəsinin 130 milyon avrodan çox sərvətə sahib olduğu bildirilir. Le Monde qəzetinin araşdırmasına görə, bu vəsaitin əhəmiyyətli hissəsi ofşor fondlarda saxlanılır. Şahzadə Paris, Roma və Monakoda böyüyüb, fərdi müəllimlərdən təhsil alıb və sosial şəbəkələrdə dəbdəbəli həyat tərzini, lüks brendləri və ailəsinə məxsus villaları mütəmadi nümayiş etdirir.
Bu dəbdəbəli həyat tərzi isə Bardellanın yaratdığı "xalqın içindən çıxmış siyasətçi" obrazı ilə ziddiyyət təşkil edir. Politico yazır ki, Milli Birlik Partiyasının bəzi üzvləri belə hesab edirlər ki, bu münasibət Bardellaya siyasi baxımdan daha çox zərər gətirə bilər. Fransada aparılan son sorğulardan birində respondentlərin 17 faizi onu artıq ölkənin "elitasının nümayəndəsi" kimi qiymətləndirib.
Bununla yanaşı, ifrat sağ düşərgənin bir hissəsi bu münasibəti müsbət qarşılayır. Səbəb isə Mariya Karolinanın XIV Lüdovikin nəslindən olması və Fransanın tarixi kral sülalələri ilə qohumluq əlaqələridir. Bardella isə bütün tənqidlərə belə cavab verir: "O, hər şeydən əvvəl sevdiyim qadındır. Onunla fəxr edirəm və ümid edirəm ki, fransızlar da onu yaxından tanımaq imkanı əldə edəcəklər."
Qeyd edək ki, Burbonlar Avropanın ən qədim və ən nüfuzlu kral sülalələrindən biridir. Bu sülalə 1589–1792-ci illərdə, daha sonra isə 1814–1848-ci illərdə Fransaya hakimlik edib. Burbonların müxtəlif qolları tarixən İspaniya, Neapol və İki Siciliya Krallığı, Parma hersoqluğu, eləcə də Lüksemburqun hakim ailəsi ilə qohumluq əlaqələri qurub. Hazırda İspaniya kralı VI Felipe də Burbon sülaləsinin nümayəndəsidir. Bardellanın sevgilisi Mariya Karolina isə Siciliya Burbonları nəslinin şahzadəsi hesab olunur.
Musavat.com






