İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa şirkətlərinə qadağa çağırışına əməl edilmədi - Xəzərdə milyonlar qazanırlar...

1999 19.07.2023 09:21 Siyasət A A

Fransa şirkətlərinə qadağa çağırışına əməl edilmədi - Xəzərdə milyonlar qazanırlar...

“TotalEnergies” şirkəti “Abşeron” qaz-kondensat yatağında qaz hasilatına başlayıb; ekspert: “Lazım gələrsə, diplomatik əlaqələrin dondurulması...”

İyulun 14-də Fransanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı - Bastiliyanın Alınması Günü ilə əlaqədar qəbul təşkil edib. Diplomatik ənənəyə uyğun olaraq, bu cür qəbullarda xarici dövlətin səfiri salamlama nitqi ilə və Azərbaycan hökumətinin yüksək vəzifəli nümayəndəsi isə təbrik nitqi ilə çıxış edir. Amma bu dəfə Azərbaycan tərəfdən çıxış edən olmayıb.

Maraqlıdır ki, siyasi münasibətlərdə gərginlik fonunda iqtisadi əməkdaşlıq fəal şəkildə inkişaf etməyə davam edir.

Ötən həftəsonu Fransanın "TotalEnergies" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) birlikdə böyük “Abşeron” qaz-kondensat yatağının işlənməsinin ilk mərhələsi çərçivəsində qaz hasilatına başlandığını açıqlayıb.

2023-cü ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 417,7 milyon dollar olub və bu göstəriciyə görə Fransa Azərbaycanın əsas ticari tərəfdaşları arasındadır. Birinci yarımildə Fransanın idxalı 126,7 milyon dollardan çox, Azərbaycanın idxalı isə 291 milyon dollar təşkil edib. Azərbaycanın idxalında Fransa 6-cı yerdədir. Ötən ilin eyni dövründə Fransa ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 115 milyon 36 min dollar təşkil edib. Bunun 112,8 milyon dolları Azərbaycana Fransadan idxalı olub.

2022-ci ilin yekununda illik dövriyyə 273 milyon 834,22 min dollar olub. Bunun 50,9 milyon dolları Fransanın idxalının, 222,8 milyon dolları Azərbaycanın idxalının payına düşüb. 2021-ci ildə qarşılıqlı dövriyyə 245 milyon 463 min dollar olmuşdu. Göründüyü kimi, Fransadakı ermənipərəst qüvvələrin canfəşanlığı fonunda iqtisadi əlaqələr artan dinamika nümayiş etdirir.

Azərbaycanın Fransadan idxalının mühüm hissəsini insulin tərkibli və digər dərman preparatları, ətir və kosmetik vasitələr, tərkibində aktiv komponent kimi qiymətli metallar və ya onun birləşmələri olan katalizatorlar, tərkibində digər bitumlu minerallardan və onların duzlarından alınmış tiofenləşmiş yağlar, bitumlu süxurlardan əldə edilmiş yağların tiofenləşdirilmiş sulfoturşuları və onların duzları,kənd təsərrüfatı texnikası, rabitə avadanlıqları və sair təşkil edir.

Yada salaq ki, hələ ötən ilin noyabrında Milli Məclis Fransa Senatının ermənipərəst qətnaməsini, bir sıra digər məsələləri, xüsusilə Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, hökumətə bir sıra tədbirlər görülməsi ilə bağlı çağırış etmişdi. 

Çağırışda Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivlərinin aşkar edildiyi təqdirdə onların dondurulması, bu ölkə şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi, şirkətlərinin Azərbaycan tərəfi ilə enerji sektorunda əməkdaşlığına yenidən baxılması əks olunmuşdu. Amma göründüyü kimi, bunun tam əksi baş verməkdədir.

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

Fikrət Yusifov 

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov daha çox Fransanın müstəmləkə siyasəti illərində insanlığa qarşı törətdiyi vəhşiliklərə diqqət çəkdi: “Ermənistan-Azərbaycan münaqişəsi başlayandan Fransa Qarabağ torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri dəstəkləməklə məşğuldur. İnsanlığa qarşı vəhşilik törətmiş birini kim dəstəkləyə bilər? Bunu yalnız eyni xislətə sahib olan digər tərəf edə bilər. Əgər sən vəhşilik törədən birini dəstəkləyirsənsə, deməli, özün də vəhşisən! İş o yerə çatıb ki, Fransa dövlətinin başında dayanan adam həyasızcasına deyir ki, o, Qarabağ məsələsində ermənilərin mövqelərini Ermənistanın baş nazirindən daha yaxşı müdafiə edir.

Ermənilərin 30 ildə Qarabağ torpaqlarımızda vətəndaşlarımıza qarşı törətdikləri vəhşiliklərin və bundan öncə Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı törətdikləri cinayətlərin eynisini fransızlar daha öncə dünyanın bir çox məmləkətlərində törədiblər. Əgər tarixdə fransız vəhşiliyinin bariz nümunələrini ermənilərin Ermənistanda və Qarabağ torpaqlarımızda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərlə müqayisə edilərsə, o halda bu iki xalqın xislətinin eyni olduğu qənaətinə gəlinəcək. Məsələn, fransızların Əlcəzairdə, Tunisdə və başqa məmləkətlərdə törətdikləri soyqırımı ermənilər eynilə Xocalıda və Qarabağ torpaqlarımızın digər yaşayış məntəqələrində törədiblər.

Bu gün Fransa dünyaya demokratiya dərsi keçmək istəyir, ancaq bu zaman yaddan çıxarır ki, dünya çox da uzaq olmayan keçmişdə fransızlar tərəfindən insanlığa qarşı törədilmiş vəhşiliyin nümunələrini unutmayıb. Tarixi dəyişmək mümkün deyil, belə vəhşiliklər tarixin yaddaşına qanla yazıldığından onlar heç vaxt silinmir və unudulmur.

Müstəmləkə illərində Fransa Silahlı Qüvvələri etnik və dini mənsubiyyətinə görə 2 milyondan artıq dinc sakini kütləvi şəkildə qətlə yetirib. İşğal etdiyi Əlcəzair ərazilərində 17 nüvə sınağı gerçəkləşdirən, 5 milyondan artıq mina basdıran Fransa, bu günə qədər aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri və minaların xəritələrini Əlcəzair hökumətinə verməkdən imtina edir (insanlığa sığışmayan eyni vəhşiliyi bu gün Ermənistan Azərbaycana qarşı edir). Elə bunun nəticəsidir ki, Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında aparıcı yerlərdən birini tutur.

1961-ci il oktyabr ayının 17-də Fransada yaşayan on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə dinc nümayişə çıxsa da, Fransa polisinin açdığı atəş, habelə etirazçıların Sena çayına atılması nəticəsində onlardan 1500 nəfər qətlə yetirilmişdi. Fransız vəhşiliyinin bu səhifəsi tarixə "Sena qətliamı" kimi daxil olub. Eyni qayda ilə 1961-ci ildə, Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5000-ə yaxın tunisli fransız hərbiçiləri tərəfindən qətlə yetirilmişdir.

Bu gün Fransanın paytaxtı Paris şəhərindəki İnsan Muzeyində müstəmləkə müharibələrində öldürülmüş 18 000 döyüşçünün kəllə sümükləri saxlanılır. Törətdikləri vəhşilikləri utanmadan belə bütün dünyaya nümayiş etdirirlər".

Sabiq nazir Azərbaycan tərəfin görməli olduğu işlərə də diqqət ayırdı: “Biz Fransanın bu həyasızlığının qarşısında nə etməliyik? Mən mətbuat səhifələrində bununla bağlı təkliflərimi bir neçə dəfə səsləndirmişəm və bu gün onları bir daha təkrar edirəm. Fransanın Azərbaycana qarşı heç bir ölçüyə sığmayan ədalətsizliyinin qarşılığı yalnız Fransa səfirliyində keçirilən hər hansı bir bayramda iştirak etməməmklə və ya ənənə üzrə bu tədbirdə çıxış etməməklə verilməli deyil. Biz daha radikal addımlar atmalıyıq. Bu sırada Fransa şirkətləri ilə iş birliyinə yenidən baxılması, həmin şirkətlərin buradakı aktivlərinin və lazım gələrsə, diplomatik əlaqələrin dondurulması kimi məsələlər yer almalıdır. Biz bütün bu addımların atılmasından çəkinməməliyik. Bir sözlə, Azərbaycan hökuməti fransız həyasızlığının cavabını fransızların başa düşdükləri dildə verilməlidir. Əks halda, bu gün təqaüdə çıxmış hərbiçiləri və ya polisləri Ermənistanla sərhədlərimizə göndərən sarsaq Fransız hökuməti, sabah ora gerçək hərbi kontingent göndərməyə qalxacaq.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR