İnsanlara hürriyət, millətlərə istiqlal!

Flomasterli “fateh”lərin bölgüsü

3744 02.05.2022 08:21 Yazarlar A A

Çin TV-sinin Rusiyanın xəritəsi üzərində apardığı “fatehlik” və bölücülük əməliyyatı dünya gündəminə heç də “Patriot” raketi kimi düşmədi, daha çox gülüş doğurdu.

Gerçəkdən, o nəydi? Adamın biri (bəlkə də bu, qrup işi olub) dünyanın ən azman və pəzəvəng dövlətinin xəritəsini kompüter displeyində qoyub qabağına, fotoşop proqramındakı flomasterin qırmızı boyası ilə yekə bir nahiyəni rəngləyə-rəngləyə gedib Şimal Buzlu Okeanına dirənib, yekə bir Çin dövləti düzəldiblər. Burada qardaşların ürəyi bir soyuyub, okeanın qırağı ilə çox irəliləməyiblər, şimal torpaqlarını Norveçə “güzəştə gediblər”. Daha sonra Norveçin “yeni torpaqları” ilə Finlandiyaya pay verilmiş “yeni torpaqlar” arasında xətkeşlə bir sərhəd çəkib, məsələni bitiriblərr.

Elə çıxmasın ki, Çin region dövlətlərinin maraqlarını unudub. Xeyr. Çin “bölücü”ləri hazırda 3,2 milyonluq əhalisi ilə dünyanın 19-cu böyük ərazisinə malik Monqolustana da iki o boyda rus ərazisi bəxş edib. Bundan az olmaz. Yoxsa monqol prezident Uxnaaygin Xurelsuxun xətrinə dəyər, hətta baş nazir Luvsannamsrayn Oyuun-Erdene adamın üzünə də baxmaz. İntəhası, Bakı boyda bir şəhərə yerləşəcək qədər əhalisi olan Monqolustan 4321 Ulan-Batorun yerləşə biləcəyi ərazini nə edəcək? Eləcə, örüş kimi istifadə edəcəklərsə, o zaman problem yoxdur.

279714177_5666377643377048_7434738310751437762_n.jpg (64 KB)

Flomasterli “fateh”lər ABŞ-ın qarnının ağrısını bildiklərindən neftli, almazlı, qazlı, qızıllı Yakutiyanı diricə ABŞ-a peşkəş edib, Kareliya tərəfləri isə Finlandiyaya bağışlayıblar. Köhnədən onların olub, ona görə. Yaponiyaya qarşı isə yenə də haqsızlıq ediblər, ona təkcə öz Kurilini veriblər, özləri Saxalinin şimalını, Nefteqorsku-filanı götürübləri, yerdə qalanını isə boş saxlayıblar. Düz deyil axı, heç olmasa boş qalmış Saxalinin cənubunu yaponlara verin ki, onlara da bir şey düşsün.

“Bölgü”dən Qazaxıstan da öz nəsibini lazımınca alıb – öz ərazisi qədər. Hazırda ərazisinə görə dünyanın 9-cu ən böyük ölkəsi Qazaxıstan o bölgüdən sonra, əl-əlbət, ilk beşliyə yerləşər.

Gürcüstan, Ukrayna, Belarus, hətta Estoniya da “Çin fatehləri”nin hesabına öz ərazisini genişləndirib. Bizə də bir neçə mahallıq “Rusiya torpağı” düşüb. Ancaq bəxtsizliyə baxın ki, o boyda pay-bölüşdən yazıq Erməsnistana ikicə sot torpaq verməyiblər ki, heç olmasa iki göz yay evi tikdirsinlər.

455.JPG (64 KB)

Əlbəttə, ermənilərə heç lazım da deyil. Onların öz xəritələri var. Özü də lap qədimindən. Çinlililər xəritə üzərində nəinki fotoşopla, heç adi flomasterlə işləməyin nə olduğunu bilməyəndə, ermənilər rəngli karandaşlarla o qədər xəritə tərtib ediblər ki. Neynəsinlər? “Böyük Ermənistan” düzəltməyin başqa yolu yox idi. Ona görə də onlar regionun ağ-qara xəritəsini götürürdülər, rəngli karandaşlarla bir az İrandan, daha çox Türkiyədən və bizdən, bir qırnıx Gürcüstandan və Suriyadan ərazi qopardır, vatman kağızında yekə bir nahiyəni eyni karandaşla rəngləyir, xəyali bir dövlət qayırır, üstünə də “Ermənistan” yazırdılar.

Bir ara “ərazisi kəsilmiş” ölkələrin oxumuş adamları belə şeylərə görə çox qeyzlənir, söyüb-söylənirdilər. Ermənilər daha da qızışırdılar, Qara dənizlə Xəzərin arasını rəngləyir, ordan da sulu karandaşla birbaşa Aralıq dənizinə çıxır, “dənizdən-dənizə Ermənistan” cızırdılar. Axırda bizimkilərin bir yarısı belə səfeh işlərlə, türkün sözü, uğraşmaqdan vaz keçdi, o biri yarısı da xəritə fotoşoplmaq işini öyrəndi.

İndi bu məsələdə bizdə də babat uzmanlar var. İrana acıqları tutan kimi Ərdəbili, Təbrizi öz sevimli rənglərimizə boyayırlar. Bəzən Dərbəndi də “götürürük”. Gürcülər “David Qareçi” monastrına iddia edən kimi, biz də Borçalını, idman terminləri ilə desək, öz rənglərimizə bağlayırıq. İrəvan, Zəngəzur və Göyçə mahalları isə heç, virtual xəritəmizin daimi məkanlarıdır.

Ola bilər, bu trend dünyanın başqa coğrafi regionlarında yerləşən dövlətlərin arasında da var. Olmamış olmaz. Ancaq bir şey dəqiqdir ki, bir ölkəni xəritə üzərində bölmək, ləğv etmək, ərazilərini qonşulara paylaşdırmaqla eyni əməliyyatı o torpaqların özünün üzərində etmək arasında milyon dəfə fərq var. Bəzən bir sarı təpədən ötrü elə qırğın gedir ki, təpənin rəngi dəyişir, qan qırmızısı olur.

Ona görə də, əziz oxucular, bu əldəqayırma xəritələri çox da ciddiyə almayın. Ermənilər Qarabağın xəritəsinin rəngini dəyişdirmişdilər, axırı nə oldu, bizim xəlitənin (iki və daha çox metaldan alınmış metal - top-tank istehsalında istifadə olunur) qurbanı oldular.

P.S. “Kitayski xəritə”nin ən böyük özəlliyi odur ki, ruslara heç nə saxlamayıblar, Moskvanı isə Belarusa “veriblər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR