İnsanlara hürriyət, millətlərə istiqlal!

Faiq Sücəddinov: “Əkizlərin “Avroviziya”da yer tuta bilməməsinin səbəbi bəlkə də... “

1417 10.05.2023 14:15 Mədəniyyət A A

Məlum olduğu kimi, ötən gün Böyük Britaniyanın Liverpul şəhərində "Avroviziya-2023" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. Gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib. Yarışmada "Tell me more" mahnısını ifa edən təmsilçilərimiz Turan və Tural Bağmanovlar finala çıxa bilməyib.

Qeyd edək ki, finalda Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç səhnə alacaq.

Azərbaycanın  müsabiqədə zəif nəticə göstərməsinin səbəbi nədir: Əkizlərin ifası, o qədər də yenilikçi olmayan mahnı, səhnə performansı, yoxsa nə?

Mövzu ilə bağlı Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov öz fikirlərini Musavat.com-la bölüşüb:
“Ümumiyyətlə, deyə bilərəm ki, “Avroviziya” səsə, musiqiyə o qədər də  önəm vermir. Məsələn, ola bilir ki, müğənninin səsi yoxdur, amma avropalılar ona səs verir. Yəni, müğənninin ya geyimi, ya da performansını bəyənir və səs verir.  

Xatırlayıram ki, İTV-də “Avroviziya” ilə bağl münsiflər heyətinin üzvü olduğum zaman Ukraynadan bir qrup gəlmişdi. Onlar deyirdilər, siz elə bilməyin ki, müğənninin səsi, səhnə görünüşü var deyə avropalılar ona səs verir, ola bilsin ki, axsayır, ona görə də avropalılar ona mərhəmətlə baxıb, səs verirlər. Yəqin ki, bilirsiniz, İngiltərədə bir ev xanımı birinci yer tutmuşdu,  halbuki heç vaxt oxumayıb, səhnədə yer almayıb.  Sadəcə səhnədə yaxşı oxuyub və avropalılar onun ev xanımı olub, bu cür oxumasını dəyərləndirib, onu birinci yerə çıxartmışdılar.
 
Bizim “Avroviziya” təmsilçilərimiz arasında elə müğənnilər var idi ki, səsləri çox gözəl idi, amma yarımfinala çıxa bilməmişdi və yaxud 20-ci yer tutmuşdu və sairə. Məsələn, hər kəs bilir ki, Dilarə Kazımova çox gözəl oxuyur, onun gözəl səsi var, amma müsabiqədə 22-ci yeri tutmuşdu. Və yaxud Nadir Rüstəmli çox istedadlı ifaçıdır, amma 16-cı yerdə qərarlaşmışdı”.
 
Xalq artisti əkiz qardaşlara dəstək lazım olduğunu deyib:

“Turan və Tural qardaşları Azərbaycanın gözəl bir guşəsindən, Zaqataladan gəldilər və öz fəaliyyətləri, gücü sayəsində “Avroviziya” müsabiqəsinə qədər yüksəldilər. İndi onlara dəstək olmaq lazımdır, nəinki “qırmaq”. Çünki bu onların ilk addımlarıdır. Anası da dedi ki, sosial şəbəkələrdə bəzi şeylər yazır, fikirlər səsləndirirlər. Bunlara ehtiyac yoxdur. Onlar  hansı yer tutmasından asılı olmayaraq, Azərbaycanı təmsil ediblər. Mənim üçün onlar birinci yeri tutublar. Doğrudur, ifa etdikləri mahnı o qədər də yeniliyə mailik deyildi, amma hər halda çox gözəl şəkildə ingilis dilində oxudular, səhnə görünüşləri, geyimləri də yaxşı idi.

İndi qalır əkizlər vətənə qayıtdıqdan sonra onlara dəstək olmaq. Onlar tək nə edə bilərlər? Hansısa səhnədə yer almaq üçün repertuar, bəstəkarlarla tanışlıq lazımdır ki, onların səsləri üçün mahnılar yazılsın. Bu çox böyük prosesdir. Hesab edirəm ki, televiziyalar, Mədəniyyət Nazirliyi və digərləri onlara dəstək olmalıdır ki, qardaşlar fəaliyyətlərini davam etsinlər. Yəni, ortada konsert fəaliyyəti olmalıdır, belə olarsa onlar yaşayıb,  fəaliyyət göstərəcəklər. Bir də gördün, gedib Avropada disk çıxarırlar, ölkəmizi təmsil edirlər”.

Qeyd edək ki, yarışmanın ikinci yarımfinalı mayın 11-də, final isə mayın 13-də keçiriləcək.

Xalidə Gəray

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR