İnsanlara hürriyət, millətlərə istiqlal!

Əziz Ələkbərli: “Bu coğrafiyada hay dilində adlar mövcud olmayıb”

641 12.06.2023 18:01 Siyasət A A

Deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisdə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən dinləmələrdə çıxış edib.

Musavat.com xəbər verir ki, Əziz Ələkbərli Qərbi Azərbaycan İcması adından Qərbi Azərbaycanda soyqırıma məruz qalmış tarixi-mədəni irsimizə dair belə bir dinləmənin keçirilməsinə yaratdığı şəraitə görə Milli Məclisin rəhbərliyinə, spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Həmçinin mövzuya həmişə həssas münasibət göstərdiyinə və bugünkü tədbirin təşkilatçılığına görə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya minnətdarlığını ifadə edib. İcma rəhbəri bildirib ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlişi ilə Azərbaycanın ictimai-siyasi həyatında yeni bir mərhələnin, yeni bir siyasi xəttin təməli qoyuldu: “Bu, Azərbaycanın tarixi torpaqları uğrunda mübarizə mərhələsidir. Biz bu mərhələni 35 il gözlədik. Çünki qarşımızda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü suveren ərazilərimizin 30 illik işğaldan azad edilməsi məsələsi dururdu. Nəhayət, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində biz bu vəzifəni şərəflə yerinə yetirdik və möhtəşəm bir Zəfərə imza atdıq. Cənab Prezidentin tövsiyəsi ilə artıq Qərbi Azərbaycan İcmasının fəaliyyət sənədi olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul edilib və onun həyata keçirilməsinə start verilib. Şübhəsiz ki, Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisi son qarışına qədər tarixi Azərbaycan torpağıdır və Azərbaycan xalqı bu torpaqların son qarışına qayıdana qədər bizim mübarizəmiz davam edəcək”.

Əziz Ələkbərlinin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur ərazilərinin 30 illik işğaldan azad olunması təcrübəsi göstərdi ki, hər bir fiziki qayıdışın əsasında mütləq mənəvi qayıdış dayanmalıdır: “Yəni biz bir millət olaraq o torpaqlarda millətimizin minillər boyu yaratmış olduğu, Azərbaycanın mənəvi bütövlüyünün şərti olan bütün dəyərlərimizə əvvəl ruhən və şüurən sahib çıxmalıyıq. Ruhən və şüurən sahib çıxdığımız heç nəyi heç bir qüvvə bizim əlimizdən ala bilməz və fiziki olaraq onlara sahib çıxmaqda bizə mane ola bilməz. Həmin dəyərlər hansılardır? Birincisi, həmin ərazilərdəki tarixi-mədəni abidələrdir. E. ə. V-II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirlərindən tutmuş, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümu­nələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qa­lıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, mə­bəd, kilsə, məscid, pir və ocaqlar bu ərazilərin qədim Azərbaycan-türk boylarının vətəni olduğunu qəti şəkildə təsdiq edir. Onların bir hissəsi zaman-zaman, xüsusilə son 200 ildə bu yerlərə köçürülüb gə­tirilən, tarixi torpaqlarımızda isti yuva tapan ermənilər tərəfindən məhv edilsə də, digər hissəsi erməniləşdirilərək mənimsənilsə də, hətta başqa xalqların adına çıxılsa da, daşlara yazılmış yaddaşı pozmaq və ya dəyişmək yadellilərə heç də həmişə nəsib olmayıb. Bu gün biz bunların hamısını bir-bir tədqiqata cəlb edib tarixi həqiqəti ortaya qoymalıyıq. Təsəvvür edin, 1832-ci ildə İ.Şopen İrəvan şəhərin­də 12 məscid qeydə almışdı: 1) Qala məs­cidi, 2) Şah Abbas məscidi, 3) Zal xan məscidi, 4) Novruzəli bəy məscidi, 5) Sərtib xan məscidi, 6) Hüseynəli xan məscidi, 7) Hacı İmamverdi məscidi, Hacı Cəfər məscidi və daha dörd məs­cidin xarabalıqları. İndi o məscidlərdən yalnız biri – Göy məscid adlandırdığımız Hüseynəli xan məscidi durur ki, onu da ermənilər dünyaya fars məscidi kimi təqdim etməkdədirlər. Yaxud: 1413-cü ildə Pir Hüseyn tərəfindən atası Əmir Sədin məzarı üstündə ucaldılmış məşhur türbə bu gün Türkmənistan abidəsi kimi təqdim edilir. Yəni kimə aid olursa-olsun, təkcə bu ərazinin əzəli sakinləri olan Azərbaycan türklərinə aid olmasın. Ermənilər bu siyasəti bu gün də davam etdirirlər. Bunu bu yaxınlarda erməni rəsmilərinin belə bir sərsəm fikri də təsdiq edir ki, guya azərbaycanlılar bu ərazilərin yerli sakinləri olmayıblar və guya onlar burada mövsümi işçilər kimi çalışıblar və Qarabağ münaqişəsi başlayanda da öz xoşları ilə, könüllü olaraq çıxıb gediblər”.

İcma rəhbəri deyib ki, Qərbi Azərbaycanda milli kimliyimizi sübut edən amillərdən biri də həmin ərazilərdəki çoxsaylı toponimlərdir: “Çoxlu sayda mənbələr, xəritələr sübut edir ki, bu coğrafiyada hay dilində qətiyyən coğrafi adlar mövcud olmayıb. Ermənilərin erməni sözü kimi təqdim etdiyi bəzi coğrafi adlar isə, əslində, türk mənşəlidir və türk dilindən erməni dilinə keçən sözlərdir. Məsələn, Quqark, Kotayk, Geğarkunik, Gümrü, Yerevan, Masis, Şirak və s. onlarla dırnaqarası “erməni” toponimi kimi. Qərbi Azərbaycanda milli kimliyimizi sübut edən digər amil bu ərazidə əcdadlarımızın minillər boyu yaratmış olduğu və türkün tarixyaratma və tarixyazma ənənəsinə uyğun olaraq nəsildən-nəslə ötürdüyü şifahi yaddaş – folklor nümunələridir. Tarix sübut edir ki, hər bir ərazinin yerli sakinləri həmin ərazi ilə, o ərazidəki coğrafi obyektlərlə, toponimlərlə bağlı çoxlu folklor nümunələri – əfsanələr, rəvayətlər, dastanlar yaradıblar. Qərbi Azərbaycanla bağlı belə mətnlərin sayı-hesabı yoxdur. Lakin bunu ermənilər haqqında demək olmaz.

Bir məsələni diqqətdə saxlamalıyıq ki, Qərbi Azərbaycanda soyqırıma məruz qalan tarixi-mədəni irs bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 60 milyonluq Azərbaycan xalqının hər bir nümayəndəsinin mədəni irsidir və o irsin dirçəldilməsi hər birimizin borcudur. Bu məsələdə dövlət qurumlarının, xüsusilə Mədəniyyət və Təhsil nazirliklərinin, onların strukturlarının, Azərbaycan Milli Elmlər Akademiyasının, yaradıcılıq təşkilatlarının üzərinə çox böyük vəzifələr düşür. Bu gün Azərbaycanın bir neçə yerində - Sumqayıt tarix-diyarşünaslıq muzeyində, Şərur tarix-diyarşünaslıq muzeyində, Binəqədi rayonundakı 199 saylı məktəbdə sonuncu deportasiya zamanı Qərbi Azərbaycandan soydaşlarımızın gətirdiyi muzey eksponatları bağlı halda öz taleyi haqqında hansı qərarın veriləcəyini gözləyir. Mən hörmətli mədəniyyət nazirinin müavininin burada olmasından istifadə edərək bu məsələni diqqətdə saxlamalarını xahiş edirəm.

Hesab edirəm ki, Qərbi Azərbaycan həqiqətlərini xaricdən gələn qonaqlara nümayiş etdirmək üçün belə bir muzey yaradılması əhəmiyyətli olardı. Orta məktəblərin tarix, coğrafiya, ədəbiyyat, Azərbaycan dili dərsliklərinə hər fürsətdən istifadə edərək Qərbi Azərbaycana dair mətnlər, cümlələr, şəkillər daxil etmək, bu yolla tarixi torpaqlarımızla bağlı informasiyaları yeni nəslin şüuruna yerləşdirmək lazımdıır. İrəvanda Azərbaycan məktəbləri – gimnaziya, seminariya, texnikumlar, Yazıçılar Birliyinin Azərbaycan bölməsi, qəzetlər fəaliyyət göstərib. Məncə, bu gün onların fəaliyyətinin bu və ya digər şəkildə bərpa edilməsi barədə də düşünmək olar. İrəvanda İrəvan Dövlət Azərbaycan Dram Teatrı fəaliyyət göstərib, bu gün də fəaliyyət göstərir, 1970-ci illərdə Ulu Öndərin bu teatra çox böyük qayğısı olub, cənab Prezident İlham Əliyev 14 iyul 2022-ci ildə bu teatrın 140 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu gün bu teatrın yenidən təşkili, teatrdan uzaqlaşmış aktyorların geri qaytarılması, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğun repertuarın formalaşması çox vacibdir. Təbii ki, bu gün burada bizim dəyərli ziyalılarımız, mütəxəssislərimiz iştirak edir. Əlbəttə, hər kəs bu sahədə müəyyən qədər işlər görüb və ya görmüş ola bilər, amma mən xahiş edərdim ki, daha çox görülən işlər yox, görülməli olan işlər barədə müzakirə aparaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR