İnsanlara hürriyət, millətlərə istiqlal!

Əxlaq keşikçiləri korpusunun sonu

2373 05.12.2022 11:16 Yazarlar A A

 

Xəbər gəlir ki, İranda əxlaq polisi ləğv edilib. Çox xub. Çoxdan lazım idi. Bir struktur ki, böyük bir ölkədə vətəndaş müharibəsinə, yüzlərlə günahsız adamın ölümünə, minlərlə insanın yaralanmasına, 15 mindən artıq etirazçının həbsinə baiskar oldu, Allah kəssin o qurumun qoruduğu əxlaqı da, qurumun özünü də.

Ən böyük əxlaqsızlıq heç nə üstə adam öldürməkdir, bunu da həmin o əxlaq polisi artıqlaması ilə etdi. Hələ həbs edilən qızların, qadınların zindanda kütləvi zorlanması hansı əxlaqa sığır, bunu qırağa qoymayaq. Bu, təkcə əxlaqsızlıq deyil, həm də antibəşəri cinayətdir.

İndi həmin o struktur ləğv olunur, daha eşşək boyda sərbazlar küçəbəküçə gəzərək yol keçən qadınların bağladığı hicabın onların saçını qaydalara uyğun şəkildə görünməz etdiyini yoxlaya bilməyəcək, geyimin bir neçə santim aşağı-yuxarı olub-olmamasını ölçməyəcəklər.

Əvvəllər beləydi ki, hicabın altından görünən saçın santimetrinə görə nə həyatlar qaralırdı: qadınları zindana salır, şallaqlayır, cərimələyir, özünü yaxşı aparmırdısa, bir az da yiyəsizdirsə, zorlayırdılar ki, ağlı başına gəlsin, indən belə əxlaqlı olsun. Təsəvvür edin, “saçın ucun hörməzlər” haqq-hesabına görə adamların namusu əldən gedirdi.

İranda belə bir əxlaqsızlığın olduğu nəinki qonşu ölkələrdə, hətta dünyanın hər tərəfində məlum idi. Bir çox ölkələrdə lağ edirdilər, bəzilərində heyrətlənirdilər. Elə yerlər də vardı ki, mat qalırdılar: qadının saçı görünsə, nə olacaq axı; bu, kişilərdə nəyə görə şəhvət oyatmalıdır; o tükdən bütün məməli canlılarda var...

Doğrudan da təkcə atın yalı-quyruğu nəyə desən dəyər. Burada nə hikmət olduğunu anlamayan əcnəbilər bilmirdilər ki, tük məsələsi bizim paralellərdə çox həssas məsələdir. Bir kişinin atının yalını-quyruğunu kəsmək onun namusuna sataşmaq deməkdir, ara yerdə yazıq heyvanı güllələyir, namus rüsvayçılığından qurtulurlar.

7-8 il əvvəl məşhur türkiyəli telejurnalist və aparıcı Mehmet Əli Birand kələğayı altından görünən saça görə canlı efirdə iranlıların bu yasağına rişxənd elədi, dövlət rəsmiləri ilə birlikdə İrana ezam olunmuş və oradan studiya ilə canlı bağlantı yaradan əməkdaşının başörtüsü taxdığını görərək dedi: “Aman, Seçil, aman, başörtünü bir az qabağa çək, saçın görünməsin, nə olar, nə olmaz”.

Elə ondaca bilinirdi ki, əxlaq polisinin əməkdaşları əcnəbi qadın juralistlərdən, o cümlədən Türkiyədən getmiş Seçildən başlarını bağlamağı tələb ediblər ki, əxlaq, namus əldən getməsin. Biranda da vaxtında xəbərdarlıq etdi, yoxsa Seçilin başına örtdüyü yaylığn altından sarı saçlarının ön hissəsi görünürdü və kim bilir, bu görüntülərə görə nə qədər iranlının əxlaqı pozulmuşdu.

Belə baxanda klassik şairlərimizdə də günah çoxdur, qadın saçına intim və erotik səciyyəni onlar veriblər. Hərəsi gərdənə tökülmüş zülflərə dair bir şeir yazıb: “Zülfünü bas yarama, qoyma, məni qan aparır”; “Pərişanlıq zülfün öz qaydasıdır, nə badi-səbadan, nə şanədəndir”, “Zülfünü kəmənd eyləmiş, boazıma taxdı keçdi”, “Kim mənim tək fikri-zülfündən belə Məcnun olur”, “Aşiq olalı zülfünə, ey gül, dəliyəm mən” və s. Hərçənd bu misralar göstərir ki, keçmiş zamanlarda qadınların saçı-zülfü şairlərin görə biləcəyi qədər açıq olurmuş, onlar da görüb vəcdə gəlirmişlər.

Xüləs, bax, sırf o zülflərin görünməsinə görə, 80 gündür İranı qan aparır.

Görünür, bu da bir dövrdür, gəlib keçməlidir. 100 il əvvəl Avropada, Amerikada cəmiyyətin əxlaq işlərinə nəzarət edən qurumlar varmış, əllərində xətkeş çimərliklərdə gəzirmişlər, bikini geymiş qadınların dizindən bikininin bitən yerinə qədərki açıq sahəni ölçürmüşlər ki, görsünlər, geyim qaydası pozulmayıb ki. İntəhası, onlar çox qəddar olmayıblar, geyim qaydasını pozan qadınları inzibati binalara çəkib zorlamayıblar, eləcə, çimmək hüququndan məhrum ediblər, deyiblər, get, abırlı geyin, gəl, sonra çim, xalqın əxlaqını pozma, camaatın anası-bacısı var (The community has a mother and a sister).

Əslində rus işğalçıları bizi özbaşına qoysaydılar, biz də əxlaq polisi yaradar, insanların geyim-keciminə, saçına-başına, hətta yerişinə belə qarışar, xoşumuza gəlməyənləri, standartlarımızdan kənara çıxanları şallaqlayardıq. Bu potensial bizdə var və vaxtaşırı qabarır. Minlərlə adam hər gün kiminsə “abırsız geyinməsi”ndən danışır. Yarım saat “Tarqovı”da gəzən mühafizəkar əmilər və xalalar sonra saat yarım “indiki cavanlar”ın əxlaqsızlığından - göbəyiaçıq gəzmələrindən, cırıq şalvar geymələrindən, saçlarını qırmızı və yaşıl boyamalarından, nə bilim, “petux kimi yerimələri”ndən, daha nələrdən danışır. Onların əlində imkan olsa, ya o cür tərbiyəsizləri “Tarqovı”ya buraxmazlar, ya da tutdurub şallaqlatdırarlar.

Hələ 20-22 il əvvəl bizdə kol dibindən çıxıb bulvarda, Dağüstü parkda, sevgili gənclərin daldabasara çəkilə biləcəkləri bütün yerlərdə “keşik çəkən”lər də vardı, özlərini “əxlaq polisi” kimi aparırdılar, öpüşənləri tutub bölməyə aparacaqları ilə hədələyir, pul alıb, buraxırdılar. O cür gənclərdən bizə çox şikayət gəlirdi. Bir dəfə isə bir xahiş gəldi. Bi yaxın simsarım xahiş etdi ki, onun dostuna jurnalist vəsiqəsi düzəldim. Maraqlandım ki, o vəsiqəni nə edir, işi-gücü, qazancı olan adamdır. Simsar adam səmimisini dedi: “Cavandır, nişanlısı ilə orda-burda görüşüb gəzəndə, polislər ilişir, qanqaraçılıq olur. O gün bunun yanında eyni iş üstə başqa bir cütlük də yaxalanıb, oğlan cibindən jurnalist vəsiqəsi çıxarıb göstərib, polis onları buraxıb, bunlardan pul alıb”.

Yaxın adam bu izahatdan sonra “gör, neynirsən” deyərək mənə sırf nişanlısı ilə rahat gəzə bilmək üçün “jurnalist” olmaq istəyən dostunun fotoşəkilini (3\4 ölçüdə) verdi. Adamı qırmadım, götürdüm. O şəkil düz 22 ildir məndədir, hələ vəsiqə düzəltdirə bilməmişəm. Əvəzində adamın oğlu artıq parklarda sevgilisi ilə qorxusuz-ürküsüz gəzir.

Onu da deyim ki, o vaxt mən bu haqq-hesabı qələmə almışdım və daxili işlər nazirinin Əsgər Ələkbərov ad-soyadlı müavini “Xalq qəzeti”nə müsahibə verərək demişdi ki, bizdə nə rəsmi olaraq əxlaq polisi var, nə də özlərini o cür aparanlar, bu barədə qəzetlərdə yazılanlar yalandır, böhtandır və sairdir.

Allah tərəfi, o hadisədən 3-4 il sonra kol dalında gizlənib camaatın əxlaqını qoruyanlar yoxa çıxdılar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR