İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eurovision”dan necə və niyə iyrəndik...

2403 13.05.2022 10:05 Yazarlar A A

Budur, iki gündür “Eurovision” yarışması gedir, iki yarımfinal arxada qalıb, şənbə günü final olacaq, amma türkün sözü, heç kəsin umrunda deyil. Nə mediada bu barədə yazan var, nə sosial şəbəkədə kimsə yada salır.

Amma vaxt vardı... Şair demişkən, “dəmlər o dəmlər idi, zaman o zaman idi” ki, “Eurovision”la yatır, “Eurovision”la dururduq. Hökumətin iclasları bu müsabiqəyə həsr olunurdu, müxalifət partiyaları bu mövzuda bəyanatlar verirdi, politoloqlar eyzən “Eurovision” yarışmasının geosiyasi əhəmiyyətindən danışırdılar, jurnalistlər köşə, reportaj, xəbər yazırdı və s.

Hətta paytaxtın hotelçiləri, taksi sürücüləri, cinsi azlıqları (eləcə də çoxluqları), qədim peşə sahibləri də bu yarışmayla ciddi maraqlanırdılar.

Ölkəmiz xarici jurnalistlərin ayağının altında qalmışdı, biri gedirdi, beşi gəlirdi. Hamısı da öz ölkəsinə qayıtdıqdan sonra siyasətdən yazırdı, sənət qalırdı qıraqda. Sanasan, Bakıda musiqi yarışması yox, Davos iqtisadi forumu, NATO-nun sammiti olacaqdı. CAR-da keçiriləsi futbol mundialı yalan olmuşdu, Bakı “Eurovision”u gerçək. Ajiotaj, hay-küy o qədər idi. Təkcə vuvuzela çatışmırdı.

Bir neçə illik zəhmətdən, çalışma-çabalamadan sonra qazandığımız “Eurovision” çempionluğumuz ölkə xaricində ox olub gözlərə batmışdı. Ən azı iki ölkə ilə müharibə həddinə gəlmişdik (biri də köhnədən vardı). Avropa ölkələrinin bir xeylisi bizi xor görürdü. Beynəlxalq qənaət təxminən beləydi: “Bunlar kimdir ki, Avropaya şou göstərirlər”.

Ölkədəki hay-küy, etiraz mitinqləri, dəstək toplantıları, “bu yarışma nəyimizə lazımdır” qışqırığı, “çox əhəmiyyətli tədbirdir” təkrarlamaları, tıxaclar, xərclənən böyük pullar haqqında söhbətlər, qonşu dövlətlərdə yüksək mənsəbli zəvzəklərin bu mövzuda çərənləmələri ölkədə qanqaraçılıq yaratmışdı. Rəsmən peşman olmuşduq.

Ona görə də “Eurovision” yarışmasını yola verdikdən sonra rahat nəfəs aldıq, öz-özümüzə söz verdik ki, bir daha çempion olmayaq. O vaxtdan bəridir, biz bu yarışmaya adi musiqi yarışması kimi baxırıq və qalib gəlmək üçün özümüzü ülgücləmirik. Düzü budur.

Deməsəm, olmaz, bizi bu yarışmanın ev sahibi olmağa peşman edənlərin başında Rusiya gəlirdi. Moskvada yarışmaya çəkdiyimiz xərci hesablayaraq, bu qənaətə gəlmişdilər ki, Azərbaycanın bu qədər pulu var, amma əlimizin aşağı vaxtı bizə əl tutmur. Çox narazı qalmışdılar. Hətta keçirdiyimiz tədbiri aşağılamaq üçün Şoyqunun elatından 5-6 təqaüdçü nənə tapıb göndərmişdilər - onlar da gəlib dünyanın 1 nömrəli estrada-şou müsabiqəsində “Ay lolo, yar düymələri mərcan” səviyyəsində folklor nəğməsi oxudular və az qala çempion olacaqdılar.

Bir o deyildi. Sonrakı illərdə “Eurovision” yarışmasında Rusiya bizi bir dəfə də pəjmürdə etdi. Necə olmuşdusa, bizim münsiflər Rusiyanı təmsil edən musiqiçiyə 2 xal az vermişdi. Pahh! Ertəsi gün Rusiyanın xarici işlər naziri Lavrov bizim nazirimiz Məmmədyarova zəng etmədimi, səfirimizi Rusiyanın XİN-inə çağırmadılarmı, Xəzər dənizindəki Rusiya donanması hərəkətə gəlmədimi, Rusiya ordusunun Cənub hərbi dairəsindəki kontingent döyüş hazırlığı  vəziyyətinə gətirilmədimi? Nə var, nə var, rusiyalı müğənniyə 10 yox, 8 xal verilib.

Bu, təxminən ona oxşayırdı ki, milyarder Bill Qeytsin bir toplantı salonunda 1 dollarlıq qələmi itir, sekyuriti binanın giriş-çıxışını bağlayır, hamının üstünü axtarırlar, müşahidə kameralarını izləyir, axırda da it gətirirlər. Adama deməzlərmi, a kişi, sən milyardersən, adın var, sanın var, 1 dollarlıq qələmdən ötrü nə pəstəha çıxarırsan.

Bu da eləcə. Sən o boyda Rusiyasan, ballistik raket daşıyan sualtı qayıqların var, 600-dən çox nüvə bomban var, dünyanın ən yekə ölkəsisən, amma gəlib 2 xalın söhbətini edirsən.

Fəqət, ruslar bunu özlərinə rəva gördülər və İTV-də çalışan bəzi şəxslər o 2 xala görə cəzalandırıldılar. Yoxsa vallahi, Rusiya, nə də olmasa, Qarabağda ortalığı qatacaqdı.

Bax, ondan sonra biz xalq olaraq bu siyasət yarışmasından, qonşuluq iltifatına əsaslanan müsabiqədən iyrənməyə başladıq.

Ona görə də artıq vecimizə deyil, bu il “Eurovision”un qalibi kim olacaq. Hansı ölkə olur-olsun. Əsas odur ki, biz udmayaq, qulağımız dinc olsun. Bu saatdan sonra “Eurovision”a görə durub təzədən Rusiya və İranla üz-göz olası deyilik. İranda şəhər məscidlərinin axundları hələ də bizdən narazıdılar ki, 10 il öncə Bakıda gey-parad olub, din-iman əldən gedib.

P.S. Göründüyü kimi,  hələ bu yazıda "Eurovision"un səhnəsindəcə öpüşən eyni cinsli manısların hərəkətinin iyrəncliyi barədə yazılmayıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR