İnsanlara hürriyət, millətlərə istiqlal!

Etimadın inflyasiyası

1966 20.06.2022 11:29 Yazarlar A A

“Heç vaxt kütlə ilə razılaşma. Hətta o haqlı olanda da”
(Emil Çoran)

Milli Məclisin bugünlərdə keçirilən növbədənkənar iclasında deputatlar dövlət büdcəsinin yerinə yetirilməsi durumunu müzakirə etdilər. Hamılıqla büdcəmizin yağlı olmasına əl çalındı, qeyd olundu ki, dünyanın heç yerində belə gözəl dövlət büdcəsi yoxdur, Allah bunu bol eləsin, aşıb-daşsın, neftin qiyməti də, inşallah, ilin axırında 200 dollara çıxsın.

Ancaq bu dövlət büdcəsinin yağlı-buğlu olmasından vətəndaşa nə çatır, onu düşünən yoxdur. Neftin barreli 50 dollar olanda da orta statistik azərbaycanlı acından günorta durur, 120 dollar olanda da. Hələ neftin bahalaşmağı üzündən daha pis yaşamağa başlamışıq, çünki nəticədə planetin hər yerində inflyasiya sürətlənmişdir, dünən 1 manata aldığımız şeyi, indi 3 manata alırıq. Qiymət artımının 20 faizə çatdığı rəsmən etiraf edilirsə, hesab elə bu artım 40 faizdir. Çünki inflyasiya təkrəqəmli, 5-6 faiz etiraf ediləndə onun adətən 12-15 faiz olduğunu yaxşı bilirdik.
Ötən illərdə biz neftin belə bahalaşmasını bir dəfə də yaşamışdıq. Yenə o çağlar heç olmazsa hökumət iri korrupsiya projeləri həyata keçirirdi, nazirliklərə, yerli qurumlara çoxlu pullar ayrılırdı, nəticədə daşan korrupsiya qazanından ətrafdakı qara camaata da nəsə damcılar çatırdı. Qısa yazsam, icra başçısı, nazir, komitə sədri projeni şişirdirdi, 5 milyon özü oğurlayanda, 5 manat da sürücüyə, elektrikə, krançıya, nə bilim, süpürgəçiyə çatırdı. Yuxarıdan aşağıya bir uzun oğurluq zənciri formalaşmışdı, hamı da bundan razı idi. Məsələn, indi fikir verirsinizsə MTN-dən, Eldar Mahmudovun quldur dəstəsindən narazılıq edən nə qədər iş adamı-filan ortaya çıxmışdır. Bu adamlar o vaxt, yolunanda niyə kirimiş durmuşdular? Bəlkə qorxudan? Yox. Tək səbəb qorxu deyildi. Adamlar sadəcə əmin idilər: bir yandan alan, bir yandan verəcək. Pullar gəlir, yenə toplayarıq.

Arada neftin qiyməti düşdü, tutatut başladı, indi isə artıq köhnə zəncir sanki qırılmış kimi görünür. Ya təzə müdirlər xəsislik edir, ya hökumət büdcə vəsaitlərinə nəzarəti gücləndirib, hər nədirsə, daha elə iri projelər, daşanda bir neçə nəsili doyuzduran tikintilər, iclaslar, yarışlar görmürük. Xırda-mırda işlər olur, onunla da Fatıya tuman tikmək çətindir.

Ona görə də hökumətin yaratdığı Sosial Tədqiqatlar Mərkəzinin bugünlərdə açıqladığı bəzi rəqəmlər maraqlıdır. Orda deyilir ki, sorğu keçiriblər, zəhmətkeşlərimizin 88 faizi prezidentə tam etimad göstərir, lakin yerli icra başçılarına cəmi 22 faiz belə münasibət bəsləyir. Hətta yerli icra başçılarına tam etimad göstərməyənlərin faizi 37 faizdən çox imiş! Fantastikadır. Əhali dövlət başçısını bəyənir, onun yerlərə qoyduğu adamları isə bəyənmirmiş.

Bəs indi biz nə edək? Elçibəyin sözü olmasın, İsveçrədən təzə xalq gətirək? Əlbəttə, icra başçısı qoymaq üçün deyil, hazırkı başçıları bəyənmələri üçün. Görünür xalqın siyasi savadı, düşüncəsi azdır. Əks halda onlar icra başçılarını da bəyənməli idilər. Bir el məsəlində deyilən kimi, yedin qazı, sevdin Naznazı, qayıqla keçdin Arazı, bəs indi niyə olursan narazı? Xalqın ipinin üstünə odun yığmaq çətindir. Mənim belə xalqa etimadım 50 faizdən çox deyil.

Bəzi deputatlar da narazılıq edir, donquldanırlar. Büdcənin kiçik toyu olan gün (böyük toy adətən dekabrda olur) onlar səhiyyə, elm üzrə ayrılan pulların azlığından şikayət etdilər. Deyir Türkiyədə elmə filan qədər, Rusiyada səhiyyəyə nə bilim neçə faiz ayrılır, dünyadan çox geri qalırıq və sairə.

Ancaq soruşan yoxdur ki, sıfır tam filan qədər pul ayrıldı, onunla nə etdilər, indi 4-5 faiz ayrılsın? Yenə baş həkim səkkiz cibli xələtlə işə gələcək, “Ramiz Mehdiyev” isə təzə villasını tikdirəcək.

Əsas odur etimad azalmasın. Qalanı düzələcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR