İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibarsız qonşu - Əhliman Əmiraslanovun yazısı

1293 16.11.2022 10:35 Gündəm A A

Bu gün müasir, müstəqil, qalib dövlətimizin adını çox böyük fərəh və qürur hissi ilə çəkirik. Azərbaycan bu fərəhli günlərə addım-addım irəliləyib və məqsədinə nail olub. 30 illik müstəqillik dövrümüzdə gedilən bu yol heç də asan olmayıb. İlk növbədə, ölkədə daxili sabitlik yaratmaq, milli birliyə, həmrəyliyə nail olmaq, dağılmış iqtisadiyyatı dirçəltmək, nizamlı və hərtərəfli təmin olunmuş ordu qurmaq, beynəlxalq aləmdə Azərbaycana qarşı neqativ münasibəti dəyişmək lazım idi.

Ulu öndər Heydər Əliyevin başladığı bu çətin və şərəfli missiyanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev davam edərək, çox böyük məharətlə, yüksək siyasi iradə və qətiyyət göstərərək qarşıya qoyulan müqəddəs məqsədə doğru gedərək, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi ilə Azərbaycanın müstəqillik tarixinə Müzəffərlik əsərini yazdı. Təssüf ki, dövlətimizin iqtisadi, siyasi və hərbi uğurları, regionda söz sahibi olması bəzi mənfur qüvvələri, qonşu və “dost” dövlətləri narahat edir. Azərbaycan bütün qonşu dövlətlərlə, o cümlədən İranla bağlı məsələlərə hər zaman xüsusi həssaslıqla yanaşıb. İran İslam Respublikası ölkəmizin sıx əməkdaşlıq etdiyi ölkələrdən biridir. Bu da təsadüfi deyil.

Məlum olduğu kimi, əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb. Ancaq təssüf ki, hər zaman İslam birliyindən və həmrəyliyindən dəm vuran, özünü dünya müsəlmanlarının bir nömrəli təəssübkeşi kimi qələmə verən İran tərəfinin sözləri ilə əməlləri heç bir halda üst-üstə düşmür. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verib. Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir. İranın din xadimlərin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi isə islamın əxlaq kodeksinə zidd olan əməldir.

İran İslam Respublikası Azərbaycan sərhədinə qoşun yığır, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir. İranın Azərbaycanla sərhəddə 30 ildə ilk dəfə irimiqyaslı hərbi təlimlərin keçirilməsi hərbi avantüra və səmərəsiz əzələ nümayişidir. Azərbaycan bütün təhdidlərin qarşısını almağa, bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. İrana məxsus KİV-lərdə əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan Respublikasına qarşı davamlı olaraq “ideoloji mübarizə” aparılır. Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparılır. İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi isə bir daha sübut etdi ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir.

Cənubi Qafqazın lider ölkəsi, Avropanın enerji təhlükəsizliyində başlıca rollardan birini oynayan, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş hesab olunan, qüdrətli Qalib Orduya malik olan və bütün dövrlərdə humanitar xarakterli qlobal təşəbbüslərlə çıxış edən Azərbaycan ilə hədə və təhdid dilində danışmaq kimsəyə fayda verməz. Azərbaycan bütün təxribatlara qarşı lazımi şəkildə cavab verməyə qadirdir. 30 il davam edən işğala, müsəlmanların öz torpaqlarından qovulmasına, məscidlərin, islam ibadətgahlarının təhqir olunmasına göz yuman İranın Qafanda konsulluq açması və Ermənistanın Təbrizdə konsulluq açmasının gündəmə gətirilməsinə şərait yaratması vicdanlı və dürüst davranış hesab edilə bilməz. İranın azərbaycanlı əhalisi hətta ən elementar hüquqlardan belə amansızcasına məhrum edilib.

Prezident İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə dediyi kimi “Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti öz ana dilində təhsil almaq imkanlardan məhrumdur. Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaları önəmli məsələdir... Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR