İnsanlara hürriyət, millətlərə istiqlal!

Estetik əməliyyat daha bir can aldı – 23 yaşlı Arzunun nakam arzusu

2116 09.05.2023 08:12 Yaşam A A

23 yaşlı Arzunun nakam arzusu

Paytaxt Bakıda estetik əməliyyat zamanı komaya düşən gənc qız vəfat edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 23 yaşlı Arzu Əzimova tibbi müdaxilələrə baxmayaraq, dünən vəfat edib.

Məlum olub ki, o, 5 gün əvvəl Sabunçu rayonu ərazisidəki “Medicare” özəl klinikasında rinoplastika əməliyyatı (estetik burun əməliyyatı) etdirib və orada komaya düşüb. Faktla bağlı araşdırma aparılır.

Bəs problem həkimlərin səhlənkarlığı, yoxsa əməliyyat riski ilə bağlıdır? Daha çox hansı estetik əməliyyat həyat üçün risklidir?

WhatsApp Image 2023-05-09 at 18.04.30.jpeg (31 KB)

Mövzu ilə bağlı tanınmış plastik cərrah Elnur Mehrəli “Yeni Müsavat”a danışıb. Elnur Mehrəli qeyd edib ki, ümumiyyətlə, istənilən əməliyyata girməzdən öncə hər bir pasiyentin əməliyyata hazırlıq dərəcəsi yoxlanılmalıdır:

“Hazırlıq dərəcəsi dedikdə buraya pasiyentin psixoloji vəziyyəti, tibbi  olaraq analiz, müalicə cavabları, təhlillərinin müəyyənləşdirilməsi, əməliyyatdan sonrakı qorunma təhlükəsizliyi ilə bağlı məlumatlara malik olması daxildir.  Məsələn, araşdırılmalıdır ki, pasiyentin qan təhlilində nə var,  qan laxtalanması necədir, əvvəlki əməliyyatlarda narkoz alıbmı və sairə. Yəni bir sözlə, ilk öncə pasiyentin əməliyyata hazırlıq dərəcəsi müəyyənləşdirilməli, yalnız bütün bunlardan sonra əməliyyat üçün qərar verilməlidir. Sonrakı etapda pasiyent əməliyyat olunur, əməliyyatdan sonra vəziyyəti qənaətbəxş hesab olunanda evə buraxılır”.

Cərrah qeyd edib ki, bütün cərrahi müdaxilələrdə risk amili var:

“Lakin burada yenə də ilk öncə  pasiyentlərin dəyərləndirilməsi çox önəm daşıyır.

O ki qaldı hansı yaş qrupunun daha çox riskli olmasına, qeyd edim ki, konkret olaraq burun estetik əməliyyatı qadınlar üçün 17, kişilər üçün isə 18 yaşdan etibarən icra edilir. Yuxarı yaş həddini isə 50-60 yaş olaraq dəyərləndirmək olar.

Təbii ki, bu çərçivədən kənara çıxmalar da olur. Məsələn, 60-dan yuxarı yaşda olan pasiyent əməliyyat keçirib və hər şey qaydasında olub. Həmçinin 17 yaşdan aşağı pasiyentlər bu əməliyyatı keçirib, amma xüsusi göstərişlə. Bu göstərişlər nədən ibarətdir? Ciddi travma nəticəsində burun ciddi şəkildə qırılıbsa və nəfər almaqda fəsad yaranıbsa, nəticədə pasiyentin sağlamlığına, orqanizminə ziyan olursa, cərrahi müdaxilə edilir. Lakin bu cür situasiyalar  çox az  halda baş verir.

Söhbət hansı yaş kateqoriyasında olmasından getmir. Burada  pasiyentlərin hansı xəstəliklər keçirməsi, orqanizmində gedən proseslərin nədən ibarət olması daha önəmlidir".

“Əməliyyat zamanı və ya əməliyyatdan sonra baş verən ölüm faktorunda nə dərəcədə həkim səhlənkarlığı var?” sualımıza Elnur Mehrəli bu cür cavab verdi:

“Ümumiyyətlə, bu barədə fikir yürüdə bilmərəm, çünki bu məsələ tibbi həkim ekspertizasının işidir. Mən sadəcə önləyici tədbirlərdən söz aça  bilərəm ki, xoşagəlməz hallar yaşanmasın.

Təbii ki, ölüm faktoru cərrahı müdaxilə sonrası baş vermiş hadisədirsə, bu zaman həkimin hazırlıq dərəcəsi, müayinə və analizlərin nə dərəcədə keçirilib-keçirilməməsi, həkimin icra etdiyi əməliyyatın gedişatı dəyərləndirilib qiymətləndirilməlidir.

Onu da qəbul edək ki, son vaxtlar ölkədə qeyri-ixtisas sahəli, tibbi savadı olmayan,  yalnız hansısa 1-2 kurs keçib tibbi müdaxilə edənlərin sayı artıb və bu tendensiya davam etməkdədir. Hesab edirəm ki, ilk növbədə bu məsələnin qarşısı ciddi şəkildə alınmalı, prosesə ciddi nəzarət edilməlidir ki, bu kimi fəsadlar baş verməsin".

Elnur Mehrəlinin sözlərinə görə, son illərdə kişilər arasında da estetik əməliyyatlara müraciət xeyli artıb:

“Əgər kişilər əvvəllər daha çox burun estetik əməliyyatına görə müraciət edirdisə, indi daha çox müraciət olunan əməliyyatlar sırasına bədən şəkilləndirmə və üz gəncləşdirmədir”.

Həkim sonda öz tövsiyələrini də bildirib:

“Bir həkim kimi tövsiyələrimiz ondan ibarətdir ki, estetik əməliyyat keçirmək istədikdə ilk növbədə həkim seçimində doğru-dürüst qərar versinlər. Həkimlərin hansı diploma, hansı sertifikasiyaya, hansı ixtisasa malik olduğunu düzgün dəyərləndirsinlər,  iş təcrübəsi, əməliyyat  nəticələri ilə tanış olsunlar”.

Məlum olub ki, dünyada ən çox müraciət edilən plastik əməliyyat “ritidektomiya” - sifət və boyun dərisinin dartılması əməliyyatıdır. Bu əməliyyat növü ötən əsrin əvvəllərində Avropada yaranıb, lakin uzun müddət gizlin saxlanılıb. “Liposaksiya” - bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü də dünyada geniş yayılmağa başlayıb. Bu əməliyyat isə ilk dəfə 20 il əvvəl Fransada yaranıb.

“Rinoplastik” burun əməliyyatları isə artıq adiləşməyə başlayıb. Bu əməliyyat zamanı burun kiçildilib, böyüdülür, yenidən formalaşdırılır, kiçik donqar götürülür, burun ucu incəldilir və s. Burun plastikasının Hindistan növü artıq 5 min ildir ki, mövcuddur.

Araşdırmalara görə, ölkəmizdə ən çox müraciət edilən plastik əməliyyat isə rinoplastik əməliyyatdır. Sonrakı sırada üz cizgilərinin dəyişdirilməsi, o cümlədən qırışların açılması, üzün və göz qapaqlarının dartılmasıdır. Digər sırada isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nahiyəsinin böyüdülməsidir. Bu əməliyyat plastik əməliyyatlar içərisində ən bahalı olanıdır.

Son vaxtlarda isə dərialtı piylərin xaric edilməsi əməliyyatları dəb halını almağa başlayıb. Botoks əməliyyatına gəldikdə isə təəssüflə qeyd etmək lazımdır ki, bu əməliyyat dünyada 45-50 yaşlı insanlar arasında aparılsa da, ölkəmizdə daha çox gənclər bu əməliyyata müraciət edir. Ən təhlükəlisi isə bu əməliyyatın daha çox gözəllik salonlarında, qeyri-peşəkarlar tərəfindən aparılmasıdır. Buna görə də tez-tez botoks əməliyyatından həyatı təhlükəyə düşən insanlar haqqında məlumatlara rast gəlirik.

Xalidə GƏRAY
“Yeni Müsavat” 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR