İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əslində Ermənistan Türkiyə üçün o qədər kiçik..." -deputat  

1117 07.10.2022 16:06 Region A A

“Praqada Avropa İttifaqı və Aİ Siyasi Birliyi çərçivəsində qardaş ölkə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Paşinyanla görüşdən sonra bu görüşü səmimi görüş kimi qiymətləndirdi. Bu, Türkiyə ilə Ermənistan arasında ümumi siyasi iqlimin mülayimləşməsindən xəbər verir”.

Deputat Hikmət Babaoğlu bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. Qeyd etdi ki, əslində yaranmış yeni reallığın obyektiv qiymətləndirilməsinin özü bunu zəruri edir: “Çünki hazırkı vəziyyətdə Ermənistanın başqa çıxış yolu da qalmayıb. Yəni mülayimləşmə və əməkdaşlığa meyillilik Ermənistanın könüllü seçimi, yaxud Türkiyə və Azərbaycana qarşı əsassız iddialarından əl çəkməsi deyil, sadəcə hazırki reallıqda praqmatik davranmaq cəhdləridir. Ermənistan inkişaf etmək, Qərbə inteqrasiya etmək istəyirsə, bunun yeganə yolu Türkiyədən keçir. Yox, bütün sahələrdə çox asılı olduğu Rusiya ilə daha yaxşı kommunikasiya imkanları əldə etmək istəyirsə, bunun da yolu Zəngəzur dəhlizi və Azərbaycandan keçir. Ona görə də Ermənistanın Türkiyə ilə danışıqlar aparması Azərbaycanla danışıqlar aparmasının bir hissəsidir, ya da əksinə, Türkiyə ilə aparılan danışıqlar elə həm də Azərbaycanla aparılan danışıqlardır. Ona görə də qardaş ölkənin çox hörmətli prezidenti Rəcəb Tayib Ərdoğan bildirdi ki, Azərbaycanla sülh imzalayın, o zaman bizimlə heç bir probleminiz olmaz”.



Digər məsələlərə gəldikdə, H.Babaoğlu bildirdi ki, onlar işçi qrupu səviyyəsində həll ediləcək məsələlərdir ki, Prezident Ərdoğan bununla bağlı müvafiq təlimatlar verəcəyini açıqladı. “Yəni əslində Ermənistan Türkiyə üçün o qədər kiçik bir tərəfdaşdır ki, birinci şəxsin siyasi iradəsi olduqdan sonra qalan digər bütün məsələlər orta səviyyəli məmurlar miqyasında həll edilə bilər. Ermənistanın Praqada nümayiş etdirdiyi mövqenin dayanıqlı olub – olmayacağına gəldikdə isə bir qədər təmkinli olmaq lazımdır. Çünki biz heç vaxt hər hansı bir məsələdə bu vaxta qədər məcbur edilmədikcə, Ermənistanın öz beynəlxalq öhdəliklərini yerinə yetirdiyini görməmişik”-deputat sonda fikirlərinə əlavə etdi.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR