İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsl casusun karyerası – asmasalar, Kohen prezident olacaqmış

2009 01.02.2023 11:05 Yazarlar A A

Ötən əsrin 60-cı illərində İsrailin Suriyada bir casusu olub – Əli Kohen (tam adı Eliyahu Ben Şaul Kohen). Misirdə doğulmuş bu şəxs xarici görünüşcə ərəblərə çox bənzədiyindən və ərəbcəni yaxşı bildiyindən Suriyada uğurlu casusluq fəaliyyəti göstərib.

“Mossad” onu əvvəlcə Argentinaya yollayıb, orda ondan “əsli Suriyadan olan ərəb əsilli iş adamı Kamal Əmin Taybet” düzəldiblər, Suriyanın səfirliyinin rəhbərliyi ilə dost-qardaş olmasını təmin ediblər, daha sonra Dəməşqə göndəriblər. Əli Kohen Dəməşqdə yerləşib, ətrafını genişləndirərkən, Suriyada çevriliş olub və onun Argentinada dostlaşdığı adamlar yeni hökumətdə yaxşı vəzifələr tutublar. Bundan sonra onun işləri daha rəvan gedib, “Mossad”ın göndərdiyi pulları ziyafətlərə, hədiyyələrə sərf edə-edə özünə çoxlu dost yığıb və müdafiə nazirinin müavini vəzifəsinə qədər yüksəlib. Hətta ifşa olunmasa, bir gün onun Suriya prezidenti ola biləcəyi də düşünülürmüş. Namizədlər sırasında “vətənpərvər biznesmen” Kohen üçüncü imiş.

5544.JPG (27 KB)

Koen Colan təpələrində (bir müddət sonra buralar onun dövləti tərəfindən tutulub)

Əli Kohen ard-arda “Mossad”a göndərdiyi qiymətli kəşfiyyat məlumatlarının əsasında İsrail Suriyanın bir sıra hərbi planlarından, təcavüzkar niyyətlərindən vaxtında xəbərdar olub, preventiv tədbirlər görüb, xüsusilə 6 günlük müharibədə və Colan təpələri regionunda üstünlük əldə edib. Ancaq əksər casuslar kimi, bir gün Əlinin də əməlləri faş olub. Onu SSRİ-dən göndərilən səyyar pelenqator vasitəsi ilə İsrailə radiosiqnallar ötürdüyü yerdə tutublar və ölkə prezidenti ilə dost-qardaş olsa da, əfv etməyiblər, 1965-ci ilin mayında asıblar, hətta nəşini hələ də İsrailə qaytarmırlar. Edam edilərkən Kohenin 40 yaşı varmış.

Bəli, keçmiş vaxtlarda casusların işi ağır, aqibətləri çox pis olub: işlədiyi ölkəyə məxfi məlumatlar göndərmək bir zülm-zillət, ifşa olunmamaq üçün məharətlə gizlənmək – iki, tutulanda edam olunmaq – üç.

İndikilərin işi rahatdır, açıq işləyirlər. Müasir xəbərləşmə texnologiyalarının vasitəsilə istənilən məlumatı istənilən xarici ölkəyə anındaca göndərmək olur – bir, heç kim təkbaşına işləmir, bütöv bir şəbəkə qurulur – iki, adamlar hansı ölkəyə rəğbətli olduqlarını gizlətmirlər, əksinə, həmin ölkənin açıq təbliğatını aparırlar – üç, tutulanda edam söhbəti yoxdur, olsa-olsa, 3-4 illik həbs təhlükəsi var – dörd, həbs olunmuş casusların azadlığa buraxılması üçün “ağalar” müxtəlif təzyiq rıçaqlarından, müdafiə vasitələrindən istifadə edirlər – beş.

Bir sözlə, müasir dünyada casusluq və ya başqa ölkəyə işləmək haqq-hesabı o qədər də təhlükəli deyil, mənfəətli işdir.

8888.jpg (25 KB)

Burada istisna yalnız açıq düşmən ölkəyə işləmək məsələsində ola bilər. Onları bağışlamırlar, məsələn, heç kəs Ermənistana işləyərək uzun müddət azadlıqda gəzə bilməz. O biri ölkələrə işləmək, rəğbət bəsləmək, hərbi sirr olmayan xəbərləri ötürmək isə elə də təqib olunmur. Sadəcə, hamı bilir ki, filankəslər filan ölkədən qrant alırlar və həmişə onları dəstəkləyirlər, işlədikləri ölkənin reputasiyasına toz qondurmurlar. Hətta bu ölkədə başqa dövlətə işləyənlərin öz dövlətinə işləyənləri sosial şəbəkdə pisikdirib, güncə sıxmalarına, diligödək etmələrinə, virtual linçə məruz qoymalarına dair yüzlərlə fakt var.

İndi xəbərlər yayılıb ki, İrana casusluq edənlərin ifşası prosesi başlanıb, dünən 7 nəfər tutulub. Ola bilər ki, onlar Əli Koen kimi radioverici cihazlarla İrana gizli materiallar ötürmürmüşlər (yixarıda dediyimiz kimi, artıq o cohazlara ehtiyac yoxdur), amma öz publik çıxışlarında, yazışmalarında İran dövlətinin mənafeyini qoruduqları, onun maraqlarına uyğun hərəkət etdikləri, hansısa məkrli planda ortaya çıxacaqları çoxlarına, o cümlədən kəşfiyyat strukturlarına sirr deyildi, çoxdan bəlliydi.

0055533.jpg (52 KB)

Məhz bu amil o adamlarda arxayınlıq yaratmışdı. Ona görə də onlar zaman-zaman öz dövlətlərinin təəssübünü çəkən adamların üzərinə yeriyir, hətta onları təhqir edir, fiziki cəzayla-filanla hədələyirdilər. Özlərini tam təhlükəsizlikdə hiss edən belələri açıq şəkildə qruplaşır, öz dairələrini, trol qruplarını yaradır, “dövlət içində muxtar təşkilat” kimi fəaliyyət göstərirdilər.

Nə qədər ki, İran dövləti ilə Azərbaycanın münasibətləri açıq şəkildə düşməncəsinə deyildi, rəsmi Bakı bu “rəğbət qrupları”nı nəzarət altında saxlayır, amma casus damğası vurmaqla ifşa etmir, necə deyərlər, “İran şirinin quyruğunu tapdalamaq” istəmirdi. Amma son 3-4 ayda İran ölkəmizə qarşı açıq və aqressiv xətt yeritməyə başlayandan sonra daha Tehranın kaprizləri ilə oynamağa ehtiyac qalmadı. Üstəlik, İran tərəfinin müxtəlif ranqlı din və siyasət adamları, hərbçiləri tez-tez Azərbaycandakı “sütun”larına istinad edərək ölkəni laxlatmaqla hədələyirdilər. Belə olandan sonra o “kalon”ların sökülməsi, şəbəkənin darmadağın edilməsi şərt idi.

Əlbəttə, Koen kimi gizli casusdansa, hər gün işlədiyi dövləti müdafiə edən açıq casuslar yaxşıdır. Ən azı ikincilərin böyük dövlət vəzifəsi tutması mümkün deyil. Ən qorxulusu isə lap əvvəldən yüksək dövlət vəzifəsi tutan birinin sonradan casus fəaliyyətinə cəlb edilməsidir. Bax, bu, dövlət üçün çox təhlükəlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR