İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsir hərbçimizin anası FƏRYAD ETDİ – “Balalarımıza elə işgəncə...”

1465 19.10.2023 19:28 Hadisə A A

“Bu gün oğlumla telefonda danışdım. Danışığı heç xoşuma gəlmədi. Açıq-aydın intihar edəcəyinə işarə vurdu. Ermənistanda hər iki əsirə işgəncə verirlər. Oğlum artıq dözə bilmədiyini və bezdiyini açıqladı”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında 7 aydır Ermənistanda əsir saxlanılan hərbçi Aqşin Bəbirovun anası Dürdanə Bəbirova deyib.

Ana oğlunun tez bir zamanda sağ-salamat vətənə dönməsini istəyir:

“Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşının iştirakı ilə mən oğlum Aqşinlə, Şəlalə Axundova isə oğlu Hüseynlə danışdıq. Hər iki əsir heç yaxşı deyil. “Məni boş verin, siz yaxşı olun. Səbrimiz tükənib, şaiyələrə dözə bilmirik, ölsək kişi kimi ölərik”– deyə ifadələr işlətdilər.

Aqşin heç vaxt belə ümidsiz danışmamışdı. “Özüm üçün bir problem yaratsam, narahat olma” dedi. Elə hey sağollaşır, sanki danışmaq istəmirdi. İşgəncələrə məruz qalıblar. Bir iki kəlmə zorla danışdı. Nə şaiyədir, anlamadım. Bu gün artıq balam 7 aydır düşmənin evində nə çəkdiyini dilə gətirdi, səbrinin daşdığını açıqladı.

Bizim balalarımızın bəlkə də qüruru ilə oynayırlar, döyürlər, nə işgəncə verirlər, bilmirik. Eləcə də Hüseyn Axundov anası ilə bu cür danışdı. Bu uşaqlara nə ediblər, hansı işgəncələr veriblər ki, hər iki əsir canından bezib? Oğlumun son sözü o oldu ki, “ölsək də başı dik öləcəyik”. Bir ana buna necə dözsün?”- deyə Dürdanə Bəbirova fəryad edib.

Xatırladaq ki, aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər.

Ermənistan tərəfi onlara qarşı saxta ittihamlarla cinayət işi açıb. Azərbaycan hərbçisi Hüseyn Axundov 20 il, Aqşin Bəbirov isə 11,5 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da bildirək ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır. Lakin Ermənistan tərəfi bu razılaşmaya əməl etmir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR