İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın xain təxribatı, Azərbaycanın “qisas əməliyyatı"

640 14.02.2024 12:56 Gündəm A A

Bir neçə aydır sakitliyin hökm sürdüyü sərhəddə qan tökülməsində hansı qüvvələr maraqlıdır? 

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən keçirilmiş "qisas əməliyyatı" nəticəsində ölən erməni hərbçilərin sayı artıb. Ermənistan tərəfinin 4 hərbçisi məhv edilib, 1-i yaralanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 13 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Erməni təxribatı zamanı yaralanan Pərviz Xəlilzadə - 0076117 | Photostock.az

Yaralanan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Pərviz Xəlilzadə 2001-ci ildə anadan olub. O, Bərdə rayonunun Qarayusifli kəndindəndir.

Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfi bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır.

 Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb. Bu tədbir sırf cavab tədbiri idi.

Ermənistanın sülh prosesinə zərbə sayılan alçaq təxribata əl atması, sərhədçimizi snayperlə yaralanması, həmçinin 2020-ci ildəki kimi Tovuz istiqamətindən təxribat törədilməsi faktı təbii ki, sakit qarşılana bilməzdi. Bu xain təxribat Azərbaycan dövlətinin qüruruna toxunmaq cəhdi idi. “Yeni Müsavat”a DSX-dən bildirilib ki, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq qisas əməliyyatı keçirilib. Məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. “Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur. Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcəkdir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - məlumatda deyilir.

Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Ermənistanla de-fakto sülh şəraitinin mövcud olduğunu bildirməsindən sonra şərti sərhəddəki bu təxribatlar heç şübhəsiz ki, bölgədə gərginliyi tətikləmək istəyən qüvvələrin diktəsi ilə törədilib. Ancaq bu da var ki, baş nazir Nikol Paşinyan da xarici mətbuata son müsahibəsində Azərbaycanı və konkret olaraq dövlət başçımızı ittiham etmişdi, sərsəm iddialar səsləndirmişdi. Deməli, təxribat ssenarisi Paşinyanın kabinetində hazırlanıb.   

Rusiya Azərbaycan-Ermənistan şərti sərhədində törədilən təxribatla bağlı tərəfləri təmkinli olmağa çağırıb. Bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun bəyanatından aydın olub. “Moskva Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam ediləcəyinə ümidvardır”, - Peskov deyib. O, hadisələri çox diqqətlə izləyəcəklərini və hər iki tərəflə təmasları davam etdirəcəklərini vurğulayıb. D.Peskov əlavə edib ki, belə hadisələr danışıqlar prosesinin irəliləməsinə kömək etmir və sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır. “Amma ümid edirik ki, (sülh müqaviləsinin imzalanması üçün danışıqlar - red.) prosesi davam edəcək”, - deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Hələlik nə Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasından, nə də digər qurumlarında  Ermənistanın təxribatına reaksiya yoxdur. Əslində onların son xain təxribatı ittiham edəcəyini də gözləmirik. Əslində Ermənistanı təxribatçı hücumlara həvəsləndirən də məhz həmin “mülki” missiya və Qərbin ayrı-ayrı paytaxtları, təsisatlarıdır. Azərbaycanın "qisas əməliyyatı" nəticəsində məhv edilənlərin azı ikisinin “Yerkrapa” adlı terrorçu təşkilatın muzdlularının olması faktı əslində çox şey deyir. Bu təşkilat 1993-cü ildə Azərbaycan ərazilərinin işğal olunması prosesində yaradılmışdı və Qarabağda saysız-hesabsız cinayətlər törətmişdi... Beləliklə, sülhdən danışan Ermənistan terrorçuları qabağa verib.

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, Nikol Paşinyan sərhəddə gərginlik və Azərbaycanla yeni müharibə istəmirsə, ilk işi “Yerkrapa” terror təşkilatının üzvlərini sərhəddən uzaqlaşdırması və tərk-silah etməsi olmalıdır: “Bu təşkilat ordu komandanlığına və hökumətə tabe deyil. Bu təşkilata əmrləri Rusiyanın hərbi agentura şəbəkəsindən tutmuş "Qarabağ klanının" rəhbərliyinə qədər şəxslər verir. “Yerkrapa”nın Birinci Qarabağ müharibəsindən başlayaraq Rusiya hərbi agenturası ilə əməkdaşlığının uzun tarixi var. Paşinyan bu terrorçu təşkilatı tərk-silah etməsə sərhəddə təxribatlar səngiməyəcək və bu Ermənistana baha başa gələcək". Ekspert hesab edir ki, rəsmi Bakının İrəvandan tələbləri sırasına ""Yerkrapa" qruplaşması tərk-silah olunaraq sərhəddən uzaqlaşdırılmalıdır" şərti də əlavə olunmalıdır: “Brüsselə də sualımız var: "Əgər erməni snayperi Azərbaycan mövqelərinə atəş açırsa, Sizin Ermənistandakı fəaliyyətinizin mənası nədir, nəyi monitorinq edirsiz?" Bunlar Azərbaycan ərazisinə durbinlə baxmaq əvəzinə, həmin durbini arxa tərəfə çevirib baxmalıdırlar. Əsl təhlükə arxa tərəfdədir". 

Məşhur britaniyalı politoloq Neil Uatson Modern.az-a açıqlamasında bildirib ki, təxribatın arxasında üç səbəb dayanır: “Birincisi, onlar Ermənistan cəmiyyətində və siyasətində ən yüksək səviyyədə mövcud olan revanşist əhval-ruhiyyəni təmsil edirlər. Bu insanlar sülh prosesini pozmaq niyyətindədirlər və Qarabağın tarixi ilə bağlı öz miflərinə köklü şəkildə inanırlar”, - o qeyd edib. Ekspertin sözlərinə görə, İlham Əliyevin prezident seçkisində yenidən seçilməsinin səbəblərindən biri də İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi mühüm rol oynaması və sonradan bu faciənin aradan qaldırılması üçün həyata keçirilən antiterror tədbirləri ilə bağlıdır.

 “Ermənilərin bu təxribatları onun nailiyyətlərinin gücünə şübhə yaratmaq məqsədi daşıyır. Üçüncüsü, onlar öz xalqının lideri kimi Nikol Paşinyanın zəif tərəflərini nümayiş etdirirlər, çünki o, ölkədəki revanşistləri idarə edə bilmir”, - deyə o bildirib.  

Elşad PAŞASOY,

“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR