İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanın 1-2 ilə hücum ordusu olacaq? - yeni müharibə anonsu, yoxsa...

1287 17.02.2024 12:03 Gündəm A A

Azərbaycanla şərti sərhəddə uzun fasilədən sonra həftənin əvvəlində yaşanan qanlı olaylar Ermənistanın revanşist niyyətini bir daha ortaya qoydu. Eyni zamanda rəsmi İrəvanın Qərbin diktəsi ilə çox təhlükəli oyunun içində olduğunu təsdiqlədi. Təbii ki, tədricən sürət götürmək istəyən kövrək sülh prosesi və iki ölkə arasındakı zəif etimad mühiti də ağır zərbə aldı. 

Belə görünür ki, Paşinyan iqtidarı sözdə sülhdən dəm vursa da, havadarlarının diktəsi ilə Bakıya qarşı revanşist planlardan da əl çəkməyib. Demək, bədəlinə də hazır olmalıdır.     

“Bizdə hərbi sənayedə inqilabi dəyişikliklər var. Bu gün Ermənistanın özündə istehsal olunan silahları var”. 

Bunu hakim “Mülki müqavilə” fraksiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan deyib: “Bu silahlar bəlkə də 4-cü və ya 5-ci nəsildir və inkişaf etmiş ölkələr var ki, bu silahları belə istehsal etmir. Bu tempi qoruyub saxlasaq, 1-2 ildən sonra dünyada erməni nailiyyətləri kimi tanınan yüksək texnoloji nailiyyətlərimiz olacaq, təbii ki, hərbi məsələlərdə, hərbi texnika sahəsində və belə temp davam edərsə. Ermənistan kiçik ölkədir, hər şeyi istehsal edə bilmir, biz ultramüasir, daha çox problemləri həll edən texnika istehsal etməyə çalışırıq və bu hərbi texnika yüksək texnologiyalardan istifadə etməklə istehsal olunur. Əlbəttə, bütün bunları uzun müddət gizlətmək mümkün olmayacaq, amma indiki məqamda ən doğrusu çox işləmək, az danışmaqdır”.

Deputat qeyd edib ki, pilotsuz təyyarələrin istehsalı ilə bağlı da planlar var və bu işlər davam etdirilir: “Azərbaycan və Türkiyə silahlanır, bütün bunları nəzərə alaraq biz qarşımızda duran çağırışların fərqindəyik və müvafiq tədbirlər görürük. Bir neçə ildən sonra bizim yüksək döyüş qabiliyyətinə malik, müasir ordumuz olacaq və yaxın illərdə Ermənistan məhsulları beynəlxalq bazarlarda yaxşı tanınacaq”.

Rəsmi Bakı isə avantürist planlar quran İrəvana öz xəbərdarlığını dönə-dönə edib. 

“Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik. Bildirilmişdi ki, Ermənistanın üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir”.

Bu sözləri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində söyləyib.

Ancaq vaxt keçdikcə yenidən bizə qarşı ərazi iddialarının irəli sürüldüyünü, onların yenidən çirkin əməllərindən əl çəkmək istəmədiklərini gördüyümüzü vurğulayan dövlət başçısı bildirib: “Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu. Bəlkə kimsə onlara müəyyən məsləhətlər də verirdi ki, bu öhdəliklər yerinə yetirilməsin”.

Prezident həmçinin vurğulayıb: “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur oldular... Növbəti illərdə qarşımızda duran əsas vəzifələrdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atıldı. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir. Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Xüsusi Təyinatlı Qüvvələrin sayı bir neçə dəfə artırılıb, yeni yaradılmış "Komando" silahlı birləşmələrində hərbçilərin sayı minlərlə ölçülür və bu proses davam edir. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək. Heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz".

Doğrudanmı Ermənistanın 1-2 ilə “yüksək döyüş qabiliyyətli” ordusu ola bilər? Bu, müharibə anonsudurmu? Kapitulyant ölkənin silahlanma yarışında Azərbaycanla ayaqlaşması mümkünmü? Bakı nələrə diqqət etməlidir?

Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının  Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır

Bəhruz Məhərrəmov: “Bu təhdidi aradan qaldıracağıq”

Deputat Bəhruz Məhərrəmov Ermənistanın bundan sonra Azərbaycanla ayaqlaşa bilməsini tamamilə mümkünsüz sayır: “Prezident İlham Əliyevin andiçmə mərasimindəki tarixi nitqi, həmçinin inauqurasiyadan öncəki gün Azərbaycan və Ermənistan arasında şərti sərhədlərdə baş vermiş təxribata sərt və adekvat formada cavab verilməsi fonunda əslində Ermənistanın sürətlə silahlanması barədə xüsusi müzakirələrə ehtiyac qalmır.

Azərbaycanın güc və imkanları bəllidir. Hər kəsə, o cümlədən Ermənistan və havadarlarına da aydındır ki, üçüncü dünya ölkəsi olan Ermənistanın bundan sonra Azərbaycanla güc və imkanlarını bərabərləşdirməsi, ümumiyyətlə, mümkünsüzdür. Lakin cənab İlham Əliyevin inauqurasiya mərasimində də dediyi kimi, “Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək istəyirlər, öz səylərini göstərmək istəyirlər, deməli, yorğanı öz tərəflərinə çəkmək istəyirlər, vasitəçi olmaq istəyirlər”.

Ermənistan rəsmilərinin bu tip açıqlamaları da əgər bir tərəfdən İrəvanın revanşist niyyətlərindən qaynaqlanırsa, digər tərəfdən havadarlarının təşviqi ilə mövzunu gündəmdə saxlamaq məqsədindən irəli gəlir. Lakin müzəffər Ali Baş Komandanın Parlamentin ali kürsüsündən bəyan etdiyi kimi, “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!” Bu isə Bakıya özünün xarici siyasət kursunu daha rahat formada korreksiya etmək və yeni dövrün tələbinə uyğunlaşdırmaq imkanı verir. Məsələn, Azərbaycan artıq maskası yırtılmış beynəlxalq hüquq subyektlərinin riyakarlığına və ayırıcı xətlərdə ehtiva olunan selektiv siyasətinə dözmək niyyətində deyil. Dövlət başçımızın da qeyd etdiyi kimi, “biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik”. Lakin Bakı yeni dövrdə həmin ayırıcı xətləri keçmək üçün xüsusi cəhdlər niyyətində deyil. Yəni Azərbaycan artıq elə bir geosiyasi konfiqurasiya formalaşdırıb ki, həmişə lokal reallıqlara köklənməyə məhkum olan Azərbaycan məhz mövcud siyasi iradə sayəsində artıq qlobal oyunçu kimi davrana bilir. Daha aydın desək, üçüncü dünya dövləti olan Ermənistanla münasibət bizim nəinki prioritetimiz deyil, əksinə, 14 fevralda da açıq bəyan olunduğu kimi, “bu məsələnin əhəmiyyətinin süni şəkildə şişirdilməsinə lüzum yoxdur”.

Bütün bunların fonunda İrəvan revanş niyyətində iddialı olacaqsa, yaxud silahlanmaqda davam edəcəksə və Azərbaycan prosesin gedişində özünün milli maraq və suveren haqlarına qarşı təhdid hiss edəcəksə, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş hüququmuzdan istifadə etməkdən çəkinməyəcək, dövlət başçısının 10 yanvar müsahibəsində də ifadə etdiyi kimi, bu təhdidi aradan qaldıracağıq".

Emin Həsənli: “Bütün ölkə boyu hava hücumundan müdafiə sistemi yüksək  səviyyədədir”

Emin Həsənli: “Bizi məcbur edirlər ki...”

Hərbi ekspert Emin Həsənli Azərbaycan üçün Ermənistanın başqa yol buraxmadığını bildirdi: “Ermənistan hələ də xəstə ideyalarından əl çəkə bilmir. Onlar Cənubi Qafqaza 1828-ci ildəki Türkmənçay müqaviləsindən sonra gətirilmiş və bununla da bölgəyə qan-qada gəlib. Uzun illər Çar Rusiyasının əlində olublar. Sovet Rusiyasının da əlində alətə çevrildilər. Onlara Cənubi Qafqazda dövlət yaradılıb. Böyük güclər hər zaman onlardan istifadə ediblər. Ötən əsrdə onların etdikləri soyqırımlar, qətllər göz önündədir. Paşinyan daxil, ondan əvvəlki rəhbərlər heç zaman götürdükləri öhdəlikləri yerinə yetirməyiblər. 1918-ci il 29 mayda 9 min kvadrat kilometr veriləndə düşünülürdü ki, daha Azərbaycanla işləri olmayacaq. Ancaq proseslər əksinə cərəyan etdi. İndi də Ermənistanın 44 günlük savaşdan sonra nəticə çıxaracağı ehtimal edilirdi. Ordusu dağıldı, silahları Bakıdakı Qənimətlər Parkına gətirildi, iqtisadiyyatı tamam çökdü, amma yenə də düzəlmədilər. Ermənistan 2020-23-cü illər arası separatçıları dəstəklədi, müxtəlif bəhanələrlə sülh prosesini uzatdılar, 10 noyabr üçtərəfli bəyanatın şərtlərini yerinə yetirmədilər. Necə ki, bundan öncə BMT-nin dörd qətnaməsini yerinə yetirməmişdilər. Sonda bunu Azərbaycan özü yerinə yetirdi. Həmçinin 19-20 sentyabr tarixlərində bir günlük lokal antiterror tədbirləri ilə 10 noyabr üçtərəfli bəyanatının şərtlərinin bir hissəsini yerinə yetirdik. İndi yeganə çarə o qalıb ki, Qazaxdan Naxçıvana qədər Ermənistan ərazisində bufer zona yaradılsın. Necə ki, Türkiyə Suriya ərazisində yaratdı. Terrorçuların kökünü kəsmək üçün buna məcbur qaldı. İndi də bizim üçün başqa yol buraxmırlar. Ermənilər Cənubi Qafqazdan köçüb getməlidirlər. Onlar sağalmırlar. Dünya dəyişir, beynəlxalq şərtlər də həmçinin. Baxışlar da durmadan dəyişikliyə məruz qalır. Amma Ermənistanda nə kilsənin, nə diasporanın, nə rusiyameylli, nə də qərbmeylli qüvvələrin baxışı dəyişir. Bu, sona qədər davam edə bilməz. Ermənistan bu dəfə daha pis formada cəzalanacaq. Onlar 2020-ci ildə daha ağır cəza aldılar. Biz dediyimizi edirik. "Qisas əməliyyatları", eləcə də bir günlük antiterror tədbirimizlə onları ən ağır formada cəzalandırdıq. Yenə də bizi nələrsə etməyə məcbur edirlər. Ağıllarını başlarına yığmasalar, Türkmənçay müqaviləsinə qədər olduqları yerlərə qayıdacaqlar, ya da dünyanın müxtəlif ölkələrinə cəhənnəm olub gedəcəklər". 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR