“Ermənistanın NATO təlimləri keçirməsi Rusiya və İrana atılmış badalaqdır. Və bunun nəticələrini birbaşa hiss etməli olacaq”.
Bunu erməni ekspert David Mkrtçyan deyib.
Onun sözlərinə görə, NATO ilə birgə təlim həm də Ermənistanın son məhvinə və erməni əhalisinin bu ərazidən qovulmasına gətirib çıxaracaq (Tribuna.az).

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov az öncə deyib ki, Ermənistanın KTMT-yə üzvlük haqqını ödəməməsi il bağlı qurum nizamnamə öhdəliklərini yerinə yetirməyən üzv ölkələrə qarşı tədbirləri tənzimləyən maddəni tətbiq etməyi nəzərdən keçirəcək.
O xatırladıb ki, Ermənistan nümayəndələri təxminən iki ildir ki, KTMT tədbirlərində iştirak etmirlər. Ermənistan 17-25 iyun tarixlərində öz ərazisində ABŞ ilə birgə keçirilən ənənəvi “Eagle Partner 2026” hərbi təlimlərinə ev sahibliyi edir. Bu ilki təlimlərə Fransa və Yunanıstandan olan hərbçilər də qoşulub. Məlumata görə, təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştirak üçün hazırlıq çərçivəsində keçiriləcək.
KTMT ilə üzlüşməkdə olan Ermənistan NATO ilə təlimləri ona hansı təhdidləri yaradır?
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a bildirib ki, Ermənistanın NATO ilə birgə təlimlər keçirməsi ilk dəfə deyil: "Belə təlimlər bir müddət öncə də olub. Həmin vaxt Rusiyadan reaksiyalar olmuşdu. Amma bu dəfə daha aqressiv münasibət var. Bu təlimlərin keçirilməsi tarixi öncədən müəyyənləşdirilib. Seçkidən 10 gün sonraya bu tədbirin salınması da təsadüfü deyil”.
O, hesab edir ki, ölkədəki vəziyyət nəzərə alınıb: “Hələ seçkilərdən öncə proqnozlar verilirdi ki, müxalifət uğur qazanmasa, digər planlar işə düşəcək. Yəni siyasi mübarizənin küçələrdə davam olunması ssenarisinin ola biləcəyi deyilirdi.
Bəzi mütəxəssislər ehtiyac yaranacağı halda Gümrüdəki rus hərbçilərinin müxalifətə dəstəyini qeyd edirdi. Seçkilərdən dərhal sonra Ermənistanın KTMT-dən çıxarılması ilə bağlı söylənilən fikirlər və Paşinyanın bunu normal qəbul etməsi isə göstərir ki, bu hərbi birlik artıq nominal xarakter daşıyır və uzatmağın artıq mənası yoxdur”.
Ekspert bildirib ki, bu təlimlər heç də Ermənistanın tezliklə NATO üzvü olacağı anlamına gələ bilməz: “Paşinyan da gərginliyin olmasında maraqlı deyil. Bu təlimlər Ermənistanda ilk dəfə keçirilmədiyi üçün Rusiya da dərinə getməyəcək. Amma xəbərdarlıq edəcək".
Cavanşir Abbaslı
Musavat.com






