İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistana turist kimi gedən azərbaycanlılar - “Verbovka” təhlükəsi

1878 12.08.2023 09:45 Gündəm A A

Ekspert: “Erməni tərəfi bu məlumatları ona görə yayır ki...”

2023-cü ilin yanvar-iyun aylarında Ermənistana 12 nəfər Azərbaycan vətəndaşı səfər edib. Bu fakt Ermənistanın Milli Statistika Komitəsinin rəsmi məlumatında yer alıb (Day.az). Hesabatda bildirilir ki, ötən ilin eyni dövründə isə bu rəqəm 3 nəfər olub. Rəsmi məlumatda Azərbaycan vətəndaşlarının Ermənistana turist kimi səfər etdiyi bildirilir.

Xəbər doğrudursa, o zaman Azərbaycan DTX-sı onlar haqda məlumatlıdırmı? Bu “qurd ürəkli” şəxslər kimdir?

Məlumdur ki, Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər yoxdur, çünki sülh sazişi yoxdur. Elə isə Azərbaycan vətəndaşı ora turist qismində necə gedə bilər? Yoxsa onlar Azərbaycan vətəndaşı olan qeyri-azərbaycanlılar, yaxud Bakı erməniləridir. O halda “verbovka” edilə bilərlərmi?

Hərbi ekspert Azərbaycan və Rusiya arasında imzalanmış hərbi sənədi şərh  edir - 28.09.2019, Sputnik Azərbaycan

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, Ermənistan Statistika Komitəsinin yaydığı bəyanat daha çox siyasi məqsədlərə xidmət edir: “Azərbaycana da ikili vətəndaşlığı olan ermənilər gəlir. Yəqin ki, Azərbaycan Statistika Komitəsində də bu haqda məlumatlar var. Araşdırılsa, məlum olacaq ki, ikili vətəndaşlığı olan ermənilər də Azərbaycana səfərlər edirlər. Ermənistana səfər edən azərbaycanlılar da ikili vətəndaşlığı olanlardır. Həmin şəxslər vaxtilə Azərbaycanda yaşayıb, hazırda isə ikili vətəndaşlığı qadağan etməyən ölkələrdə yaşayırlar.

Ermənistan Statistika Komitəsi ajiotaj yaratmaq üçün, siyasi məqsədlər üçün bu məlumatları yayırlar. Ermənistana səfər edən Azərbaycan vətəndaşları eyni zamanda Belorus, Rusiya, Avropa ölkələrinin  vətəndaşlarıdırlar. Həmin şəxslər Ermənistana gedərkən Azərbaycan vətəndaşına aid pasportu deyil, vətəndaşlığını qəbul etdiyi digər ölkənin pasportunu təqdim edirlər. Əlbəttə ki, Azərbaycan pasportunu təqdim etsələr, onları Ermənistana buraxmazlar".

Hərbi ekspertə görə, Ermənistan tərəfi bu məsələni xüsusi qabartmaqla siyasi gediş edir: “Deyirlər ki, baxın, Azərbaycan bizim monoetnik bir dövlət ölduğumuzu deyir, amma azərbaycanlılar da ölkəmizə rahat şəkildə gəlib-gedə bilirlər. Bu, daha çox beynəlxalq hesabatlar üçün düşünülmüş addımdır. Hətta müharibə vəziyyətində olan azərbaycanlılar da Ermənistana gələ bilirlər. Bu gün Bakıdan, Azərbaycanın hər hansı bir regionundan olan azərbaycanlı Gürcüstana, oradan da Ermənistana səfər etmək istəsə, onu sərhəddən buraxmayacaqlar. Tutub saxlayacaqlar, hansı məqsərlərlə İrəvana getməsini sorğulayacaq və geri qaytaracaqlar. Çünki Azərbaycan vətəndaşıdır. İkili vətəndaş olsa isə belə bir problem olmayacaq. Hazırda Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil. Bu gün sadəcə ikili vətəndaşlar Ermənistana səfər edir. Eynilə ikili vətəndaşlığı olan ermənilər Azərbaycana, Türkiyəyə də sərbəst səfər edə bilirlər”.

Hərbi ekspert deyib ki, belə səfərlərdə təhlükəsizlik məsələləri də açıq qalır: “Ermənistana səfər etmiş azərbaycanlıların ”verbovka" məsələsinə gəlincə, bütün məsuliyyət elə səfər edən şəxsin çiyinlərinə düşür. Ermənistana səfər etmiş şəxsin əməkdaşlığa cəlb olunması istisna deyil. Bununla belə Azərbaycanının xüsusi xidmət orqanları da belə məsələləri yəqin ki, diqqətdə saxlayır və müvafiq addımlar atılır".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR