İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan yenə Azərbaycanla təkbətək qalacaq – Gerisayım bitdi

4715 11.03.2024 15:17 Siyasət A A

Nikol Paşinyan faktiki bəyənmədiyi sələflərinin – Sərkisyan-Köçəryan tandeminin yoluna qayıdıb. 2018-ci ilin mayında devirdiyi xunta rejiminin Azərbaycana münasibətdə yanlış kursunu aşağı-yuxarı bərpa edib. Nədən ibarətdir bu kurs?

İlk növbədə Bakı ilə sülh danışıqlarını imitasiya eləməklə vaxt uzatmaq, zaman qazanmaq - amma bu dəfə revanşist planlar üçün. Eyni zamanda, bacardıqca bu planlara xaricdəki islamofob, türkofob ölkələri və çevrələri cəlb eləmək. Hazırda sonuncuların başında Fransa və Hindistan gəlir...

Eyni məqsədlə Paşinyan iqtidarı Ermənistanda radikal-separatçı ünsürlərin altdan-altdan təzədən təşkilatlanıb toparlanmasına göz yummaqdadır. Misal üçün, uydurma “artsax”ın sonuncu oyuncaq rəhbəri, ötən ilin sentyabrında dünyanın gözü qarşısında “dqr”in buraxılmasına imza atmış Samvel Şahramanyan hələ də Ermənistanda “artsaxın qanuni prezidenti” kimi özünü aparır.

2024-ün yanvarında isə mifik “artsax parlamenti” Ermənistanın sabiq xarici işlər naziri (1998-2008), Suriya əsilli Vardan Oskanyanın başçılığı ilə “artsax üzrə beynəlxalq komitə” yaradıb. Üzdəniraq qurumun əsas hədəfi “artsax ermənilərinin öz evlərinə qayıdışına və digər əsas hüquqlarının təmin edilməsinə” nail olmaqdır. Təbii ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətdən söhbət belə getmir...

Yeri gəlmişkən, Oskanyan və “komitə”nin bəzi üzvləri bir neçə həftədir xaricdədir. Onlar Avropanın müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların nümayəndələri ilə inetsiv görüşlər keçirirlər. Bu barədə “Hraparak” qəzeti yazıb.

“Artıq sabiq xarici işlər naziri nazir işlədiyi dövrdəki Avropa əlaqələrini bərpa edib, əsas fiqurlarla, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşlər keçirib. Komitə hazırda beynəlxalq mandat almaq üçün işlərlə məşğuldur. Bu məqsədlə hüquqşünaslarla müzakirələr davam edir”, - nəşr əlavə edib.

Hansı beynəlxalq mandat? Görəsən onu kim, hansı təşkilat verəcək? Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ilə ziddiyyət təşkil edən bir “komitə” buna necə nail ola bilər? Nəhayət, Paşinyan hökuməti olan-qalan sülh şanlarına bu cür zərbə vurulmasına niyə etinasızdır?

Hər halda tezliklə biləcəyik. O ki qaldı “mamaçalar”a, kənardan “vur, vur!” deyən həmişə çox olur. Miskin Ermənistan yenə öz qonşuları ilə davaya şirnikləndirilir. Cəmi 2 milyonluq, “maşının ikinci sürətində” ərazisi bitən əl boyda Ermənistan silah-sursatla doldurulur.

Daha xəbərləri yoxdur ki, bu, artıq yüz faizlik bir intihar yoludur. Kapitulyant ölkə Azərbaycanla yenə təkbətək qalacaq və kimsə dadına yetməyəcək. Ona görə ki, məkrli xarici güclərin əsas hədəfi Ermənistan yox, Ermənistan hesabına Azərbaycandan nəsə qoparmaq, Azərbaycanla döyüşmək yox, Ermənistan üzərindən Bakı və Ankara ilə anlaşmaqdır...

Bu arada Fransanın İrəvandakı səfiri Olivier Decotinye yerli mediaya müsahibəsində iki ölkə arasında müdafiə və digər sahələrdə əməkdaşlıqdan danışıb və Azərbaycanı “sakitləşdirməyə” çalışıb.

Sitat: “Azərbaycanın narahatlığına gəldikdə, əmin ola bilər ki, bizim Ermənistana tədarük etdiyimiz hərbi texnika növləri ölkənin müdafiəsinə yönəlib. Onlar sırf müdafiə xarakterilidir. Tutaq ki, hava hücumundan müdafiədən danışırıqsa, Ermənistanın hava məkanını pozmasanız, heç vaxt onun hava hücumundan müdafiə sistemi ilə qarşılaşmazsınız. Söhbət Ermənistanın suverenliyini, ərazisini və xalqını qorumaqdan gedir”.

Biz də inandıq. Əvvəla, Ermənistanın özü öz qonşularının ərazi bütövlüyü və suverenliyini tanıyırmı? Tanıyırsa, 4 ildir sülh müqaviləsindən niyə yayınır? İş də ondadır ki, 44 günlük müharibədən və darmadağından sonra da təhlükəli revanşist planlar quran Ermənistandan fərqli olaraq, Azərbaycan az qala hər gün bəyan edir ki, beynəlxalq hüquqa sayğılıdır və heç bir ölkənin ərazisində gözü yoxdur. Başqa nə cür deyilməlidir? Bakının tək istəyi beynəlxalq hüquqa əsaslanan sülh müqaviləsi və İrəvanın boyun olduğu Zəngəzur dəhlizinin açılmasıdır...

“Ermənistan hakimiyyəti öz ağlı ilə ölkəni Qərbə doğru aparır və Rusiya ilə münasibətləri kəskin pisləşdirir. Amma sadə bir şeyi başa düşmək üçün böyük zəka lazım deyil: Ermənistan üçün Qərb elə Türkiyə deməkdir”.

Bunu isə erməni politoloq Arman Qukasyan Facebook səhifəsində yazıb.

“İngilislər həmişə öz maraqlarından çıxış edərək Cənubi Qafqazda türkləri irəli aparıblar. Ermənistan bu siyasəti davam etdirsə, Türkiyə bizim alternativimizə çevriləcək. 100 il öncəki hadisələri xatırlayın, onda hər şey aydın olacaq. Ermənistan üçün alternativ Türkiyədir. Yerdə qalanını özünüz düşünün. Rusiya ilə münasibətimiz olmasa, türklər bizimlə məşğul olacaq. Bu, hesablaşmalı olduğumuz elementar həqiqətdir”, – Qukasyan əlavə edib.

Bir dəfə yazmışdıq: Ermənistan üçün ən ədalətli, ən insaflı, ən proqressiv ağa elə Türkiyədir - əgər ağılları olsa təbii ki. Digər yandan, İrəvan Qərbə, NATO sisteminə can atırsa, ikinci ən böyük NATO ölkəsi elə böyründəki Türkiyə deyil? Aydındır ki, qardaş dövlət izn verməzsə, kapitulyant ölkə Alyansa üzv ola bilməz.

Haylara 2 + 2-nin cəminin 4 olduğunu nə qədər isbat eləmək, “dırmığın dişləri üzərinə” ayaqyalın daha nə qədə çıxmaq olar?..

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR