İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan üçün gerisayım başladı - Paşinyan bunu etməsə...

1318 30.09.2023 10:37 Siyasət A A

Radikallar Araikin yerinə Şahramanyanı gətirib nəyə nail oldular ki, Nikolu hansısa revanşistlə əvəzləyib nə qazansınlar?

“Tarixi yadda saxlayın - 5 oktyabr (prezident İlham Əliyevin də qatılacağı İspaniya sammiti nəzərdə tutulur - red.). Əgər burada yüz min adam yığılsa, o zaman Nikol Paşinyanın oktyabrın 5-dək qovulması gerçək olacaq. Nikol Paşinyanın vəziyyətdən asılı olaraq bu və ya digər şəkildə gedəcəyi ilə bağlı 100 faiz məlumat var.

Bu məsələdə ümumi konsensus mövcuddur. İndi vacib olan budur: Paşinyan təlatümlərlə, yoxsa təlatümsüz gedir?” “Yeni Müsavat” xəbər verir ki, bunu “Ana Ermənistan” blokunun rəhbəri, revanşist-radikal Andranik Tevanyan İrəvandakı mitinqdə deyib. “Biz sakit gedişin tərəfdarıyıq. Bunun üçün mümkün qədər xalq səfərbər edilməlidir. Bu məsələdə mən bütün təhlükəsizlik qüvvələri ilə danışmağa və vəziyyətin ciddiliyini onlara təqdim etməyə hazıram. Əminəm ki, onlar hər şeyi mükəmməl bilirlər. Biz (hakim - red.) ”Mülki Müqavilə" partiyasından olan, hakimiyyət dəyişikliyinə töhfə verə biləcək deputatları da məcbur etməli, inandırmalı və izah etməliyik" - bu da Tevanyanın sözləridir. Maraqlıdır, görəsən radikallar Qarabağda gorbagor olmuş separatçı rejimin başçısı Araik Arutunyanın yerinə radikal Samvel Şahramanyanı gətirib nəyə nail oldular ki, Paşinyanın hansısa revanşistlə əvəzləyib də nə qazansınlar?

Əlbəttə, Nikolun istefası ilə Ermənistanın durumu bir az da ağırlaşacaq. Çünki Azərbaycanla 5 məlum baza prinsipi əsasında sülh müqaviləsinin yubadılması yalnız kapitulyant ölkənin, erməni xalqının ziyanına işləyir. “Bir şey tamamilə aydındır: Ermənistan öz suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü müdafiə edəcək”. Bunu isə Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” partiyasından vitse-spiker Ruben Rubinyan tərəfindən yerli İctimai Televiziyaya müsahibəsində səslənib. O, müxalifətin yenidən hakimiyyətə gəlib-gəlməyəcəyi sualına bu cür cavab verib: “Qarabağda müxalifətçilər hakimiyyətə gəldi və bunun necə bitdiyini gördük”. Bəs oktyabrın 5-dək Paşinyanın istefası mümkündürmü? İkinci yandan məlumdur ki, baş naziri parlament seçir. Orada isə konstitusion çoxluq hakim partiyadadır. Üstəlik, aksiyalarda kütləvilik o səviyyədə deyil ki, hakimiyyət istefaya məcbur qalsın. Hətta son 2-3 gündə etirazlar səngiyib, pərakəndəlik var, izdiham müşahidə edilmir.

Halbuki “artsax” mifi başa çatdı və marionet rejim özünü buraxdı, bu qərardan sonra belə İrəvanda yer yerindən oynamadı. Yəni 200 illik nağıllar bitdi, ikinci “erməni dövləti” ideyası puç oldu, lakin Ermənistanda xalq ayağa qalxmadı. Hətta bu da onları tərpətmədi. O halda revanşistlər nəyə ümid bəsləyir? Elə bilirlər ki, Paşinyan getsə, Rusiya Xankəndidə yenidən onlar üçün separatçıların rejimini bərpa edəcəək? Absurddur! Ona qədər isə İrəvanda mer seçkilərinin nəticələri artıq müəyyən təsəvvürlər yaratmışdı. Söhbət cəmiyyətin apolitikləşməsi, yorulması, etinasız olmasından gedir. Xalq münaqişələrdən, erməni hərbçilərinin tabutlarını qarşılamaqdan, özlərinə aid olmayan torpaqlarda qan tökülməsindən cana doyublar. Və onu da dərk edirlər ki, alternativ yoxdur, Paşinyan yaxşı deyil, amma onun opponentləri ondan da betərdir. Bu mənada Qarabağdan erməni köçü, “artsax”ın bitməsi İrəvan küçələrində xaosa səbəb olmur. İndisə növbədə sülh imzalamaqdır. Əgər Paşinyan bunu etməsə, Ermənistan üçün yaxşı olmayacaq. Axı Qarabağ problemi yoxdursa, niyə də Bakı-İrəvan arasında sülh müqaviləsi olmasın?!  Erməni xalqı da məhz buna hazırlanmalıdır.

Heydər Əliyev mənə vəzifə verdi, mən isə azdım” – Qabil Hüseynli -  Azinforum.az İnformasiya Portalı

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, erməni xalqı Paşinyanı devirmək istəmir. “Əhalininin savadlı, ziyalı, prosesləri proqnozlaşdırmağı bacaran hissəsi Nikolun arxasınca getmək istəyir. Onlar yaxşı bilirlər ki, bölgədə yalnız sülh olacağı halda Ermənistanın normal inkişafı mümkündür. Əvvəlki rejimdən fərqli olaraq, Nikol Paşinyan ölkədə liberal xarakterli dəyişikliklər edib. O baxımdan xalq ümidlidir ki, indiyədək onların başını müharibə ilə qatan ”Qarabağ klanı"ndan fərqlənən Paşinyan real iş görmək istəyir və bu gedişlə ölkəsinin simasını dəyişə biləcək. Ona görə də həm Qranada şəhərində sülh danışıqlarına, həm sülh nəticəsində bölgədə yaranacaq vəziyyətə ümidlə baxırlar", - deyə Q.Hüseynli düşünür. Professor hesab edir ki, tarixin təkərini geri qaytarmaq olmaz: “Artıq qatar gedib. Bunun arxasınca ancaq əl yelləmək olar. Yəni ruspərəstlər belə hakimiyyətə gəlsə, Qarabağda heç nə olmayacaq. Buna görə erməni cəmiyyətində realist adamlar Paşinyanın arxasınca gedirlər”.

“Ermənistanda etirazçılar mütərəqqi qüvvələr deyil. Xalq onları tanıyır. Ona görə prosesə böyük dəstək yoxdur. Biri Geqam Manukyandır. Bu adam kimdir? Adam demək də olmaz. Daşnaksütyun partiyasının üzvü olan deputatdır. Erməni xalqı beləsinə niyə inanmalıdır? Digər şəxs İşxan Saqatelyandır. Xalqı meydanlara çağıranlardan biridir. O da Daşnaksütyun partiyasının funksioneri və deputatdır. Yəni Paşinyana qarşı çıxan qüvvələrin aparıcı liderləri, avanqard dəstəsi daşnaklardır. Ona görə də xalq belələrinə etimad bəsləmir” - bu fikirləri qəzetimizə siyasi icmalçı Fuad Əliyev söyləyib. Onun fikrincə, əgər yeni bir sağlam qüvvədən təşəkkül tapmış müxalifət olsaydı, Paşinyana bəlkə də bata bilərdi: “Bu çürük, xalqın gözündən düşmüş adamlarla erməni cəmiyyəti hara gedə bilər? Hazırda erməni cəmiyyətində liberallaşma gedir. Gənclər avropalı kimi yaşamağı üstün tuturlar. İqtidarda kosmopolit və liberal komandadır. Onlar xalqa aşılayır ki, yolumuz Qərbdir və sülh sazişi olmasa Ermənistan dövlətçiliyi məhvə məhkumdur. Qarşı tərəf isə təklif edir ki, gəlin Nikolu devirək, ”Miatsum" yenə başlasın, yenə Qarabağ iddiası irəli sürək, sərhəddə müharibə olsun. Xalq hər iki platformaya baxır və qərar verir ki, yaxşısı susmaqdır. Bundan əlavə, Ermənistanda hakimiyyətə Rusiyaya yaxın qüvvələr də gəlsələr, nəticə dəyişməyəcək. Moskva-Bakı əlaqələri yüksək səviyyədədir. Artıq 90-cı illər deyil. Erməni xalqı bu dəyişikliyi də dərk edir. Tutaq ki, daşnaklar, köçəryanlar iqtidara qayıtsa, Qarabağda ermənilər üçün nə dəyişə bilər ki?"

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR