İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan “top yemi”nə çevrilir - “sülh” deyilir, amma Qərb silah verir...

548 19.04.2024 12:47 Gündəm A A

Brüssel görüşünün pərdarxası üzə çıxır və Ermənistana hərbi-siyasi dəstəyin necə veriləcəyi müəyyənləşib; Asim Mollazadə: “Ermənistan daha çox Rusiyadan, İrandan silah alır, amma...

Aprelin 5-də Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında baş tutan üçlü görüşün heç də verilən quru bəyanatlardakı “iqtisadi amil”lə bağlı olmadığı öncədən aydın idi. 

Daha önəmlisi və təhlükəlisi İrəvana vəd edilən hərbi dəstəkdən dolayı idi. Aydındır ki, Ermənistana cəmi bir neçə yüz milyon dollarlıq iqtisadi yardımla əlaqədar ABŞ kimi bir dövlətin ali rəsmi şəxsi Blinken Vaşinqtondan Brüsselə uçmazdı. Artıq görüşün pərdarxası açılmağa başlayıb. Belə ki, caliber.az-a daxil olan bilgilərə görə, ABŞ və Avropa İttifaqının təkziblərinə baxmayaraq, Vaşinqton və Brüsselin Ermənistana hərbi-siyasi dəstəyi hansı istiqamətlərdə və konkret hansı proqramlar əsasında verəcəyi müəyyənləşib. Sayt bu xüsusda daha ətraflı məlumatları az sonra geniş ictimaiyyətlə paylaşacağını bildirib. Amma qeyd edib ki, Qərbin Ermənistana dəstəyinin dərəcəsi bütün gözləntilərimizi üstələyib. “Əminik ki, Gürcüstan və Moldova çox təəccüblənəcək - axı ermənilər gürcülərin və moldovalıların ancaq arzulaya bildiyi bir köməyi əldə edirlər. Və təəssüf ki, bu dəstək ilk növbədə Azərbaycana qarşı yönəlib”, - sayt vurğulayıb.

Belə çıxır, bəd təxminlər doğrulmaqdadır? Yəni Brüsseldə Paşinyana iqtisadi yardımdan çox, hərbi dəstək vəd olunub? Həqiqətənmi Ermənistan Qərb üçün Güney Qafqazda Gürcüstandan artıq önəm kəsb etməyə başlayıb? Ümumiyyətlə, Qərbin bu addımları Ermənistanda Rusiyanın hərbi varlığını zəiflətməyə hesablanmış strategiyadır. Eyni zamanda, kiçik bir dövlətin silahlandırılması regionda eskalasiya risklərini artırır. Hətta Hindistan belə Ermənistan Müdafiə Nazirliyinə ilk dəfə attaşe təyin edib. Yəni bir tərəfdən Fransa, bir yandan ABŞ, bir yandan da Hindistan “cırtdan dövləti” silahlandırmaqdadır. Bəs bunun harası iqtisadi islahatlara dəstək oldu? 

Onu da demək lazımdır ki, Qərb Ermənistana Levon Ter-Petrosyanın dövründə - 1991-ci ildən başlayaraq, hazırda “qərbpərəst” Paşinyanın dövründə vəd ediləndən qat-qat daha çox yardım edib: “ 9 iyul 2021-ci ildə Avropa İttifaqı növbəti 5 il ərzində Ermənistana 2,6 milyard avro (3,1 milyard dollar) yardım göstərməyə hazır olduğunu bəyan edib. Aprelin 5-də Paşinyan-Blinken-Fon Der Lyayen görüşü zamanı məlum olub ki, bu qərardan üç il sonra Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları birlikdə Ermənistana müvafiq olaraq cəmi 270 milyon avro və 65 milyon ABŞ dolları verəcəklərini vəd edirlər, özü də dörd il ərzində. Yəni, ümumilikdə yardım təxminən 360 milyon ABŞ dolları təşkil edəcək. Nəticədə, onlar nəinki əvvəllər verdikləri vədləri yerinə yetirməyiblər, həm də vədlərin məbləğini 10 dəfədən çox azaldıblar. Belə görünür ki, Paşinyan hakimiyyətinin məlum ”tarixi ğörüş"lə bağlı böyük maliyyə ümidləri olub. Lakin ərazisində hələ də Rusiya hərbi bazasını saxlayana, Rusiyanın dominantlıq etdiyi hərbi-siyasi və iqtisadi strukturlarındakı varlığını davam etdirən, Kremllə “evcik-evcik” oyunu oynayan Ermənistanın dərhal Qərbdən milyardlıq yardımlar alacağını düşünənlər fiaskoya uğradıqalrını anlamağa başlayırlar...

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə

Deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, vizual olaraq guya Ermənistanı Rusiyadan ayırır və bir dövlət kimi dəstəkləyirlər. “Real olaraq ABŞ və Avropa Birliyində bu seçkilər olacaq deyə erməni lobbisinin səsini qazanmaq üçün onların sifarişlərini yerinə yetirirlər. Ermənistan ona verilən silahlarla rus potensialına qarşı dayana bilməz”,_ deyə A.Mollazadə vurğuladı. Onun sözlərinə görə, Ermənistan daha çox Rusiyadan, İrandan silah alır, amma bunu ört-basdır edir: “Belə təqdim edir ki, guya Qərbdən dəstək var. Bu addımlar oyundur və Ermənistan Azərbaycana heç bir zərər vura bilməz. Sadəcə, ABŞ və Avropa Birliyi seçkilərlə bağlı öz maraqlarına uyğun addım atır, lobbinin dəstəyini qazanmaq üçün guya Ermənistana yardım göstərdiyini nümayiş etdirir”.

Samir Əsədli: "Bu müzakirələr antitürk dövlətlərin daha bir  ləyaqətsizliyinin isbatı gecəsi kimi tarixə köçdü"

Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə qəzetimizə bildirdi ki, Brüsseldə qapalı danışıqlar olub və hərbi yardım vəd olunub. Onun fikrincə, media qarşısında yalnız iqtisadi məsələlər açıqlanıb ki, bu da normaldır: “Əslində, hərbi pakt imzalanması gözlənilirdi. Ancaq indiki status-kvoda Ermənistan siyasi intihara əl atmış olardı. Paşinyan kabineti prosesi pillə-pillə aparır. Ermənistan hərbi pakt imzalamaqla Rusiyanın qəzəbini birə beş artırmış olacaqdı. Odur ki, yeni müttəfiqləri ona silah-sursat pay-püş etməklə, kiçik addımlarla dəstək olmağa başlayıblar, davamı gələcək. Bu da regionda dayanıqlı sülhün ədlə olunmasına təhdiddir”. VHP funkioneri qeyd etdi ki, Paşinyan gah eskalasiya riskindən yayınmaqdan, sərhədlərin dəqiqləşməsinin vacibliyindən danışır, gah da Ermənistan ordusu yenidən komplektləşdirilir: “Bu iki üzlü siyasətin nəticələridir. Paşinyan həm siyasi-strateji addımları ilə iki stulda oturur, həm sahədə görülən işdə riyakarlığa yol verir. Əgər İrəvan sülh sazişini imzalamaq istəyirsə, onda hərbi potensialını niyə indi Fransa, Hindistan, Rusiya silahları ilə yeniləməyə başlayıb? Məncə, 2024-cü il də sülh müqaviləsinin imzalanması şansı baxımdan itirilmiş təqvimdir”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR