İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan su fəlakəti ilə üz-üzə - Azərbaycana da təhlükə var?

3842 10.06.2023 09:43 Yaşam A A

Çingiz İsmayılov: “Bu, Azərbaycana da təsir edəcək, ona görə də...”

“Ermənistanın ən böyük su anbarlarında çox az su yığılıb. Beləliklə, ölkəni olduqca çətin bir il gözləyir”.  “Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan parlamentində 2022-ci il dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında respublikanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryan bildirib.

Onun sözlərinə görə, belə vəziyyət respublikanın demək olar ki, bütün su anbarlarında yaranıb. “Bu, xüsusilə Axuryan, Azat və Aparan su anbarlarına aiddir. Ona görə də il çətin olacaq”, - nazir müavini qeyd edib. Terteryan əlavə edib ki, onlar suya olan ehtiyacı azaltmaq və müxtəlif alternativ yollar tapmaq üçün əllərindən gələni etməli olacaqlar.

Bəs qonşuluqdakı fəlakətli su qıtlığının Azərbaycana birbaşa bağlılığı varmı? Bizi də bu yay oxşar çətinlik gözləyə bilərmi?

Çingiz İsmayılov: Torpağa “bu mənimdir” demək olmaz - 17.11.2016, Sputnik  Azərbaycan

Çingiz İsmayılov 

Ekoloq, professor Çingiz İsmayılov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Azərbaycanın coğrafi mövqeyi elə yerləşib ki, ölkəmizdə yerləşən su ehtiyatlarının üçdə iki hissəsi respublikadan kənarda formalaşır: “Həmin su ehtiyatı əsasən Ermənistan, Gürcüstan və Rusiyadan Samur çayı vasitəsilə kənarda, yalnız üçdə biri Azərbaycan ərazisində formalaşıb. Bu səbəbə orada gedən proseslər təbii ki Azərbaycana bilavasitə təsir edir. Əgər quraqlıqdırsa,  bura daxil olan suların həcmi azalacaq. Bu dolayı yolla bizə təsir edəcək.

Ermənistanda nə baş verir, o bizim üçün maraqlı deyil. Ancaq bu, Azərbaycana da təsir edəcək. Nə dərəcədə təsir edəcək, bu haqda da nə isə söyləmək çətindir. Çünki bizdə dəqiq məlumatlar olmalıdır ki, indiyə nə qədər su daxil olub. Bu dövrdə su hansı həcmdə azalacaq. Bunu hesablamaq bir az çətindir. Bizdə, əlbəttə, məlumatlar var ki, il ərzində Ermənistan, Gürcüstan ərazisindən nə qədər su daxil olur. Ancaq bu quraqlıq nə dərəcədə güclü olacaq və bu nə dərəcədə təsir edəcək, bu haqda dəqiq nə isə demək çətindir. Bunun üçün bilməliyik nə dərəcədə, hansı həcmdə su Azərbaycana daxil olur, həcmi az olacaq, ya çox.

Bunu söyləməyə çətinlik çəkirik. Çünki bu haqda dəqiq bilgilər əldə olunmalıdır. Əlbəttə, Azərbaycana daxil olan suların həcmi də, keyfiyyəti də çox vacib əhəmiyyət daşıyır. Çünki bu suvarmada, su anbarlarının doldurulmasında istifadə olunur. Əfsus ki, suyun həcminin dəyişilməsi ilə bağlı keyfiyyəti də yararsızdır. Çünki Ermənistan məqsədli şəkildə çirkab suları axıdır. Düşmən dövlətdir, onlar hər bir vasitələri istifadə edəcək ki, Azərbaycana ziyan vursun. Bu təəccüblü deyil.

Gürcüstandan da ölkəmizə çirkab suları daxil olur. Çünki Gürcüstanın iri sənaye müəssisələri və şəhərlərinin əsasən məişət, sənaye tullantıları Kürə axıdılır. Yaxşı ki bizdə orada su anbarları var, bərk zərərli maddələr orada çökür. Ancaq əlbəttə onların idarə edilməsinə dair dövlətlərarası müqavilələr imzalanmalıdır ki, bu məsələlər tənzimlənsin. Bunun üçün də düşünürəm  ki, monitorinq aparmaq lazımdır, əldə edilmiş məlumatlar əsasında da nə isə demək olar".

Yeri gəlmişkən, bu ilin mart aydında Kür çayında suyun sərfi fevral ayının 3-cü ongünlüyünə nisbətən 94 m3/san azalaraq, 290 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib. Aparılan monitorinqin nəticələrinə görə, Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 85,8 m3/san olub. Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, Birinci Şahsevən məntəqəsində fenollar və mis birləşmələri 3, Bəhramtəpə ərazisində fenollar və mis birləşmələri 2 dəfə qatılıq həddini keçib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR