İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan seytnot vəziyyətində: əvvəlcə delimitasiya, yoxsa sülh sənədi... - təhlil

1598 25.11.2023 11:30 Siyasət A A

Analitiklər sərhəddə keçiriləcək ikitərəfli danışıqlardan böyük nəticə gözləmir; Rusiyanın prosesdə texniki iştirakı isə qaçılmazdır, çünki xəritələr Moskvadadır - rəylər

Məlumdur ki, sərhədlərin delimitasiyası üzrə komissiyanın görüşü noyabrın 30-da Azərbaycan və Ermənistan arasındakı sərhəd bölgəsində keçiriləcək.

“Yeni Müsavat” yazır ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Görüşün 30 noyabrda baş tutacağı bildirilsə də, sərhədin məhz hansı hissəsində olacağı haqda heç bir məlumat yoxdur. Təfərrüat açıqlanmayıb, ancaq əsas müzakirənin anklavlar məsələsi olacağı gözlənilir. Belə ki, Ermənistan Baş naziri Nikol Paşinyan hələ bir müddət öncə anklavlar məsələsinin sülh danışıqlarına salınmasının tərəfdarı olmadığını, bunu delimitasiya komissiyalarının müzakirə edəcəyini bildirmişdi. Azərbaycan tərəfi isə Qazaxın 7, Naxçıvanın bir kəndinin qaytarılması tələbini bütün qapalı danışıqlarda qaldırır. Ermənistanın dəfələrlə təsdiqlədiyi “Azərbaycanın 86,6 min kv.km ərazisi”nə anklavlar da daxildir.

Ermənistan hakimiyyəti anklavların müzakirə mövzusu olduğunu bildirsə də, prosesdən mümkün qədər yayınmağa çalışır və bu məqsədlə də “müxtəlif variantlar” təklif edir. Bunlardan biri də Başkəndlə Azərbaycan eksklavlarını “dəyişdirmək”dir. Erməni ekspertlər də buna çalışır və anklavlar mövzusunun ciddi məsələ olmasından narahatlıqlarını bildirirlər. Çünki Azərbaycanın eksklavları Ermənistanın Gürcüstan və İrana olan əsas yollarının üzərində yerləşir və həddən artıq strateji kəndlərdir. Üstəlik, Qazaxın kəndləri həmçinin Qazax-Karvansara (İcevan) dəmiryol xəttinin üstündədir. Bu kəndlər qaytarılacağı halda Ermənistanın strateji yolları Azərbaycanın nəzarətinə keçəcək. Daha bir məsələ isə Azərbaycanın eksklavlarının Ermənistanda anklava çevrilməsinə səbəb olan torpaq bağışlanması barədə məlumatdır. Belə ki, o istiqamətdə 3 min hektarlıq torpaq sahəsinin 80-ci illərin sonunda Ermənistana “icarəyə” verilməsi ilə bağlı informasiya yayılmışdı. Beləliklə, sərhəd delimitasiyasının hansı xəritələrlə əsas götürüləcəyi bu baxımdan çox önəmlidir. Yəni kəndlərimiz ümumiyyətlə anklavlıqdan çıxa bilər.

Bütün hallarda iki ölkənin delimitasiya məsələlərini vasitəçi olmadan özləri həll etməyə çalışması, şübhəsiz, müsbət göstəricidir. Sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib. Bəs iki ölkə arasında sülh müqaviləsi olmadan sərhədlərin delimitasiya prosesi nə dərəcədə uğurlu ola bilər? Gerçək belədir ki, Azərbaycan qonşu Rusiya və Gürcüstanla məhz sülh müqavilələri imzalandıqdan sonra bu proses başlayıb və yekunlaşıb (Gürcüstanla bəzi mübahisələr qalır). Ermənistan isə sülh sənədinin Qərb paytaxtlarının birində, öz havadarlarının zəmanəti ilə, özünə sərfəli məzmunda imzalanmasına çalışır, Bakı ilə birbaşa (ikitərəfli) danışıqlardan, Rusiyada bir araya gəlməkdən qaçır. Daha dəqiqi bundan ehtiyat edir. Yəni əslində seytnot durumundadır. Bəs Ermənistanın qərarı nə olacaq?

Elxan Şahinoğlu: "Laçında sərhəd məntəqəsinin yaradılması tarixi hadisədir"

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının bir iclasından nəticə gözləmək doğru olmaz: “Ancaq bu, fərqli maraqları olan müxtəlif vasitəçi dövlətlərdə keçirilən müzakirələrdən daha faydalıdır. İl bitmək üzrədir, vasitəçilərin iştirakıyla keçirilən görüşlərdən nəticə çıxmadı. Danışıqların Vaşinqton, Brüssel və Moskva formatı Minsk Qrupu həmsədrlərini xatırlatmağa başlayıb. Bu gedişat nəticə verməyəcək. Birbaşa danışıqlara və müzakirələrə hədəflənmək lazımdır, iki ölkənin birgə işçi qrupunun formalaşmasına ehtiyac var”.

qaynarinfo.az

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bu, Bakının sülh danışıqlarının sərhəddə aparılmasına dair təklifinin tam həyata keçirilməsi olmasa da, həm ikitərəfli formatda fəaliyyətin davam etdirilməsi, həm də son dövrlər sülh danışıqları üzərində üçüncü tərəflərin kəskinləşən maraq mübarizəsindən yayınmaq baxımından müsbətdir: “Hərçənd açıq qalan sual var: danışıqlar nəticə verəcəkmi, yaxud ”vasitəçilik mübarizəsi"ndə hadisələrin inkişafına necə təsir edəcək? Sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması ötən ilin aprelində Brüssel görüşündə razılaşdırılıb. Görüşün keçirilməsi “razılaşmaların işləməsi” baxımından Qərbin ön plana çıxması görüntüsü yaradır".

Lakin ekspertin fikrincə, tərəflər razılaşma əldə etmək üçün sovet dövrünün xəritələrinə müraciət etməlidir: “Bu halda xəritələrin saxlanıldığı Rusiyanın prosesdə ən azı texniki iştirakı qaçılmaz olacaq və Moskva vasitəçiliyini önə çıxarmaq məqsədilə belə imkandan yararlanmağa çalışacaq. Xəritələrə görə Rusiyanın prosesdə iştirakçılığının güclənməsində maraqlı olmayan Qərb isə Ermənistan üzərindən prosesə müdaxilə edəcək. Bu situasiya delimitasiya komissiyasının görüşünün nəticə verəcəyi gözləntisini azaldır. Bunun fonunda tərəflərin delimitasiyanın hansı dövrün xəritələrinə uyğun aparılması, hansı prinsiplərin əsas götürülməsinə dair fikir ayrılığı da qalır”.

Britaniyadan Qərb paytaxtlarına “Azərbaycansız olmaz” mesajı

Aqşin Kərimov

Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, hər halda sərhəddə keçiriləcək görüş gələcək ali ranqlı təkbətək görüşlər üçün presedent formalaşdırılmasına yardımçı olur: “Lakin komissiyaların sərhəddə keçiriləcək görüşlərindən əhəmiyyətli bir irəliləyiş gözlənilmir, bu, sadəcə olaraq, texniki parametrlərin dəqiqləşdirilməsini əhatə edən bir müzakirə olacaq. Ümumilikdə Bakı bilir ki, İrəvan zamanla oynayır. Ermənistan isə dərk edir ki, Azərbaycan uğurlu sülhəməcburetmə əməliyyatlarına üstünlük verir. Bunun sərhəd delimitasiyası üzrə mübahisəli aspektlərini aydınlaşdırmaqdan ötrü komissiyaların görüşü pozitiv bir siqnal kimi qiymətləndirilə bilər”. Ekspertin sözlərinə görə, hərçənd ki, Ermənistan Qərbin təyin etmək istədiyi gündəlikdən əhəmiyyətli şəkildə kənara çıxmağa maraqlı deyil: “Deməli, sərhəd delimitasiyası üzrə komissiyaların iclası ümumi fonda Qərb-Rusiya geosiyasi qarşıdurmasını səngitməsə də, geosiyasi mübarizənin dozasındakı bir istiqaməti azaldacaq texniki keyfiyyətə malikdir. Görüşdə müzakirə olunacaq mövzularda ən böyük əhatə dairəsi, yəqin ki, delimitasiyanın hansı xəritələr üzərində həyata keçiriləcəyidir. Hələ ki tərəflər arasında bu istiqamətdə yekun ikitərəfli razılaşma yoxdur”.

Təhlilçinin zənnincə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneələr zəncirvarı bir-birinə bağlıdır: “Sülh zəncirindəki halqalardan birini xarab edən mövqe İrəvan tərəfindən təkrarlanır. Məsələn, Azərbaycan alternativ görüş məkanı təklif etsə də, İrəvan bundan qaçır. Burada belə bir məntiq doğur ki, hazırkı mərhələdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneə olan məqamlardan biri də danışıqların harada keçiriləcəyi ilə əlaqədar fərqli baxışlardır. Ermənistan bunu Qərb platformalarında, Azərbaycan isə regiondan kənar dövlətləri müzakirələrdən kənarlaşdırmaqla reallaşdırmaqda maraqlıdır. Amma görüşlərin harada və ya geosiyasi şərtlər daxilində böyük oyunçuların paytaxtlarında keçirilib-keçirilməməsindən asılı olmayaraq, Azərbaycanın tələbləri eyni olaraq qalacaq. Bakı şərt irəli sürür ki, sərhəd delimitasiyası zamanı Qazaxın yeddi kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması təmin edilməlidir;  Zəngəzur dəhlizinin açılması üçün Ermənistan iradə göstərməlidir; Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı gerçəkləşməlidir. Ermənistanın bu ssenarilərdən qaçmaq cəhdi Azərbaycana alternativ əməliyyatlar həyata keçirmək hüququnu verə bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR