İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiyaya qarşı, Türkiyəyə doğru – Paşinyana yaxın deputatdan İLGİNC AÇIQLAMA

1894 18.01.2023 19:50 Siyasət A A

Lavrovdan rəsmi İrəvana daha bir xəbərdarlıq; deputat: “Əleyhinə açıqlamalarına və bəzi hallarda hərəkətlərinə baxmayaraq, Moskva Paşinyana dözümlü yanaşır”

STM əməkdaşı: “Paşinyan komandasından sülhlə bağlı müəyyən rasional fikirlər bəzən səsləndirilsə də, təəssüflər olsun ki...”

Ermənistan 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində özünü o vəziyyətə gətirib çıxarıb ki, indi nə etməli, harada dayanmalı olduğunu müəyyən edə bilmir. Azərbaycanın qələbəsindən sonra Ermənistan reallıqlarla barışsaydı, dərhal sülhə meyllənsəydi, bəlkə də indi bu cür dalana dirənməyəcəkdi. Ancaq düşmən ölkə artıq özünü tamamilə bataqlığa salıb və indi ona nə Avropa yiyə durur, nə də Rusiya.

Hətta damarlarından erməni qanı axdığını daim şəstlə demiş Rusiya XİN-in baş diplmatı Sergey Lavrov da son açıqlamalarında İrəvana xəbərdarlıq edib. Ermənistanın Avropa İttifaqının missiyasını iki illik ərazisinə dəvət etməsinə toxunan Lavrov xatırladıb ki, sərhədlərində missiyanın olması üçün Azərbaycanın da razılığına ehtiyac var, əks halda vəziyyət gərginləşə bilər. S.Lavrovun dediklərinə onu da əlavə etmək olar ki, hələ Ermənistanın destruktiv davranışları səbəbindən faktiki olaraq sərhədlər də mövcud deyil. Belə olan təqdirdə missiyanın harada dayanacağı sualı da ortaya çıxır. Eyni zamanda Ermənistanın sərhədləri Rusiyaya həvalə edilibsə, bu halda Avropa missiyasının gəlişi gərginliyin miqyasını genişləndirə bilər.

Azərbaycanın apardığı xarici siyasətin doğruluğu həm də onunla isbat olunur ki, Ermənistan zaman-zaman arxalandığı, dəstək aldığı Rusiyadan “küsüb”, ona arxa çevirir. Bir müddətdir Ermənistanda Rusiya əleyhinə başlayan proses artıq genişlənib və rəsmi dövlət siyasətinə çevrilməkdədir. Və bunun paralelində deyəsən, Ermənistanda anlamağa başlayırlar ki, regionda Azərbaycan və Türkiyə ilə hesablaşmadan normal yaşamaları mümkün deyil və başqa çıxış yolu da yoxdur... Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatı Qurgen Arsenyan deyib ki, Rusiya hərbçilərinin Ermənistandakı mövcudluğu əbədi deyil.

db49783f-b77f-38e3-91e4-8e1b9f1f1729_850.jpg (59 KB)

O bildirib ki, Rusiya qoşunları ölkədə mövcud olmasa Ermənistan Türkiyəyə hər hansı təhdid yaratmayacaq və beləcə Türkiyənin sadəcə qonşusu olacaq. Arsenyan qeyd edib ki, Rusiya hərbçilərinə ehtiyac Ermənistanın dövlət quruculuğunun ilk illərindəki baxışların nəticəsidir, lakin onların ölkədə mövcudluğu əbədi deyil. Erməni siyasətçi vurğulayıb ki, indi ölkə rəsmiləri qonşularla əlaqələri tənzimləməyərək ölkənin inkişafına fürsətlər yaratmaqdadır. O, əlavə edib ki, bu məqsədlərə nail olunduğu təqdirdə Rusiyanın ölkədə hərbi mövcudluğu qeyri-vacib olacaq. Arsenyanın sözlərinə görə, 1990-cı illərdə Rusiyanın Ermənistanda hərbi mövcudluğuna ölkənin xilası kimi baxılırdı. Lakin Türkiyə Ermənistanı heç vaxt təhdid etməyib. Ona görə də, əgər Rusiya qoşunları ölkəni tərk etsələr, Türkiyə Ermənistan üçün adi qonşu olacaq. Həmçinin, ermənilər Avropadakı erməni lobbisinin də dəstəyini itirdiklərini etiraf edirlər. “Bizim məmurlar sadəcə olaraq erməni diasporunun topladığı pulların böyük hissəsini talayıblar. Bir neçə il əvvəl Ermənistan cəmiyyətində “Ermənistan-“Artsax”-Diaspora” üçlüyünün tarixə çevrildiyi barədə həyəcan təbili çalınmağa başlandı. Təəssüf ki, bunda həm keçmiş, həm də indiki hakimiyyət nümayəndələrinin əli var idi. Və bu gün Ermənistanla diaspor arasında uçurumun genişlənməsi faktı açıq şəkildə qeyd edilir. Məsələn, Böyük Kilikiya Evinin Patriarxı Birinci Aram bundan rahatlıqla danışır”. Bu fikirlər isə erməni analitik Tevos Arşakyanın məqaləsində yer alıb: “Birinci Aram diasporun artıq tükənmə mərhələsində olduğundan danışıb və təcili olaraq yenidən təşkil edilməsinə ehtiyac duyulduğunu erməni cəmiyyətinin diqqətinə çatdırıb. Patriarx bildirib ki, erməni diasporu xüsusilə 44 günlük müharibədən sonra Ermənistana biganə yanaşdığını deyib. Bəli, güvən telləri kəsilib. Amma burada problem təkcə indiki hakimiyyətdə deyil. Erməni diasporunun güvənsizliyi hələ Koçaryan və Sarkisyan rejimlərinin hakimiyyəti dövründə də yaranıb... Bu üç onillikdə diasporun Ermənistana və “Artsax”a ayırdığı bütün pulları ümumiləşdirsək, o zaman ölkəmiz sadəcə dəyişməli idi. Amma bu gün xüsusən Ermənistanın kəndlərinə baxanda çox acınacaqlı mənzərəni müşahidə edirik”. Tevos Arşakyan “Bəli, Ermənistana baxanda insan özünü 90-cı illərin əvvəllərində görür” – deyə bildirib. Bu arada deputat Tiqran Abramyan isə deyib ki, Ermənistan Qarabağdan silahlı dəstələri də çıxaracaq: “Qatar gedib, artıq yeni vəziyyət yaranıb, gərək Vardanyanı təyin edəndə düşünəydilər”... Beləcə, Ermənistan artıq sanki ayağından asılmış vəziyyətdədir. Həm Qarabağa dair Azərbaycanın apardığı uğurlu proses, həm Ermənistanın bütün məkrli planlarının iflas edilməsi İrəvanı o duruma salıb ki, onlar Türkiyə və Azərbaycanın diqtə etdiyi şərtlərdən kənara çıxa bilmirlər. Mənzərə bundan ibarətdir ki, Ermənistanda müəyyən bir qism Rusiyadan qopmağa və regional reallıqlara tabe olmağa köklənib. Paşinyana yaxın olan deputatlar faktiki olaraq alt qatlardakı müzakirələrin anonsunu da vermiş ola bilərlər. Bəs bu xətt inkişaf edə bilərmi? Belə bir niyyət varsa belə, xarici təsir dairələri, Paşinyanın rəqibləri, revanşist qruplar prosesi tormozlaya bilərmi?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistan parlamentində Paşiyan tərəfdarlarının zaman-zaman regiondakı reallıqlardan çıxış edərək vəziyyəti düzgün dəyərləndirmələri yenilik deyil:

74473713-9799-372a-aa04-9b1e22ab304a_850.jpg (61 KB)

“Açığı, bizim üçün onun elə bir əhəmiyyəti də yoxdur. Bu açıqlamalar o zaman əhəmiyyət kəsb edərdi ki, onlar nəbz yoxlaması, hayların türklərlə normal qonşuluq əlaqələri qurmağa hazır olduqları görüntüsü yaratmaq və yaxud da Rusiyanın qıcıqlandıraraq Ermənistanı rəsmi İrəvan arzuladığı kimi dəstəkləməyə sövq etmək məqsədi ilə səsləndirilməsin. Amma təəssüf ki, həmən açıqlamalarda məqsəd elə sadaladıqlarımdır. Paşinyanla komandasındakılar bir sıra hallarda doğru olanı deyir, amma bu yöndə real addımlar atmaq istəmirlər ki, fikrimcə, burada da ilk növbədə terror hədəfinə çevrilməmək qorxusu durur. Çünki Ermənistanın onlardan əvvəlki siyasi elitasının Azərbaycanla sülhə hazır olan təmsilçilərinin parlamentlərindəki qətllərindən elə də çox vaxt keçməyib”. Deputat mühüm bir məsələyə də diqqət çəkdi: “Terorru özlərinin dövlətçilik ideologiyasının tərkib hissəsi kimi görən bir toplumdan söhbət getdiyindən Paşinyan da komandasındakılar da bilirlər ki, Türkiyə ilə əlaqələrin tam normalaşşması, Azərbaycana torpaq iddiasından sözdə yox, əməldə geri çəkilmək onlara həyatları bahasına başa gələ bilər. Məhz bu məntiqdən çıxış edərək, mən demişəm və deyirəm ki, özü, komandası nə qədər Rusiya əleyhinə boşboğazlıq etsə də, Ukraynadakı savaş başa çatmayanadək Paşinyanın hakimiyyətdə qalmağı Moskvanın da marağındadır. Çünki əgər Paşinyanı Köçəryan, Vardanyan, yaxud da Kremlə bağlı başqa biri əvəzləsə, Rusiya ya nisbətən neytral davranışlarına son qoyaraq Azərbaycanla üz-üzə gəlməlidir, ya da hazırda yeritdiyi siyasətin heç də Ermənistanın başında duranların kimliyi ilə bağlı olmadığı təsdiqlənəcək. İndi bunların heç biri Moskvaya əl vermir. Ona görə də əleyhinə açıqlamalarına və bəzi hallarda hərəkətlərinə baxmayaraq, Moskva Paşinyana dözümlü yanaşır. Və hətta onun qərbpərəstliyi də haradasa Rusiyanın işinə yarayır. Təkcə Ermənistana arzulanan dəstəyin verilməməsinin bununla bağlı olduğu təsəvvürü yaratdığı üçün deyil. Həm də Rusiya və qərb arasında qarşıdurmanın kəskinləşdiyi bir dönəmdə Paşinyanla komandasının varlığı proseslərin Moskvanın arzuladığı yöndə getməsini təmin edir, yəni sülh anlaşmasının imzalanması vaxtını uzadır. Çünki qərbdəkilərin dəstəyi də Ermənistana Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsündən boyun qaçırmaq üçün manevr imkanı verir. Beləliklə, göründüyü kimi rəsmi İrəvanla Moskva arasında qarşılıqlı narazılıq, hətta nifrətlə yanaşı, qarşılıqlı asılılıq da var”. S.Alıyev əlavə etdi ki, bir sözlə, Azərbaycanla sülh anlaşması imzalanmadığı müddətdə Rusiya təkcə Ermənistanın deyil, Paşinyanın özünün də təhlükəsizliyinin təminatçısı kimi çıxış edəcək, ən azı Ukraynada savaş qurtarmayınca bu siyasət dəyişməyəcək: “Ona görə də bizim üçün məncə, daha əhəmiyyətli sayıla biləcək açıqlama Böyük Kilikiya Evinin Patriarxı Birinci Aramın hay diasporuyla Ermənsitan və Qarabağdakı soydaşları arasında əvvəlki sıx bağlılığın aradam qalxması, ümumiyyətlə, hayların gələcəyinin çox qaranlıq olduğu haqda dedikləridir. Düzdür, Aram burada ikinci Qarabağ savaşının mühüm rol oynaması ilə paralel qloballaşmanın da böyük oynadığını vurğulayır. Amma istənilən halda hay kilsəsinin başında duranlardan birinin bu açıqlaması onu göstərir ki, regionda proseslər gələcəkdə indikindən də çox Azərbaycanın maraqlarına uyğun bir şəkildə gedəcək”.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə bu fikirdədir ki, indi Ermənistan üçün iki real seçim və xətt qalıb:

-ac1ae6a5162808028937106744910739879.jpg (267 KB)

“Bir tərəfdən ya ənənəvi faşist erməniçilik şüuru ilə irqçilik Ermənistanın növbəti peşkəş edilməsi ilə davam edəcək ki, Fransa, Rusiya və İran Ermənistandan Azərbaycan və Rusiya əleyhinə maksimum istifadəyə cəhd göstəriləcək. Ya da Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayacaq, Türkiyə ilə münasibətləri normallaşdıracaq və sivil dövlət kimi bölgədə barış və sabitliyi şantaj etməyəcək. Ağlı olan hər kəs anlayır ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə hesablaşmaqdan başqa heç bir yolu yoxdur. Ermənistanın ənənəvi aqressiv siyasəti ancaq xaos və itkilərin davam etməsinə səbəb olacaq”. T.İsmayılov qeyd etdi ki, bu gün Fransa da, İran da, Rusiya da bölgədə gərginliyin qalmağında maraqlıdır: “Onlar hesab edirlər ki, Cənubi Qafqazda münaqişə meyilləri üçüntü tərəflərin daim bölgəyə nəzarət imkanları deməkdir. Bu imperialist maraqlara isə daim boyun əyən Ermənistan olub. Paşinyan komandasından sülhlə bağlı müəyyən rasional fikirlər bəzən səsləndirilsə də, təəssüflər olsun ki, Paşinyan özü də ikiüzlülük edərək münasibətlərin sağlamlaşdırılmasında irəliləyiş əldə olunmağına mane olur. Ermənistanı pozitiv məcradan qoparmaq üçün çox təxribatlar ediləcək, əsas sona qədər sabit qalmaqdır ki, bu da Ermənistan baxımından inandırıcı görünmür hələlik...”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR