İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan dünyanın "fəlakət qrupu"na salındı: Paşinyan aclıq və "artsax" arasında seçim edəcək

2535 25.06.2022 18:41 Analitika A A

Beynəlxalq iqtisadi araşdırma mərkəzləri Ukrayna savaşı ucbatından ərzaq böhranı ilə üzləşəcək zəif ölkələr arasında Ermənistanı ilk sıralarda göstərirlər... Paşinyan hakimiyyəti bu qorxunc təhlükədən yayınmaq üçün Azərbaycan və Türkiyə ilə ən qısa zamanda münasibətləri normallaşdırmağa məcbur qala bilər...

Ermənistan blokada şəraitindən çıxmaq şansına malik olsa da, zaman itirməkdə davam edir. İtirilmiş hər gün isə Ermənistanı aclıq və səfalət təhlükəsinə doğru sürükləyir. Və Azərbaycan ilə sülh sazişinin hazırlanması prosesi uzandıqca, Ermənistan üçün bu təhlükə daha qorxunc görüntülər ala bilər.

Məsələ ondadır ki, bəzi beynəlxalq iqtisadi araşdırma mərkəzləri bu barədə rəsmi İrəvana xəbərdarlıq etməyə başlayıblar. Mərkəzi ofisi Polşada yerləşən İqtisadi Araşdırmalar İnstitutunun hazırladığı son hesabat Ermənistan üçün əsl fəlakət ssenarisi təsiri daşıyır. Həmin hesabata görə, Ukrayna savaşı bütün dünya üçün ərzaq böhranı vəd edir. Və bu səbəbdən də, gəlirləri aşağı səviyyədə olan ölkələrdə açlıq təhlükəsi qaçılmaz xarakter daşıyır.

Hazırda ən fəlakətli durumda hesab olunan ölkələrin sırasında Benin, Şimali Koreya, Sudan, Nikaraqua və Konqo yer alır. Bu ölkələri isə Ermənistan, Misir, Livan, Gürcüstan və Ruanda izləyir. Bu fəlakətdən yayınmağın yolu kimi isə nəqliyyat-kommunikasiya xətlərinin, xüsusilə də, Qara dəniz hövzəsi üzrə marşrutların açılması vacib hesab edilir.

Ancaq Ermənistan cəmiyyətinə diqqət etdikdə, erməni toplumunu hazırda nə qlobal ərzaq böhranı, nə də bu ölkəni gözləyən aclıq və səfalət təhlükəsinin narahat etmədiyi müşahidə olunur. Erməni toplumu hələ də ənənəvi "xəyali hədəflər"lə məşğuldur. Və dünyada, eləcə də, Cənubi Qafqaz regionunda baş verənləri dərk etmək qabiliyyətindən çox-çox uzaqdır.

aca12984-caf0-4f89-a9b1-8b532e9680b3.jpg (102 KB)

Xüsusilə də, Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi Qarabağ klanı "artsax" mövzusundan möhkəm yapışmaqla, Ermənistanı fəlakətə sürükləməkdə israrlı davranır. Erməni müxalifəti hələ də "artsax"ın ağır yaralı olduğunu və onun müalicəsinin Ermənistan üçün ən ali hədəf olduğunu iddia edir. "artsax"ın taleyindən bütün Ermənistanın gələcəyinin asılı olduğunu vurğulayan erməni müxalifəti öz xalqına necə sarsıdıcı zərbə vurduğunu anlamaqdan çox uzaqdır. Bu siyasi düşərgə hələ də, Ermənistanın xilas edilməsi üçün "artsax" uğrunda savaşmağa çağırır.

Ermənistan müxalifətinin təmsilçiləri "artsaxa" qeyri-qanuni səfər də ediblər. Tərkibində müxalif erməni deputatların da yer aldığı revanşistlər Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsində öz dayaq dəstələrini yaratdıqlarını vurğulayıblar. Verilən açıqlamaya görə, əsas hədəf "artsax"ın Azərbaycanın tərkibinə qaytarılmasına əngəl törətməkdir. Və bu məqsədlə "artsaxı təhvil verməyə" hazırlaşan Paşinyan hakimiyyətinə qarşı ortaq mübarizə aparmaqdır.

Göründüyü kimi, erməni revanşistlər əsl təxribatla məşğuldurlar. Bir tərəfdən Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməklə, rəsmi Bakını təxribata çəkməyə, vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Digər tərəfdən, Azərbaycan ilə Rusiyanın münasibətlərini qəlizləşdirmək məqsədi güdürlər. Çünki, bu səfər Azərbaycan və Rusiya arasında müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsinə zərbə xarakteri daşıyır. Çünki, həmin sənədə görə, tərəflər bir-birinə qarşı istənilən separatizm və terrorizm fəaliyyətinin qarşısını almaq öhdəliyi götürüblər. Üstəlik, erməni təxribatı məhz Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ilə təxminən eyni vaxtda təsadüf edir. Və bunun əvvəlcədən düşünülmüş bir təxribat olduğu da qətiyyən şübhə doğurmur.

Nəhayət, Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti dislokasiya olunan rus sülhməramlılar da üçtərəfli anlaşmalara əsasən, erməni müxalif deputatların səfərinin qarşısını almağa borclu idilər. Ancaq nə qədər qəribə də olsa, onlar erməni təxribatına növbəti dəfə göz yummağa üstünlük veriblər. Rusiya xarici işlər nazirinin Bakı səfəri ərəfəsində rus sülhməramlıların bu davranışı da ciddi və haqlı suallar doğurur.

f04cf8cb14d95ae0b2fec589275313a1.jpg (243 KB)

Eyni zamanda, Xankəndi və ətraf bölgədə törədilən bu təxribatın həm də Paşinyan hakimiyyətini hədəfə alması Cənubi Qafqazda ermənilərin üzərindən ikibaşlı oyunların oynandığı barədə də şübhələr yaradır. Yəni, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini əngəlləməyə cəhd göstərirlər. Halbuki, bütün bunların Cənubi Qafqazda digər region dövlətləri ilə yanaşı, Ermənistanın özünə ciddi problemlər yaratdığı qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Ermənistan üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması olduqca vacibdir. Buna nail olacağı təqdirdə, Ermənistan 30 illik blokada şəraitindən çıxmaq şansı qazanacaq. Nəticədə, rəsmi İrəvan qonşu ölkələr ilə iqtisadi-ticari əlaqələr qurmaqla, Ermənistanı sosial-iqtisadi böhrandan və dövlətçiliyin təhlükə altına düşməsindən xilas edə bilər.

Erməni müxalifəti isə "artsax" mövzusu üzərindən törətdiyi təxribatlar ilə Paşinyan hakimiyyətini bu prosesdə sərbəst iştirakdan yayındırmağa çalışır. Rəsmi İrəvanın verdiyi bir çox açıqlamalarda "artsax" mövzusundan mümkün qədər yayınmağa çalışdığı müşahidə edilir. Paşinyan hakimiyyəti "artsax" mövzusunun Ermənistanın gələcəyə yönəlik maraqlarına və inkişaf perspektivlərinə ağır zərbə vurduğunu da üstüörtülü eyhamlarla ictimailəşdirmıyə çalışır. Və bu səbəbdən də revanşistlərin "Paşinyan hakimiyyəti artsaxı təhvil verməyə hazırlaşır" ittihamları ilə üzləşir.

Məsələ ondadır ki, revanşistlər ictimai təzyiqlər edərək, Paşinyan hakimiyyətinin təmsilçilərini "artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq" bəyanatı verməyə məcbur edirlər. Halbuki, hələlik Paşinyan hakimiyyəti müqavimət göstərir, revanşistlərin hədəfə çatmasına imkan vermir. Çünki, rəsmi İrəvan tam dəqiqliyi ilə bilir ki, Ermənistan bundan sonra "artsax" mövzusu ucbatından yalnız fəlakətlər ilə üzləşə bilər.

6a795ec3-fc59-4257-8d33-f21dec4f0d48.jpg (253 KB)

Ona görə də, rəsmi İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması məqsədilə bu mövzudan mümkün qədər yayınmağa çalışır. Ermənistan prezidenti Vaaqn Xaçaturyan da revanşistlərin "artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq" şüarları ilə olduqca təhlükəli tələblər irəli sürdüklərini düşünür. Onun fikrincə, bu şüarlar Azərbaycan-Ermənistan sülh danışıqları prosesini poza bilər: "Biz realist olmalıyıq. Əgər, belə şüarlar ilə danışıqlar aparmağa cəhd göstərilsə, manevr imkanlarından məhrum olarıq. Biz siyasəti və diplomatiyasını populizmdən ayırmağı bacarmalıyıq. Ancaq təəssüf ki, bunu bacarmadığımız üçün hər şeyi bir-birinə qarışdırırıq".

Ermənistan prezidenti hesab edir ki, erməni müxalifəti öz revanşist bəyanatları ilə rəsmi İrəvanı Azərbaycanla danışıqlar prosesində çətin vəziyyətə salır. Yəni, prezident Vaaqn Xaçaturyan revanşistlərin hazırda Ermənistanın gələcək taleyini böyük təhlükə altına saldıqlarına eyham vurur. Və bu, rəsmi İrəvanın daxili siyasi-ictimai təzyiqlərə hələ də davamsız olduğunu göstərir.

Ancaq bütün bunlara baxmayaraq, rəsmi İrəvan istənilən halda, seçim etmək məcburiyyətindədir. Çünki, indi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistanı ərzaq böhranından, aclıq və səfalətdən xilas edə biləcək yeganə çıxış yolu kimi görünür. Üstəlik, beynəlxalq iqtisadi araşdırma mərkəzlərinin son xəbərdarlığı bunu birmənalı şəkildə təsdiqləyir. Hər halda, Ermənistanı gözləyən fəlakət ssenarisi barədə hesabat indi rəsmi İrəvanı daha da tələsdirməlidir.

Yəni, Paşinyan hakimiyyəti ya revanşistlərin təzyiqləri altında "artsax" mövzusu üzərindən pozuculuq fəaliyyətini davam etdirməlidir. Ya da "artsaxı" bir kənara atıb, dünyanın "fəlakət qrupu"nda yer alan Ermənistanı yaxınlaşan açlıq və səfalət təhlükəsindən yayındırmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmalıdır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR