İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənipərəstin qızı Bakıda konsert verəcək – Milananı ölkəmizə kim dəvət edib?

3067 06.06.2023 14:27 Mədəniyyət A A

Müğənni- bəstəkar Murad Arif rus aktyor və aparıcı Vitali Qoqunskinin qızı Milana Starın Bakıda konsertinin keçirilməsinə etiraz edib. 1 news.az xəbər verir ki, buna səbəb 44 günlük Vətən müharibəsi ərzində Vitalinin erməniləri dəstəkləməsi olub. O, bunu öz şəxsi “İnstaqram” səhifəsində paylaşıb.

“Rus aktyoru, ermənipərəst Qoqunski, 44 günlük müharibədə dayanmadı, Martirosyan, Qalustyan demədi, bütün ermənilərin səhifələrində yatdı, erməni xalqının dərdinə ağladı, dünyanı “vəhşi azərbaycanlıların” zülmünə “stop” deməyə çağırdı. Azərbaycanlılar da həmişəki kimi həmin Qoqunskinin balası Milanaya qucağını açıb, ona konsert təşkil edir. Xasiyyətsizliyimizin həddi-hüdudu varmı?”- deyə sənətçi bildirib.

37jpg-1684748081.jpg (45 KB)

Həm də bloger olan Milananın konserti 11-12 iyun tarixlərində Bakı Musiqi Akademiyası nəzdində opera studiyasının konsert salonunda baş tutmalıdır. Konsertin bilet qiyməti 30-230 manat arasında dəyişir. Qeyd edək ki, 11 iyun tarixinə olan biletlər artıq satılıb.

Ermənipərəst aktyorun qızının Bakıda konsertini hansı təşkilat təşkil etdiyini öyrənməyə çalışsaq da, cəhdlərimiz alınmadı.

Xatırladaq ki, Vətən müharibəsi dövründə ermənilərə dəstək olub, Azərbaycan əleyhinə fikirlər səsləndirən bir neçə rus və ukraynalı müğənninin Bakı konsertləri ictimaiyyətin etirazı sayəsində ləğv olunub. Onların arasında rusiyalı müğənni Lyubov Uspenkskaya, ukraynalı müğənnilər Tina Karol, Maks Barskixin adlarını qeyd etmək olar.

Bəs digər azərbaycanlı sənətçilər Murad Arifin narahatlığını bölüşürmü?

Без названия-4.jpg (7 KB)

Əməkdar artist Elza Seyidcahan mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Murad Arifin fikirləri ilə mən də razıyam. Belə etmək doğru deyil. Gələcəkdə diplomatik əlaqələrlə dövlətlər arasında sülh müqaviləsi bağlanar, ərazilərimizin bütövlüyü tam təmin olunar, o zaman bu cür konsertlərin, tədbirlərin keçirilməsini normal qəbul etmək olar.  Bir sözlə, Murad Arifin iradı yerində edilmiş iraddır”.

nurrrraaa.jpg (9 KB)

Tanınmış müğənni Nura Suri isə qeyd etdi: “Murad Ariflə razıyam. Çünki bu cür adamlar Bakıya gəlib, konsert verir, pul qazanır, gedəndən sonra da ölkəmizi pisləyirlər. Ona görə də kimisə dəvət edəndə ilk öncə düşünmək lazımdır.

O ki, qaldı 13 yaşlı uşağın konsert verməsinə, sözün doğrusu, düşünürəm ki, valideynlərinə görə uşaqlara etiraz etmək doğru olmazdı. Amma hər halda, Azərbaycan əleyhinə fikirlər səsləndirib, sonra da gəlib ölkəmizdə konsert verilməsini də normal qarşılamaq olmaz”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: “Bu məsələdə iki cür yanaşma ola bilər. Birinci – ümumiyyətlə qadağan edirsən, ikincisi isə - “övladlar ataların görə cavabdehlik daşımırlar” prinsipini əsas götürürsən. Yəni, Qoqunskinin ölkəyə buraxılmasına qadağa qoyulur, Azərbaycan əleyhinə fəaliyyət göstərdiyinə görə “istənilməyən şəxs” elan olunur, amma qızına qarşı etiraz edərkən düşünmək lazımdır. Bəlkə qızı Azərbaycan mövqeyində olacaq? Yəni, Azərbaycana gəlib-getdikdən sonra daha çox azərbaycançı olacaq və atasının mövqeyinə təsir edəcək? Yəni, konkret olaraq atası kimi Azərbaycan əleyhinə hər hansı açıqlama yoxdursa, yaxud Azərbaycan əleyhinə fəaliyyəti bilinmirsə, fikrimcə indidən özümüzə düşmən qazanmağın adı yoxdur. Həmin müğənni qız Bakıya gələr, ölkəmizdən gözəl təəssüratla gedər, ondan sonra elə Azərbaycanın gözəl təbliğatçısına çevrilə bilər. Niyə bu fürsətdən istifadə etməyək? Yəni, bu da bir variantdır və bu haqda düşünmək, bu məsələlərə bir qədər daha geniş kontekstdə baxmaq lazımdır. Faydamıza ola biləcək hər hansı bir prosesi yarada biləriksə, bundan istifadə etməyimiz daha doğru olar.

Yəni, bu sənətdir və bu sənətdə hər kəs konkret olaraq özünə görə məsuliyyət daşıyır, hər kəsin də öz fəaliyyətinə görə qiymət vermək daha doğru olardı.

Hər halda düşündürücü mövzudur və burada konkret “resept” tapmaq asan deyil”.

Onu da qeyd edək ki, 13 yaşlı Milananın müğənnilik istedadı hələ kiçik yaşlarından üzə çıxıb. Belə ki, 4 yaşında ikən artıq səhnələrdə Maykl Ceksonun və digər məşhur ulduzların mahnılarını məharətlə ifa edib. Milanın model anası İrina Mairko qızının həm də prodüseridir. Milana dünyaya gələrkən İrina və Qoqunski evli olmayıblar. Yalnız qızlarının 7 yaşında rəsmi nikaha girən cütlük tez bir zamanda ayrılmaq qərarına gəlir. İrinanın dediyinə görə artıq 5 ildir ki, Milana və atasının heç bir əlaqəsi yoxdur, onlar bir-birlərini görmürlər.

“Qoqunski qızına maddi cəhətdən kömək etmir. 2022-ci ilin aprel ayında aliment üçün məhkəməyə müraciət etdim, amma indiyə qədər qızım atasından bir qəpik də almayıb. O, gəlirini gizlətməyi və hesabında sıfır rubl olduğunu göstərməyi bacarır. Hətta onun mənə son mesajı belə olub: “Sən 0 rubl alacaqsan”.

Qoqunski mənəvi cəhətdən də qızını dəstəkləmir. Əksinə, Milana səhv ayaqqabısı və ya yanlış dırnaqları olduğunu yaza bilər. Ümumiyyətlə, onunla əlaqələr 2018-ci ildə bitdi”, - deyə İrina mətbuata açıqlamasında deyib.

Xalidə Gəray
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR