İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin sonrakı ağlı – 100 illik “düyünü” özləri kəsəcək, yoxsa...

1378 28.05.2022 15:28 Yazarlar A A

Ermənistanda radikal müxalifətçilər sırasında həbslər artıb. Onların arasında “Sasna Tsrer” adlı terror qruplaşmasının tanınmış üzvləri də var.

Əslinə qalsa, Nikol Paşinyan onlara nə edirsə, haqqına edir. Əlindən çığır-bağır salmaqdan savayı heç nə gəlməyən, geniş ictimai dəstəkdən məhrum, cəmiyyətə iqtidardan daha realist, daha praqmatik “yol xəritəsi” təqdim edə bilməyən revançist-daşnaklar yalnız kövrək sülh prosesinə əngəl yaratmaqla məşğuldurlar. Əl-ayağa dolaşmaqla, suyu bulandırmaqla öz varlıqlarını təsdiqləməyə çalışırlar.

Məntiqlə erməni toplumu onları daşa basmalıdır, nəinki bu dağıdıcı qüvvələrə dəstək nümayiş etdirməlidir. Çünki “Müharibə partiyası”nın qatarı gedib. Erməni xalqına, onun qonşularına yalnız müsibətlər gətirmiş bir fəlakət partiyası yaxşı olar təcili şəkildə özünü buraxsın, üzvləri isə gedib özlərinə faydalı bir iş tapsınlar...

Əlbəttə ki, populist-radikalların, ura-patriotların və şovinistlərin əsas hədəfi əsla öz xalqına gün ağlamaq, Ermənistanı inkişaf yoluna çıxarmaq deyil. Yalnızca hakimiyyəti ələ keçirməkdir. Aydındır ki, o halda ölkədə vəziyyət indikindən də acınacaqlı olacaq. Üstəgəl, “hərb partiyası” Ermənistanı növbəti, daha dağıdıcı müharibəyə tuş edəcək. Bunu çörəyi ağzına yeyən ermənilərin hamısı anlayır.

Təsadüfi deyil ki, bir öncəki (20 iyun 2021) erkən parlament seçkilərində radikal qüvvələr 21 faiz səs aldığı halda, Azərbaycanla cəmi 7 ay öncə kapitulyasiya aktı imzalamış Paşinyanın partiyası 53%-lə qələbə qazandı. Bu, cəmiyyətin ənənəvi müxalifətə apaydın və sərt bir münasibəti, mesajı idi. Həmin münasibət, mesaj ötən bir ildə ciddi dəyişikliyə uğramayıb.

Belə görünür, erməni cəmiyyəti müharibələrdən, “müharibə partiyası”ndan və onun işə yaramayan avantürist, irqçi, özəlliklə də anti-Türk şüarlarından gerçəkdən bezib, yorulub. Hər necə olmasa, bayırda XXI əsrdir. İndi kreativ, proqressiv ideyalara ehtiyac var. Axı qonşulara qarşı düşmənçiliklə nə qazandı erməni xalqı? Düşmən əhatəsində yaşamaqdan daha nə qədər həzz almaq olar?..

Yaxşı ki, bunu anlayan ermənilərin sayı yavaş-yavaş da olsa artmaqdadır.

“Biz optimist ovqatdayıq, ona görə ki, həqiqətın də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını istəyirik”.

Bu sözləri Ermənistan prezidenti Vaaqn Xaçaturyan dünən Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində DW nəşrinə açıqlamasında deyib.

“Axı, bu ərazidə qonşularla dinc-yanaşı yaşamadan təkcə biz yox, regionun bütün ölkələri üçün irəlilə getmək mümkün deyil. Mən həm Türkiyə və İranı, həm Azərbaycan və Gürcüstanı, həm də Ermənistanı nəzərdə tuturam. Biz dinc yanaşı mövcudluq üçün imkanlar tapmalıyıq. Hazırda bu realdır, xüsusən ona görə ki, Avropa İttifaqının və Rusiyanın simasında vasitəçilər var. Biz bu imkanlardan yararlanmalıyıq”.

Şübhə yox ki, Xaçaturyanın çağırışı ən əvvəl özlərinə, İrəvana, erməni xalqına ünvanlanmalıdır. Ona görə ki, regionda heç bir xalqın onlarla problemi-zadı yoxdur, ermənilərin var. Sülh və anlaşma qapıları isə hətta işğal dövründə belə açıq saxlanılıb, indi də açıqdır. Yəni, problem həmişəki kimi bizlik deyil, ermənilikdir...

“Hazırda Ermənistanın dövlət maraqları Qarabağ separatçılarının mənafeyindən daha mühümdür”.

Bunu isə eyni gündə Ermənistan parlamentindəki hakim “Mülki müqavilə” fraksiyasının üzvü Qurgen Arsenyan bildirib.

Arsenyan hesab edir ki, hakimiyyət sülh yolu ilə gedir və buna nail olmalıdır. “Müxalifət bizə gündəlik diktə edə bilməz. Biz 100 illik düyündən qurtulmalıyıq, nəsildən-nəslə ötürülən anlaşılmaz problemi bir daha növbəti nəslə miras qoymamalıyıq”, - deyə o vurğulayıb və etiraf edib ki, 44 günlük müharibədən sonra Ermənistan Qarabağ separatçılarının təhlükəsizliyinin hərbi qarantı olmaqdan çıxıb.

Yaxşı etiraflardır. Amma yetərli sayılmaz. Əgər erməni xalqı gerçəkdən rifah yoluna çıxmaq istəyirsə, öncə öz ayağından asılan daşlardan və daşnaklardan, cürbəcür digər ballastlardan və ünsürlərdən qurtulmalıdır. Öz “göbəyini” özü kəsməlidir. Həm də tez. Zira, bir azdan bunun önəmi qalmaya bilər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR