İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər təxribatları intensivləşdirir: sülh prosesini yenə kim pozmaq istəyir? - rəylər

1432 15.06.2023 12:58 Siyasət A A

Ermənistan silahlı qüvvələri və Qarabağda sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki qanunsuz silahlı, terror mahiyyətli dəstələr mütəmadi olaraq təxribatlar, eskalasiyalar törədir, Azərbaycanın mövqelərinə hücumlar edir. Bu cür təxribatlar, diversiyalar sülh danışıqları intensivləşəndə, hansısa müqavilə imzalanmasına yaxınlaşıldığına dair açıqlamalar veriləndə daha çox baş verir.

Bu onu göstərir ki, Ermənistandakı revanşist qüvvələr, həmçinin Qarabağdakı separatçılar xarici təsir dairələrinin sövqetməsi ilə sülh danışıqlarını pozmağa çalışırlar.

Buna ötənlərdə dəfələrlə nail olublar. Sonuncu olaraq 2022-ci ilin sentyabrında sülhə yaxınlaşılmışdı, bu mərhələdə bütöv cəbhə boyunca böyük təxribatlar törətdilər, nəticədə 12-14 sentyabr döyüşləri baş verdi və bununla da proses pozuldu.

Hazırda sülh danışıqlarının kövrək bir mərhələsidir, rəsmilər sülhə nail olmaq üçün fürsət yarandığını bildirirlər. Belə bir vaxtda ermənilər eyni ssenarini indi də təkrarlamaq cəhdləri edirlər. Azərbaycan həm hərbi, həm də siyasi baxımdan bu təxribatların qarşısının alınması üçün bacardığını edir. Azərbaycan rəsmən bəyan edib ki, yalnız sülhün, barışın baş tutmasına çalışır. Qarşı tərəf isə bunun əksini edir.

Faktlara diqqət edək:

İyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla, iriçaplı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyunun 13-ü saat 11:10-da Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində mühəndis işləri görən traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşə tutulub.

Atəş nəticəsində xəsarət alan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin atəş nöqtələri susdurulub.

İyunun 12-si saat 13:35-dən saat 14:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri saat 11:15-dən 16:50-dək kənd təsərrüfatı işləri adı altında ordumuzun Füzuli və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

İyunun 11-i saat 11:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bu arada daha bir təxribata yol verilib. Belə ki, Rusiya sülhməramlıları tərəfindən qeyri-qanuni erməni silahlıları üçün hərbi daşımaların mühafizəsi davam etdirilir.

Ordu.az-ın məlumatına görə, əldə edilən videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə Xankəndi-Xəlfəli yolu ilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi aydın görünür.

Bu hərbi təxribatlarla paralel “Daşnaksütyun” partiyası ümumerməni etirazına çağırış edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə daşnakların idarə heyətinin üzvü İşxan Saqatelyan mətbuat konfransında bildirib. Saqatelyan Ermənistan, Qarabağ erməniləri və diaspor üçlüyünün dirçəldilməsinin zəruriliyini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanla bağlanacaq istənilən müqavilə və ya sənəd qeyri-legitimdir: “Biz bütün fikirlərimizi bütün qüvvələrlə müzakirə edəcəyik və mübarizənin yeni mərhələsinə başlayacağıq”.

Ermənistanın, separatçıların bu davranışının açması nədir? Nə demək istəyirlər? Bu, “ermənizm xəstəliyi”nin növbəti təzahürüdür, yoxsa xarici təsir dairələri növbəti dəfə ənənəvi üsulla - erməniləri təxribata cəlb etməklə sülhün imzalanmasına mane olur? Bunu konkret hansı qütb edə bilər? Kim maraqlıdır?

Fikrət Yusifov: "Dövlət sahibkarları həmişə dəstəkləyib və bundan sonra da  dəstəkləyəcək" » Gundelik-Baku.Com

Fikrət Yusifov: ""Sülhməramlı" adı ilə Qarabağa gəlmiş rus hərbiçiləri erməni separatçılarına hərbi sursat daşıyırsa, bu, hər bir sualın cavabıdır"

Sabiq nazir Fikrət Yusifov Rusiya tərəfin ən çox buna mane olduğunu düşünür və bunun da səbəbsiz olmadığını bu faktlarla sadalayır: “Əslində hər şey hamıya aydındır. Yaradıldığı gündən rusların əlində oyuncaq rolunu oynayan erməni dövləti, onun separatçı təşkilatları həmişə sahiblərinin dirijor çubuğu ilə oturub-durublar. Qarabağ münaqişəsinin bünövrəsinə ilk daşı qoyan da və bu gün münaqişəni sönməyə qoymayan da ruslardır. Rusiya xarici siyasəti yüz illər öncə də belə idi, indi də öz mahiyyətini qətiyyən dəyişməyib. Bir sözlə, rusların xarici siyasətinin mayası, "parçala, münaqişə yarat və özündən asılı vəziyyətə sal" prinsipi ilə yoğrulub. Yüz illərdir ki, ruslar bütün qonşuları və hətta onlara qonşu olmayan bir çox ölkələrlə eyni prinsiplə davranırlar.

Qarabağ münaqişəsinin 30 il davam etməsi də rusların “əl işi”dir. Onlar bu gün də münaqişəyə son verilməsini - sülh müqaviləsinin bağlanmasını qətiyyən istəmirlər və hər vəchlə buna mane olmağa çalışırlar. Çünki sülh müqaviləsi bağlanarsa, rusların bölgədəki missiyası başa çatmış olacaq. Onlar isə bölgədən getmək istəmirlər. Bu səbəbdən bu gün Ermənistanla Azərbaycan sülh müqaviləsinin imzalanmasına yaxınlaşdıqca, ardıcıl şəkildə təxribatlar törədilir. Bu təxribatların icraçıları rusların əlində alətə çevrilmiş başıboş ermənilərdisə, onun müəllifi ruslardır. Əgər bu gün “sülhməramlı” adı ilə Qarabağa gəlmiş rus hərbiçiləri erməni separatçılarına hərbi sursat daşıyırsa, bu, hər bir sualın cavabıdır.

Bizim ən böyük uğurumuz rusların bölgədə oynadıqları  bu qədər çirkin oyunlar fonunda, 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı geri ala bilməyimizdir. Bu uğurun müəllifi, ağıllı xarici siyasət sərgiləyən və eyni zamanda güclü ordu yaradan Ali Baş Komandan İlham Əliyevdir. Əldə etdiyimiz uğurun ikinci mərhələsi Ermənistanla sərhədlərimizin bərpası yolundakı mücadiləmiz və Laçın dəhlizinin girəcəyində sərhəd-keçid məntəqəsinin qoyulmasıdır. Sonrakı mərhələdə biz rusların himayədarlığı ilə pozuculuqla məşğul olan qanunsuz erməni hərbi birləşmələrinin, 5 ilin tamamında isə (mümkündür ki, bundan daha tez), “sülhməramlı” rus hərbiçilərinin Qarabağdan çıxarılmasına nail olmalıyıq. Bütün bunlardan sonra isə Qarabağ torpaqlarımızda yaradılmış qondarma strukturları ləğv edib, cinayətkarların məsuliyyətə cəlb olunmasını və ermənilər yaşayan ərazilərimizdə Azərbaycan qanunlarının hökmranlığını təmin etməliyik".

Rəşad Bayramov: “AZAL İrana uçuşları dayandırmalıdır, çünki...” » Ovqat.com

Rəşad Bayramov: "Azərbaycanın bundan sonra daha otuz il danışıqlar aparmaq kimi bir niyyəti yoxdur”

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov proseslərin bu formada gedişatının sonda yeni hərbi əməliyyatları qaçılmaz etdiyini düşünür: “Baş verənlər onu deməyə əsas verir ki, Ermənistan növbəti dəfə sülh prosesini sabotaj etməyə cəhdlər edir. Necə ki, 2022-ci ilin avqustunda artıq sülh müqaviləsinin imzalanacağına dair açıqlamalar gəldiyi bir vaxtda Ermənistanın sərhəd boyunca atəşkəs rejimini pozması və sentyabr döyüşlərinin başlaması ilə sülh prosesi pozuldu, indi də buna oxşar ssenarini həyata keçirmək üçün cəhdlər edilir. Çünki Ermənistan hələ də müstəqil ölkə ola bilmədiyi üçün müstəqil siyasət həyata keçirə bilmir və nəticədə ayrı-ayrı ölkələrin təzyiqləri ilə hərəkət etmək məcburiyyətində qalır. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını və ümumiyyətlə, regionda sülh olmasını istəməyən qüvvələrin sayı isə kifayət qədərdir. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə hər iki ölkəyə təzyiq imkanlarını itirəcəyini dərk edən Rusiya, bunu həm də Cənubi Qafqazdakı mövqelərini itirmək təhlükəsi kimi qiymətləndirir. Çünki sülh varsa, o zaman nə sülhməramlı kontingentə, nə də Ermənistandakı hərbi bazaya ehtiyac qalmır. Rusiyanın regiondan sıxışdırılması və Cənubi Qafqazda bu və ya digər şəkildə təmsil olunmaq istəyən digər beynəlxalq güclər isə münaqişənin uzanmasına öz maraqlarının təmin etmək imkanı kimi baxırlar. Odur ki, müxtəlif dairələr bir tərəfdən Ermənistandakı revanşist qüvvələri hərəkətə keçirməklə Paşinyana təzyiq edir, digər tərəfdən isə atəşkəsin pozulmasını stimullaşdırmaqla sülh prosesini uzatmağa cəhdlər edirlər. Yəni qısası həm ABŞ, həm Rusiya, həm də Avropa İttifaqının ayrı-ayrı təmsilçiləri, xüsusilə də, Fransa Azərbaycanla Ermənistanın münasibətlərinə yalnız öz maraqları prizmasından yanaşırlar.

Azərbaycan olaraq biz təbii ki, həm hərbi, həm də siyasi baxımdan Ermənistanın təxribatlarının qarşısını almaq gücündəyik və bunu da edirik. Biz tezliklə sülh sazişinin imzalanmasında maraqlıyıq, çünki sülhün həm ölkəmizə, həm də ümumiyyətlə, regionun inkişafına təkan verə biləcəyini yaxşı başa düşürük. Baş tutacaq sülhdən ən çox faydalana biləcək Ermənistan isə öz dövlət maraqlarını deyil, ayrı-ayrı güclərin maraqlarını təmin etməyə çalışdığı üçün proses uzanır və bu cür təxribatlar baş verir. Amma məsələ ondadır ki, həm Ermənistan, həm də sülhə mane olan ayrı-ayrı dövlətlər bir şeyi unudurlar ki, Azərbaycanın bundan sonra daha otuz il danışıqlar aparmaq kimi bir niyyəti yoxdur. Və təxribatların davam edəcəyi, mövqelərimizin hədəfə alınacağı, Qarabağdakı erməni hərbi birləşmələrinin xoşluqla ərazilərimizi tərk etməyəcəyi halda yeni hərbi əməliyyatlara başlamaq qaçılmaz olacaq. Bundan isə ən çox zərərçəkən yenə elə Ermənistan olacaq".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR