İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni üçün “kontur xərcləyən”lər və Laçının üstünə neft töküb,kibrit çəkməyə hazır olan vandallar

2282 06.08.2022 17:15 Yazarlar A A

Yenə şəhidlər verdik, qəhrəman oğullarımızın ruhları şad olsun! Qarabağda həlak olan hər bir hərbçimiz şəhiddir, çünki bütün baş verənlərə görə birinci suçlu qarşıdakı düşməndir, vandal erməni! Şəhid ata-anaları başda olmaqla hər birimiz üçün böyük təskinlik odur ki, Tanrının dərgahına ucalan mərd oğullarımızın qanı yerdə qalmır, Fərrux, Sarıbaba, Qırxqız yüksəkliklərinin ardınca Buzdux zirvəsində də üçrəngli bayrağımız dalğalanır avqustun 5-dən etibarən.

Bayraqlarımız yeni-yeni zirvələrdə dalğalandıqca birilərinin narahatlığı da artır, açıq-aşkar deyirlər “vəziyyətdən narahatıq”. Guya ki, növbəti müharibənin başlayacağından narahatdırlar. Əslində isə onları müharibə perspektivi narahat etmir, Ermənistanın, Qarabağdakı ermənii terrorçu-separatçı qüvvələrin məğlubiyyəti ağrıdır. Əgər müharibə narahatlıqları olsaysdı, 30 il ərzində Ermənistana təzyiq göstərib, sülh yolu ilə torpaqların azadlığını təmin etmiş olardılar. Amma onlar nə etdilər: birisi pul yolladı, başqası silah, digəri gecəgörmə cihazı. Elə bu günlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasında 2023-cü il üçün Qarabağ ermənilərinə 2 milyon dollarlıq yardım paketi qəbul olunmadımı? Amerikadan aşkar şəkildə dollar alan terrorçu niyə silahı yerə qoysun ki?! ABŞ 30 ildən çoxdur bu pulları “humanitar yardım” adı ilə yollayır, üst-üstə 2 milyard dollardan artıq vəsait göndərib Qarabağdakı “sarsaq”lara, az qala Ukraynaya ayırdığı yardım qədər! Sonuncu dəfə adını belə qoyublar ki, guya yardım minalardan təmizlənməyə sərf olunacaq.  Mina partlayışından əziyyət çəkən Azərbaycan, pulu mina basdırana verirlər, bu da dünyanın absurd faktlarındandır!  

Ordumuzun nəzarətinə keçən Buzdux dağı (FOTO)

Avqustun 5-də Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə hərbi qulluqçumuz Babək Əliyev ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak oldu! Babək nişanlı idi, toyuna hazırlaşırdı, ABŞ-ın maliyyə ayırdığı erməni quldurlarının basdırdığı mina onun həyatına son qoydu, iki nəslin belini qırdı!

Diqqət edin, Azərbaycan terrorçulara qarşı “Qisas” əməliyyatı keçirəndən, yüksəkliklərə nəzarəti təmin edəndən sonra Avropadan və Amerikadan davamlı zənglər gəlir. Son həftələrdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və ABŞ dövlət katibi Antoni Blinken davamlı şəkildə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edirlər. Sonuncu zəng avqustun 5-də oldu. Bundan əvvəl Blenken 26 iyulda Bakıya telefon açmışdı, Mişel də təqribən o günlərdə zəng etmişdi. Növbəti dəfə Əliyev-Paşinyan görüşünə tədarük görən Mişelin Ermənistana 2,6 milyard avroluq dəstək vədini də unutmamışıq. Bütün bu, şirnikləşdirici vədlər və yardımlardır erməni revanşistləri baş qaldırmağa həvəsləndirən, bunu da bilirik.

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib » www.STIMULXEBER.az

Azərbaycan Prezidentinin qətiyyətli cavabları qürurvericidir. Rəsmi məlumatda deyilir ki, hər iki telefon danışığı zamanı dövlət başçımız üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşmaya əsasən Laçın dəhlizinə alternativ yeni yolun marşrutunun müəyyən edildiyini, Azərbaycan tərəfindən bu yolun inşasının yekunlaşmaq üzrə olduğunu və yolun tikinti işləri bitəndən sonra Rusiya sülhməramlı qüvvələrinin də həmin yola dislokasiya olunacağını bildirib. Yəni geridönüş olmayacaq, gedin, işinizlə məşğul olun, Azərbaycan nə etdiyini hamınızdan yaxşı bilir! Bir də ki, səbrin də həddi var! Şəhidlər veririk, erməni silahlıları rədd olub getmir torpaqlarımızdan, bu, sonsuzluğadək davam edə bilməz!

Dünyanın heç bir ölkəsində terrorçulara “təzə yol çəkmişik, gəlin, cəhənnəm olun, gedin”, demirlər, başına bombaları yağdırırlar, elə olduqları yerdə onlara cəhənnəm əzabı yaşadırlar. Azərbaycansa 44 günlük müharibədən sonra əldə olunan razılaşmaya uyğun olaraq 19 aydır dözür, səbr edir. Bunu qiymətləndirmək, Azərbaycan rəhbərliyinə və xalqına təşəkkür etmək əvəzinə, yenə də zəng-zəng dalınca gəlir və hər birisi əməliyyatları əngəlləməyə çalışırlar.

Dünyanın hansı ölkəsi işğala məruz qaldığı halda, düşmən xalqın nümayəndələri üçün – özü də hələ onların 0,1 faizi belə Azərbaycan vətəndaşlığını qəbul etməyib - alternativ yol çəkər, körpü tikərdi?! Heç biri! Azərbaycan bu qədər böyük humanizm nümayiş etdirərək qısa müddətdə 32 km-lik müasir yol çəkib. Qanunsuz məskunlaşmış ermənilərə deyir ki, rədd olun Laçından, Zabux kəndindən, boşaldın evlərimizi, şələ-şülənizi yığışdırın, gedin! Amma qarşı tərəf bu qədər humanist davranışı qiymətləndirmək əvəzinə, “mənəvi rahatlıq” üçün evlərimizi yandıracaqları ilə hədələyirlər! Həyasızlığın son həddidir, amma yeni deyil, Kəlbəcərin boşaldılması üçün əlavə vaxt verəndə də eyni vandallığı etdilər. Bu mənada ermənilərə 1 sentyabradək vaxt verməyin özü də aşırı humanistlikdir. Dərhal cəhənnəm olmalıdırlar! Laçının üstünə neft səpməyə, kibrit çəkməyə belə, imkan tapa bilməməlidirlər!  1992-ci ildə bəlkə laçınlılara rayonu tərk etmək üçün 1 sentyabradək vaxt vermişdilər? Həmkarımız İmdad Əlizadənin atası rəhmətlik Əli kişi və yaxınları 54 gün düşmən mühasirəsində qaldıqdan sonra bu tərəfə keçə bilmişdilər, təkcə bu fakt yetərlidir.

Rəcəb Tayyib Ərdoğan: Bu gün Azərbaycanla əlaqələrimizin strateji  müttəfiqlik səviyyəsində olması qürur mənbəyimizdir - AZƏRTAC

Baxırıq ki, yenə də qardaş Türkiyə, onun Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğandır Azərbaycanın haqq mövqeyini müdafiə edən. Londonda bayrağımıza və səfirliyimizə qarşı həqarətə qarşı net mövqe qoyan da o oldu. Həmçinin Qarabağla bağlı konkret münasibətini bəyan etdi. Sitat: “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”.

Bu mövqeyi təkrarlayan üçüncü, dördüncü dövlət başçısı varmı? Erməni ABŞ və Avropa üçün nə matah olub ki, onun üçün bu qədər “kontur xərcləyirlər?!”

Azərbaycan Prezidenti dəfələrlə zəng edən rəsmilərə deyib ki, birinci Ermənistan-Azərbaycan müharibəsindən 3890 nəfərdən artıq azərbaycanlının itkin düşüb, Ermənistan tərəfinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, kütləvi məzarlıqların yerləri barədə məlumat verilməyib. İrəvana edilən zənglərdə bir dəfə bu barədə məsələ qaldırmayıblar. Yaxud Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə minaların basdırıldığını və müharibənin başa çatmasından bəri 240 nəfərdən artıq vətəndaşımızın mina partlayışlarında həlak olduğunu və ya sağlamlığını itirdiyini bildirib. Yenə də reaksiya “0”dır. Erməni terrorçularına qarşı tədbir görüləndə isə dərhal hərəkətə keçirlər...

Yeri gəlmişkən, İsrail iki gündür Qəzzaya yağış kimi raketlər yağdırır, həlak olanlar arasında uşaq belə, var. Amma Bakıya zəng edənlərdən kimsə Təl-Əvivə “narahatam” deyə, telefon açmır, hesab edir ki, bu, İsrailin daxili işidir, özünün təhlükəsizliyi üçün atılan addımdır. Uzağı ABŞ müdafiə nazirləri Benni Qantz və Lloyd Ostin arasında telefon danışığı olub, israilli nazir də deyib ki, “İslami Cihad” radikal qruplaşması fəalları Qəzza zolağından İsrailə doğru 40-a yaxın raket atıb, cavabı verilir.Vəssalam!

d227e6ec-7ee3-34f6-b867-8f3366073a4b_850.jpg (72 KB)

Azərbaycana gəldikdə...Ölkəmizin daxilində illərdir minlərlə terrorçu yuva qurub, antiterror koalisiyasının üzvü olan Azərbaycan dövləti bu yuvaları dağıtmaq üçün hərəkətə keçən kimi, erməni havadarlarını qaşınma tutur. Oyunlara son qoyun, tərəfinizi seçin, cənablar, deyin, kiminlə yola davam etmək istəyirsiniz, Azərbaycanla, yoxsa terrorçu Ermənistanla?! Bəlkə Qarabağdakı terrorçularla?.. Utanmayın, açıq deyin!

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR